Qəti təkzib
"Zaqafqaziya" qəzetinin 137-ci nömrəsində "Tərəqqi" qəzetinin taleyi" ünvanında təəssüfamiz bir məqalə yazılıb, deyilir ki, "təkidli şayiələr davam edir ki, "Tərəqqi" qəzeti bağlanacaqdır. "Tərəqqi"nin müdiri Əhməd bəy Ağayev İstanbula getdikdən sonra bu şayiələr daha artıq təkid ilə eşidilməkdədir. Hərçənd bir məsəl var ki, "hər eşitdiyinə inanma", amma digər tərəfdən bir məsəl də var ki, "odsuz duman (tüstü) olmaz".
Bu sözlərdən sonra məqalədə müsəlman qəzetindən və müsəlman qəzetçilərindən bəhs edib deyir ki, "Tərəqqi" qəzeti bütün Qafqazda müsəlmanlardan ötrü ən lazım və müsəlman məişətinə dair bütün məsələlərə cavab verən ən vahid bir qəzetdir. Ona görə də bağlanması bütün Qafqaz müsəlmanları üçün böyük bir zərər ola bilər ki, o zərəri heç bir şeylə qaytarmaq mümkün olmaz... Şübhəsizdir ki, qəzetin bağlanaçaq xəbəri əsilsiz deyildir".
Əvvəlan, "Zaqafqazye"də bu məqaləni yazan H. M.-zov cənablarına təşəkkür edib "Tərəqqi" qəzetinin xeyirxahı olduğunu təqdir etməklə bərabər, "Tərəqqi" qəzetinin bağlanacağı "şübhəsiz" olduğunu haradan bildiyinə təəccüb edirik. Rica olunur ki, H. M.-zov cənabları bu barədə bizə bir məlumat versin.
Saniyən, bütün qarelərimizə və "Tərəqqi" xahlarına qəti surətdə elan edirik ki, "Tərəqqi" bağlanmayacaq. Bu barədə dövran edən şayiələrin fitnə və provokasiyadan başqa heç bir əsli və əsası yoxdur. Belə şayiələri qəsdən buraxırlar ki, "Tərəqqi"nin gün-gündən artmaqda olan oxucu və müştərilərini həvəsdən salıb, onların ədədlərini azaltsınlar. "Tərəqqi" qəzeti bağlanmayacaqdır. Naşirimiz Murtuza Muxtarov cənablarının "Tərəqqi" qəzetinin bir bu qədər məxaric və məsarifinə dözüb də nəşrinə davam etməyindən yalnız məqsədi Qafqaz əhalisini qəzetsiz qoymamaqdır. Başqa bir məqsəd yoxdur.
Aləmi-islamın belə bir əhəmiyyətli zamanında ki, bütün müsəlmanlar xabi-qəflətdən baş qalxızıb tərəqqiyə üz çevirməkdədirlər - belə bir zamanda "Tərəqqi" bağlanmaz. Bu əsrin, bu anın əhəmiyyəti-əziməsini naşirimiz də, müdirimiz də və bütün heyəti-təhririyyəmiz də çox gözəl anlayır. Müdirimiz Əhməd bəy Ağayev cənabları isə öz müdirliyində davam etməkdədir. Onun İstanbulda bulunması qəzetimiz üçün daha böyük bir şərəfdir, zira müdirimiz aləmi-islamın fəxri olan təzə Türkiyənin mərkəzində bulunub da öz qəzetinə ən əhəmiyyətli məqalələr yazmaqla qəzetimizin şan və şöhrətini daha da artırır. Yaxşısı budur ki, "Zakavkazye" qəzeti elə şayiələrə inanmasın.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 120.
