Üzeyir Hacıbəyli

Tənqid əvəzinə

Kitabları araşdırarkən balaca bir kitab diqqətimi cəlb etdi. Adı "Kəşkül", yaxud nəğmələr məcmuəsi. Came və naşiri "Səfa" məktəbinin müəllimi Cəfər Bünyadzadə.

Deməli, bu kitabça cürbəcür havacat və nəğəmat kitabıdır ki, "milli məktəblərdə də" istifadə oluna bilər.

Bu kitabda haman nəğmələrin ancaq sözləri yazılıbdır. Bəs havaları? Havalarını bilmək və öyrənmək üçün Cəfər Bünyadzadə cənabları yol göstəribdir.

Məsələn, "Mədhi-Rəsulullah", üç dənə marş, "Xitab", "Elmə-tərğib" və sairə və sairə. Bunların havalarını öyrənmək xüsusda müəllif cənabları deyir ki, "havaları məlum olmayan hər nəğməni təlim almaq və ya məktəbdə təlim etdirmək istəyən möhtərəm arxadaşlarımıza məlum edirəm ki, mən haman nəğmələri məccanən təlim etməyə hazıram".

Müəllif əfəndini hava öyrənmək üçün axtarmaq çətin olmasın deyə adresin də yazıb bildiribdir: Bakı, Böyük Çənbərəkənd küçəsi, "Səfa" məktəbində.

Şübhəsizdir ki, müəllif cənablarının bu fədakarlığı şayani-təqdir və təhsindir. Doğrudan da, nəğmələri yığasan, bir kitab qayırasan, havalarını da bilməyənlərə öyrədəsən və pul da almayasan - çox böyük xidmətdir.

Ondan əlavə, bu nəğmələrin havalarını öyrənmək üçün göstərilən yol özü də çox asandır. Bu gün, məsələn, fərz edək ki, Lənkəran məktəbinin müəllimi bu nəğmələrin havalarını öz şagirdlərinə öyrətmək istəyir. Axşam minər paraxoda, səhər olar Bakıda. Sonra fayton tutub, sürdürər Çənbərəkənd küçəsinə, gedər Cəfər Bünyadzadə cənablarını tapar, istədiyi nəğmələrin havalarını ondan təlim alıb öyrənər. Heç pul da verməz. Sonra yenə paraxoda minib, Lənkərana qayıdar və öyrəndiyi hava yolda yadından çıxmamaq üçün yol uzunu oxuyar və sair müsariflərə də ləzzət verər. Həmçinin Gəncə, həmçinin Şirvan, Şəki, Quba, Dərbənd müəllimləri bir-bir, növbə ilə Bakıya gəlib, havaların hamısını Bünyadzadə cənablarından məccanən öyrənərlər və əvəzində müəllif cənablarının ömrünə dualar oxuyarlar ki, dünya durduqca yaşasın, gəlib gedənlərə hava öyrətsin.

Qərəz, hava öyrənmək üçün bu yol bir yol. İkinci yol isə bundan da asandır. Məsələn, "Bəsdir bu qəflət" nəğməsi.

Bilirsinizmi bu nəğmə nə hava üstündədir? "Fərhad və Şirin" operasında ən sevimli bir təranə var-o təranənin havası üstündədir. "Xalqdan ibrət", "Analara xitab", "Vətən əhlinə xitab"-bunlar da hamısı "Fərhad və Şirin" operasındakı havalar üstündədir.

"Fərhad və Şirin" operasının havaları da o qədər məşhurdur ki, onları bilməyən adam tapılmaz. Bu barədə müəllif əfəndinin heç şübhəsi yoxdur və haqqı da var. "Fərhad və Şirin" operasındakı "ən sevimli bir təranəni hər kim bilməsə eybdir".

Bir para nəğmələr dəxi vardır ki, "Leyli və Məcnun" operasının havaları üstündədir. Məsələn, "Marş", "Göz aç, oyan, ey millət". ...Hər bir yerdə məşhur olan "Söylə bir görək, ərəb" havası üstündədir. Ancaq "Söylə bir görək..." havası ilə yazılmış bir "Marş" oxunanda nə sayaq yerimək lazım olduğunu da mütləqa Cəfər Bünyadzadə cənablarının özündən öyrənməlidir. Mən o havanı bilirəm, amma o hava çalınanda yeriyə bilmirəm. Halbuki "Marş" havası yerimək üçün yazılar. Bunu Came və naşir əfəndi özü yaxşı bilər.

Yenə də. Hərgah bir şəxs milli opera əleyhinə olan "Tuti" jurnalını oxuyub operaya qulaq asmağa getməyibdirsə və havalardan xəbəri yoxsa, o halda məcmuənin içində bəzi nəğmələr var ki, toylarda oxunan havalar üstündədir, onu öyrənsin. Məsələn, birisi budur: "Məktəbə get hər səhər, oğlum". O saat məlumdur ki, "Çayda balıq yan gedər, tello" havası üstündədir. Müəllif cənabları da eləcə yazıbdır. Bu nəğmənin adı "Ana nəsihətidir". Ancaq yaxşı olardı ki, müəllif cənabları qeyd edəydi ki, ana oğluna "Tello" havası üstündə nəsihət edərkən çırtıq vurub oynayan atası olmalıdır, yoxsa oğlu. Zənni-acizanəmizcə, çırtığı oğlu vurub da oynayan anası olsa, daha müvafiq olar. Yoxsa, əks surətdə mütrüb oyunu çıxar. "Came və naşir" əfəndi, yəni milli musiqi elmində olan "Tuti" jurnalının müdiri Cəfər Bünyadzadə cənabları "övladi-vətənə xidməti-musiqisini daha da artırmaq üçün bir böyük "qüsurumuzu" da düzəltməyi vəd eləyir və deyir ki: "Toylarda, küçələrdə və bəzi səhnələrdə oxunan bir çox gözəl mahnılar var ki, sözləri ədəb dairəsində olmadıqdan, məktəblərdə və başqa ədəbi məclislərdə oxunmayırlar; iştə bu qüsuru da düzəltməyə bir çox möhtərəm şairlərimiz mənə söz veribdirlər. Haman havalarda milli sözlər qoşub "Kəşkül"ə hədiyyə edəcəklər".

Görünür ki, musiqişünas əfəndimiz övladi-vətənin tərbiyeyi-musiqisini tək bir sözlərin "ədəb dairəsində olmağında" bilib, havanın öz xüsusi təsirini nəzərə almır. Yaxşı da eləyir. hava havadır, nə təfavütü var? İstər sümüyə düşüb oynadan olsun, istər ləhvü-ləəb artıran olsun, istər şəhvətəngiz olsun - zərər yoxdur, təki sözləri "ədəb dairəsində" olsun.

Baqeən Bünyadzadə cənabları "möhtərəm şairlərimizin" köməyi ilə bu qüsurumuzu düzəldib, övladi-vətənə çox böyük "xidmət" göstərmiş olar. Odur ki, özü də allah-təala həzrətlərindən tofiq diləyən kimi, bizim də borcumuz məhz budur ki, ona "tofiq" diləyib, "xidməti-musiqisi"nə təşəkkürlər edək, vəssalam.

Hacıbəyov, Üzeyir. Əsərləri.- Bakı, 1965.- II cild.- S. 245-248.