Üzeyir Hacıbəyli

O yan-bu yan

Birdən fərz elə, Avropada bir məmləkətdə, məsələn, Firəngistanda qəzetələrin hamısı durduğu yerdə bağlandı.
Onda nə olar?
Onda tamam Firəngistan bir-birinə dəyər. Kişi, arvad, uşaq hamısı bir-birinə qarışıb, bir çığır-bağır salarlar ki, qonşular dəli olarlar.
Biri çığırar ki:
- Ay kor oldum!
O birisi:
- Ay kar oldum!
Bir başqası:
- Ay lal oldum!
Banklar qapanar, birjalar sönər, fabrikalar batar, dəmiryol işləməz, paroxodlar dayanar, məclislər pozular, bazar-dükan bağlanar, teatrlar boş qalar - qərəz, zəlzələ olar, tufan qopar, hamı kar olar, kor olar, lal olar. Bəs bizim qəzetələrimiz bağlansa nə olar?
- Heç zad

                                                                                                                                                      Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 122.