Üzeyir Hacıbəyli

Həqiqət Rzayeva. Ölməz əsər

Həqiqət Rzayeva. Ölməz əsər

Böyük bəstəkarımız Üzeyir Hacıbəyovun ölməz sənət əsərlərindən biri olan "Leyli və Məcnun" operası haqqındakı qeydlərimi yazmaq üçün istər-istəməz xatirələr dəftərimi vərəqlədim, xəyalən 1926-27-ci illərə qayıtdım. O zaman mən "Damğa" adlı tənqid-təbliğ teatrında işləyirdim. Cavan idim, yaxşı səsim vardı. Bir gün opera və balet teatrının baş dirijoru, bəstəkar Müslüm Maqomayev məni teatra işləməyə çağırdı. Nə qədər sevindiyimi təsəvvür etmək çətindir.

M. Maqomayev teatrda məni çox mehriban qarşıladı. Bir az söhbət etdikdən sonra pianonun arxasına keçdi. "Çahargah" muğamının "Mənsuriyyə" hissəsinin zil sədaları otağı bürüdü. İşin nə yerdə olduğunu dərhal anladım. M. Maqomayev məni "Mənsuriyyə" sınağından keçirmək istəyirdi. Sınaqdan müvəffəqiyyətlə çıxdım. . .

Opera teatrında ilk rolum M. Maqomayevin "Şah İsmayıl" əsərində Ərəbzəngi oldu. Həmin roldan sonra M. Maqomayev mənə "Ərəbzəngi bacı" deyərdi. Çox keçmədən Üzeyir Hacıbəyovla tanış olduq. O da səsimlə yaxından maraqlandı. Leylini oynamağı məsləhət gördü. "Leyli və Məcnun" operasına dəfələrlə qulaq asmışdım. Özümü Leyli rolunda təsəvvür etmişdim. Lakin elə ki bu arzu həqiqətə çevrilməyə başladı, qarşıdakı işin nə qədər çətin və məsuliyyətli olduğunu bir daha dərk etdim. Ərəbzəngi kimi qəhrəman bir qadın surətindən sonra lirik səpkili Leyli obrazını yaratmaq o qədər də asan deyildi. Lakin ürəklərə yol açan Füzuli poeziyası və insanı valeh edən Üzeyir musiqisi bu çətin yolda mənim gənc ilhamımın qırılmaz qanadları oldu. Mən Leylinin bütün dərdini, kədərini, uğursuz məhəbbətinin müsibətini yaşadım.

Yadımdadır ki, ilk tamaşalardan biri idi. Üzeyir Hacıbəyov lojada oturmuşdu. Mən çətin zəngulələrdən sonra, tamaşaçılar hiss etməsin deyə, ehtiyatla onun oturduğu tərəfə baxdım. O, razılıq əlaməti olaraq yavaşcadan başını tərpətdi. Bu mənim üçün, gənc aktyor üçün böyük mükafat idi.

Leyli ilə dostluğum çox uzun çəkmişdir. Ən yaxşı çıxışlarım, təbii ki, Respublikanın Xalq artistləri Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov və Əlövsət Sadıqovla olmuşdur. Belə bir əsərdə dönə-dönə iştirak etdiyim üçün özümü xoşbəxt sayıram.

Azərbaycan xalq musiqisinin əsasları.- Bakı, 2019.- S. 318-319.