Üzeyir Hacıbəyli

Hökumət və millət

Bəşəriyyətin tarixinə, tarixi-tərəqqi və təkamülünə bir nəzər atarsaq və hökumət ilə millət arasında törənmiş və getdikcə təqviyə tapmış münasibatına diqqət yetirərsək, bunu müşahidə edərik ki, millət və hökumətin bu münasibatı üç dövrə bölünür.

Ən əvvəllərdə, demək olar ki, hökumət yox idi, onu icad edən millətin özü oldu, həmrəy və həmrahlıqda dolanmağın vifaq və ittifaq ilə iş görməyin mənfəətini və gözəlliyini anlayacaq dərəcə ağıl və kamala malik olmayan millət özünün onun üçün rəhbər ola bilən və onu idarə edə bilən bir başçıya möhtac olduğunu görüb, öz arasından bir hakim seçdi. Daha doğrusu, hakim özü seçildi və bununla hökumətin əsası qurulub, getdikcə müntəzəm və qəvi bir şəklə girdi.

Ən əvvəl, hökumətin ixtiyaratı bir o qədər vaee olmayıb, millətin hər bir xüsusda və hər bir surətdə işə iştirak etməsilə məhdud idi. O vaxtlar hökumətə, özgə nəzərlə dəxi baxılırdı. Hökumət dəxi öz vəzifəsini özgə cürə anlayırdı. Millət hökuməti öz arasında vaqe olan mübarizat və mücadilati-daxiliyyəni rəf edə bilən bir hökm və gözətçi bilirdi. Ümuri-idarəyə qalırsa, bu babda da hökumət millətə, nəinki millət hökumətə köməkçi idi.

Lakin sonralarda müruri-zaman ilə hökumətin əvvəlki şəkli təğyir tapıb, millət getdikcə hökumətə hər bir işlərdə tabe olmağa məcbur oldu. Hökumət isə millət üstündə hökmfərma olmağa başlayıb, bir zaman yetişdi ki, milləti özünə qul və nökər edib, özü də hakimi-mütləq oldu və getdikcə, iş o yerə çatdı ki, hökumət öz əvvəlki həkəmlik və gözətçi və pasibanlıq vəzifəsini bilmərrə yaddan çıxardıb, öz millətini təzyiqə başladı. Və bundan naşi olaraq, millətin öz içində cürbəcür siniflər, silklər və ayrılıqlar törənib, hamısı hökumət əlində müztərr qaldılar. Orta əsrlərdə hökumət mütləqiyyəti və millət übudiyyəti son dərəcələrədək varıb, hər bir yerdə hökm sürmək və hökmə tabe olmaq qanunu bərpa oldu. Tərəqqi və təkamülü də layiqincə bərpa olan millətlər əlan haman qanuna tabe olub yaşamaqdadırlar.

Əgər ülum və fünunca tərəqqi olmasaydı, allah bilir ki, millətlərin hökumət əlində halı necə ola bilərdi? Lakin millətli hökumət mütləqiyyətindən xilas edən tərəqqi və təkamül oldu. Bunların bərəkəti sayəsində millət ağıl və kamal qazanıb, məişətin gözəl yollarını tanıdı və tanıyıb da ən əvvəl özünü hökumət çəngalından qurtarmağa səy etdi.

Tərəqqi və təkamülün parlaq bir dövrünə çatmış olan Yevropa millətləri hökumətlə millət mübarizəsindən ibarət olan "inqilab"ın ibtidasını qoydular və mübarizələrdə qanlar töküb və canlar fəda etməklə, mütləqiyyətə talib oldular. Və hökumətin ixtiyaratını məhdud edib, ümuri-idareyi-məmləkətdə onu özlərinə köməkçi etmədilərsə də, fəqət özləri ona köməkçi, həm də nazir oldular.

Əlan bizim bu Rusiyada vaqe olan inqilab dəxi rus milləti və rus hökuməti arasında iki min ildən bəri davam, edən münasibatın üçüncü və axırıncı dövrüdür ki, burada millətin qalib olacağı şübhəsizdir.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 77-78.