Üzeyir Hacıbəyli

“Sevgili Canan” romans - qəzəli

                                                 

Üzeyir Hacıbəyov ikinci romans-qəzəli olan “Sevgili Canan” vokal musiqisini 1943-ci ildə Nizami Gəncəvinin sözləri üçün bəstələmişdir. Bu əsər Nizami Gəncəvinin 800 illik yübileyi münasibət ilə yazılmışdır. Qəzəli Azərbaycan dilinə Mirvari Dilbazi tərcümə etmişdir.

Məlumdur ki, qəzəl yaxın şərq xalqlarının, xüsusilə Azərbaycan, İran, ərəb, türk, özbək, tacik və sair xalqların poeziyasında geniş yayılmış, aşiqanə mövzulu, həcmcə böyük olmayan poetik bir formadır. Qəzəl janrı Azərbaycan ədəbiyyatının, eləcə də musiqimizin ən kütləvi janrlarından olmuşdur. Ədəbi qəzəllər yazılı şəkildə bizə gəlib çatdığı halda, musiqili qəzəllərə aid məlumatımız məhduddur.

“Sevgili canan” əsərinin musiqi-poetik əlaqələri qəzəl janrının əruz vəzninin həzəc bəhri ilə bərabər səsləşməkdədir. Poetik mətnin məzmunu, obraz dairəsi sevgi ilə, aşiqin öz sevgilisinə yalvarması ilə, onu bürüyən hissləri ilə bağlıdır.

Üzeyir Hacıbəyli ədəbi və musiqi formalarının vəhdəti ənənəsindən, qəzəlin musiqi ilə üzvi bağlılığı ənənəsindən yaradıcı surətdə istifadə etmişdir. Məqalələrin birində bəstəkaı ın özü musiqili qəzəl haqqında belə yazırdı: “Qəzəl Şərq poeziyası formalarından olub, lirik məzmun daşımalıdır. “Qəzəllər” Azərbaycan poeziyasında son dərəcə geniş yayılmışdır. Çox vaxt qəzəllərin mətnindən Azərbaycan məqamlarında vokal improvizasiya üçün istifadə olunur. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsində Azərbaycan bəstəkarları onun məşhur qəzəllərinə musiqi yazmışlar. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq musiqili qəzəllərin, artıq improvizasiya şəklində deyil, inkişaf etmiş melodiya şəklində olan, müvafiq ladlarda yazılan və Avropa romansları janrına yaxınlaşan yeni bir forması meydana gəlmişdir.”

Bütövlükdə “Sevgili canan” aşiqin sevgilisinə müraciətidir. Bəstəkar bu müraciət əhval-ruhiyyəsini, “müraciət” intonasiyasını kiçik melodik dönmə vasitəsilə ifadə edir. Ü.Hacıbəyli bu vokal miniatürlərində sözlə musiqinin intonasiya birliyinə, vəhdətinə həssaslıqla yanaşmışdır. Müəllifin yüksək sənətkarlığı ondadır ki, o, “Sevgili canan”da nitqi, danışığı, yüksək səviyyədə işləyərək, onları musiqi dilinə çevirməyi incə ustalıqla bacarmışdır.

Sevgili canan" romanslarının ilk ifaçısı görkəmli vokalçı və pedaqoq, SSRİ Xalq artisti, professor Bülbül olub. Sonra bu romansları böyük sənətkarımız Rəşid Behbudov və Müslüm Maqomayev, Alim Qasımov özünəməxsus lirizmlə ifa ediblər.

Qəzəl-romansın ilk ifaçısı Bülbül olmuşdur. Romans ilk dəfə Bakıda 1944 ildə nəşr edilmişdir. Romans simfonik, xalq çalğı alətləri və estrada orkestrlərinin müşayiəti ilə ifa olunur. 

 

Hüsnün gözəl ayətləri, Ey sevgili canan!

Olmuş bütün aləmdə Sənin şəninə şayan.

Gəl eylə nəvaziş, mənə ver busə ləbindən

Çünki gözəlin busəsidir Aşiqə ehsan.

Sordum ki könül hardadı, aldım bu cavabı

Gəl sorma, tapılmaz, onu axtarsa da insan...

Rəhm eylə deyib, sel kimi, göz yaşımı tökdüm

Gəl qanım ilə oynama, ey afəti - dövran.

İnsafın əgər var isə, söylə bu Nizami

Sənlə necə rəftar eləsin, ey mahi-taban?!