Əgri yol
Gəncə türk müəllimləri ittifaqı tərəfindən maarif nəzarətinə qarşı şikayət və tətili təmdid məzmunlu bir teleqram alındığını qəzetələrdə oxuduq.
Müəllimlər ittifaqı maarif nəzarətindən şikayət edirlər ki, sair "nəzarətlər öz məmurlarının maaşının artdığı halda, maarif nəzarəti bu xüsusda heç bir iş görmiyub", müəllimlərin halına yanmır. Buna görə Gəncə türk müəllimlər ittifaqı nəzarətin bu tövr "müamiləsinə" qarşı protesto olmaq üzrə üç günlük tətil elan edibdir.
Müəllimlərin baxüsus xəlq müəllimlərinin məvacib azlığı xüsusunda iki rəy ola bilməz. Müəllimlər məvacibi indiki məişət şəraitinə görə o qədər azdır ki, o az pul ilə güzəran etmək dedikcə çətin bir əmrdir. Məsələn, xalq müəllimlərinin məvacibi olan dörd yüz otuz beş manata nəinki külfətdar və ailə sahibi olan bir müəllim, hətta subay adamlar da dolana bilməzlər. Halbuki təlim və tərbiyə kimi olduqca ağır və məsuliyyətli bir vəzifə ilə mükəlləf olan müəllim bu vəzifəsini layiqincə ifa edə bilmək üçun məişət qayğısı kimi əngəl və mümaniətlərdən bilkülliyə asudə olmalıdır. Asudə olmazsa, şübhəsiz, ifayi-vəzifə yolunda yoxsulluq qayğılarına düçar olub da hər dəfə dayanmaq və bu qayğıları rəf etmək üçun vəzifə xaricində işlər görmək məcburiyyətində olar. Bu isə bir gündə gedilə bilən yolu on gün təxirə salar.
Çox az müəllim tapılar ki, özünü və ailəsinin ac və ənva ehtiyac içində olduğu, əmrə göz yumub da bütün diqqətini məhz ifayi-vəzifə üçün münhəsir edə. Zatən öylə bir müəllim olsa da onun bu hərəkəti ailə sahibligi nöqteyi-nəzərindən şayani-təhsin ədd edilə bilməz. Çünki hər kəs özünün və baxüsus ailəsinin murəffəhülhal dolanması xüsusində çalışıb qeydkeş olmalıdır.
Müəllim məvacibinin azlığı bir çox müəllimləri və hətta müqtədirlərini öz vəzifəsindən əl çəkib də başqa "kəsb" dalınca getməgə vadar etdigindən müəllimə möhtac olduğumuz bu zamanda müəllim azlığı çəkirik. Vaqiən əgər işlər boylə gedərsə bir az çəkməz ki, böyük müharibənin cürbəcür tühəf nəticələri qəbulundan ədd edilən və hər yerə yayıldığı kimi bizim aramızda dəxi "hakimiyyət" edən "alver", daha doğrusu, "ispekulyas" həvəsi ümum-müəllimlərə də sirayət etmək üçün musaid bir şərt bulunub müəllimlərimizi bilkülliyyə əlimizdən alar.
Lakin müəllimlərimizin məvacib azlığını iqrar və maaşlarının artırılmaq lüzumunu etiraf etməklə bərabər Gəncə müəllimlər ittifaqının maaş artırmaq haqqında ibraz etdikləri hərəkəti, yəni protest və tətil təmdidi əməllərini heç də xoşluya bilmərik.
Zənnimizcə zabastovka işi müəllimlər sinfinə yaraşan hərəkətlərdən degildir.
Müəllim ilə maarif nəzarətinin münasibəti, fələ ilə sahibkar münasibəti kimi ola bilməz və müəllimlik işi dəxi çərx işlətmək degildir. Müəllimlər dövlətimizin maarifi yolunda çalışmaq vəzifəsini mükəlləf olan maarif nəzarətinin əzalarıdırlar. Burada "zəhmət və kapital" mübarizəsi yoxdur. Ola bilsin ki, bu gün maarif nəzarətində nəinki yalnız bir müəllimlərin, bəlkə nazirin özündən tutmuş başqa məmurların dəxi məvacibi azlıq edir. Bu nöqteyi-nəzərdən müəllimlər tətili fələ tətilinin sahibkarın cibinə verdigi zərər və heysiyyatına vurduğu əsər qüvvətində olmayıb, ancaq bir siyasi və bir də pedaqoji cəhətcə istiqlalımıza qarşı sui-təsirlər buraxa bilər ki, bunu da müəllimlərimiz başa düşmək istəmədigi halda kim istər?
Siyasi cəhətinə gəlincə bunu deməliyik ki, fələ sinfi iqtisadi tətil və zabastovka elan edərkən, bu tətil həman iqtisadi rəngdə baqi qalır. Halbuki türk müəllimlərimiz ittifaqı bu gunə iqtisadi tətilə mübaşir olarlarsa bunun nəticəsi başqa olar. Tətil işi iqtisadi rəngdən dönüb siyasi rəngdə nəticələr törədə bilər. Bu gün türk müəllimlər ittifaqı, yarin türk məmurlar ittifaqı və o biri gün başqa bir türk təşkilatı iqtisadi də olsa tətillər yapmağa başlarsa, axırda məmləkətimizdə intizamsızlıq və "demuralizatsiya" əmələ gəlib anarşi halına qədər sürünərik. Və bir də Azərbaycana qarşı bədxah olanların cürbəcür iqtisadi və siyasi tətil və zabastovkaları bizi o qədər təciz edibdir ki, ruhumuz boylə inciyibdir. Odur ki, türk müəllimlərinin tətil etməyi əminik ki, yalnız bədxahlarımız tərəfindən məmnuniyyətlə və razılıqla qarşılana bilər.
Pedaqoji cəhətincə dəxi bu tətilin heç bir müəllimin istəməməgi lazım gələn sui-təsirlər bəxş edəcəgi aşkardır. Müəllimlərin tətili mütəəllimlərə fəna surətdə əsər edər, şagirdanın əxlaqını pozar. Mütəəllim öz müəllimini adi şəxslər cümləsindən hesab etmiyor. Ona ruhani və müqəddəs bir ata nəzəriylə baxır. Əgər bu ata məvacib azlığına görə "küsüb" məktəbi boşlarsa, o halda onun ruhanilik nüfuz və heysiyyəti mütəəllimin nəzərindən düşər, müqəddəs ehtiram aradan götürülər, əlavə müəllim məvacibi azlığında hər kəsin günahı varsa, hər halda hamıdan günahsız şagirdlərdirlər. Oylə olan surətdə tətil əməlinin sui-təsiri nədən ötəri bilavasitə bu günahsızlar üzərində olsun! Təlim işi onsuz da bu il intizamsız bir surətdə icra edilir. Əgər bu intizamsızlıq bir də müəllimlər tətili ilə bərkiyirsə, o halda deməli, bu ilin təlim işi heç!
Bunlar hamısı keçəndən sonra Gəncə türk müəllimlər ittifaqının maarif nəzarətimizi ətalət və qeydsizlikdə ittiham etməsi haqsızdır. Orası doğru degildir ki, "sair nəzarətlər öz məmurlarının maaş artırılması əmri haqqında çalışarkən maarif nəzarəti çalışmiyor". Bizə məlum olduğu üzrə, maarif nəzarəti, maarif müfəttişləri yığıncağı günündən bəridir ki, müəllimlər maaşı artırılması xüsusində böyük bir qanun layihəsi hazırlamaqdadır ki, o qanun layihəsi əgər nazirlər şurasından və parlamandan keçərsə, müəllimlər halının yaxşı olmasına çox təfavüt edib, məişətlərini yüngülləşdirər. Zənn edirəm maarif nəzarətində bu xüsusda qanun layihəsi hazırlandığı fəqərəsi Gəncə müəllimlərinə dəxi məlumdur. Çünki bu xüsusda onlara degilibdir. Boylə olan surətdə birdən-birə tətil elanının və maarif nəzarətinə qarşı şiddətli bir lisanla protesto yapmağın başqa mənasını anlaya bilmirik. Hər halda müəllimlər ittifaqı maaş artırmaq tələblərini zabastovkalar ilə keçirmək istəyəcəksə istiqlaliyyətimiz nöqteyi- nəzərindən əgri yollar ilə getmək qəsdində olduğunu bildirəcəkdir. Bu isə arzu edilməyən hallardandır.
Maarif nəzarətinin yalnız bir işinə heyifsilənmək gəlir ki, bu layihəni tezlik ilə düzəldə bilməyibdir ki, müəllimlər vaxtında maaşları artırılmaqla şikayət etməgə məcbur olmasınlar. Lakin maarif nəzarəti işlərindən dürüst xəbərimiz olduğuna görə, biz ona heyifsilənməyirik ki, nəzarətin işləri ətalətlə keçir. Bəlkə heyifsilənməgimiz işin çoxluğuna və vaxtın azlığınadır.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 139-141.
