Məcburi qərardad haqqında
Bakı müstəhkəm dairəsinin hərbi general-qubernatoru, general-mayor Murad Gəray (Dilxas) həzrətlərinin məcburi qərardadı ki, paytaxtımızı artıq adamlardan təxliyyə etməyə dairdir. Əhali arasında, daha doğrusu, yabançılar miyanında bir çox köftigulara, yanlış təfsilələrə və hətta müftanə təhrikatə səbəbiyyət verib mühəlli mətbuat səhifələrinə dəxi keçibdir.
Təəccüb işdir! Məhz bu qərardada qarşı protesto edənlərin sanki heç bir şeydən xəbərləri yoxmuş və boylə bir qərardadı birinci dəfə olaraq Azərbaycanda eşidib başqa məmləkətlərdə və sair dövlətlərdə dəxi mövcud olduğundan xəbərdar deyilmişlər...
Halbuki boylə bir qərardadın ən adi və əlalümya cari bir tədbirdir ki, iftizai-zəmana görə hər məmləkətdə və hər bir şəhərdə mövqeyi-icariyyə qoyulmaqla həyata tətbiq edilər.
Bu adi tədbiri icab edən keyfiyyət zamanın fövqəladəliyidir. Əgər zaman fövqəladə bir halda olmasa idi, şübhəsiz ki, boylə bir qərardad dəxi sadir olmazdı və olsa idi, bizim dəxi istiqraimizi mucib ola bilərdi.
Və halonki bir tərəfdən ərzaq müşkülatı, bahalıq artması, son dərəcəyə varmış olan ev və mənzil böhranı və bunlardan dolayi hər bir həyasızlığı ötmüş ehtikarçılıq hərsi, digər tərəfdən şəhərimizin yabançı bədxahlarla dolması və bu üzdən hər bir cəsusluq üçün müsaid şərait təşkili, əlavə oğurluq, soyğunçuluq və sairə cinayət irtikabi boylə bir məcburi qərardadı filhəqiqə məcbur edib tətbiq və icrasını naçar və vacib bilibdir.
Ona görə boylə bir vacibül-icra qərardada qarşı protest edənlər və bundan məmnun olmayanlar o adamlardırlar ki, onlardan ötrü şəhərimizin müşkül halı və ya başqa xətərləri ürəklərini heç bir əndişəyə salmayır və başlarına heç bir qayğı fikirləri gətirməyir...
Sabiq Rusiya millətləri arasında mədəniyyət, zəka və istedadca ən aşağı hesab edilənlər Azərbaycan türkləri əsarət altından qurtarıb da istiqlaliyyətə nail olduqdan sonra nizam və qaydaca, əmnü-asayişcə, hətta eyş və istirahətcə kənardan baxanların qibtəsinə mucib olan bir dövlət təşkili ilə haqlarında mövcud olan fikir və zənnin nə qədər yanlış və nə qədər fahiş bir xəta olduğunu isbat etdilər. Mədəniyyət zəka və istedadın əsl sahibi kim olduğunu siyasi və dövləti bir istedadi-ibraz ilə bütün aləmə bildirdilər. “Mədəniyyət, istedad və zəka sahibi” ədd edilənlərin dürüşt, cahil və layiqsiz idarəsi altında viranə və xarabazara döndərilməkdə olan vətənlərini ləyaqətsiz əllərdən istirdad etdikdən sonra, layiqli və yaraşıqlı əllərinə alıb da hüsni-idarələri sayəsində viran ikən abad etdilər, nizam və qayda qoydular, əmnü-asayiş bərpasına çalışdılar və əlhasil burasını bir istirahət məkanı yapdılar.
İştə bu istirahət məkanından məhrum edilmək, buradan çıxmaq, cənnətdən qovulmaq mənzələsində olduğundan bir çoxlarının xoşuna gəlmiyor.
Fəqət məlumdur ki, “buğda yeməyənlər cənnətdən qovulmazlar” və hər kəs qovulacaqsa, “buğda yediginə görə” olacaqdır. Doğrudur, bizim cənnətimizdə buğda yemək məmnu deyildir, fəqət buğdamızı yeyib də üzümüzə xorlanmaq və buğdasını yedigi ağacın kökünə balta vurmaq bundan sonra məmnu olduğundan boylə naşükürləri və cənnət əhli olmayanları cənnətimizdən kənar etmək lazım gələcəkdir.
Bakı ilə əlaqədar olan azərbaycanlılar buraya gəlib də, özləri üçün öz paytaxtlarında sükunət etmək üçün mənzil bulamıyorlar, ondan ötrü ki, bütun mənzil və evlərimizi yabançılar işğal edib, hələ işğal etdikləri bəs degil ki, bu yolda bir mənfəət dəxi qazanmaq üçün ehtikarçılığa irtikabla mənzil böhranı əmələ gətirirlər.
Hökumət öz məmurlarını yerləşdirmək üçün nə mənzil tapır, nə məkan. Hamısı özgələrində, mənzil kirayəsi göyün üzünə qaldırıldığından gözünü yalnız məvacibinə dikmiş olan məmur çöllərdə qalmağa və ya it yatmaz daxmalarda məskən etməyə məcbur olur. Halbuki saraylar kimi imarətlər boylə adamların əlindədir ki, nə azərbaycanlıdır, nə də Azərbaycana bir köməklik mənfəəti vardır.
Şəhərimizə gətirilən azuqə bu qədər qarnı doydurmağa kifayət etməyir, çünki Azərbaycan təbəəsindən əlavə bir də bizim heç də xeyirxahımız olmayan yabançıları devirmək lazım gəlirmiş. Azərbaycan füqərayi-kasibəsi hesabına yemlənməkdə olan boylə yabançıların bir zərurət məqamında, zərərləri olmasa da əl-ayağa dolaşmaqdan başqa özgə bir mənfəətləri olmaz. Bahalıq üzündən soyğunçuluq, oğurluq və sair cinayətlərin artması da təbii bir haldır.
Əlavə paytəxtimizə bilaehtiyat hər kəsi buraxmaq səhlənkarlığındandır ki, oğurluq və quldurluğu özlərinə peşə və sənət ixtiyar etmiş “aferist” dəstələri dəxi burasını özləri üçün bir saheyi-cinayət intixab edib öz əməllərilə nə qədər ziyan və zərər verməkdən əlavə əhalimizin əxlaqını dəxi pozmağa bais olurlar. Polis məmurlarımızdan zəifül-məzaclarının rüşvətxorluq əməllərinə irtikab etməyi dəxi əksər ovqat bu qəbil yabançıların təşviq və təhrikilə vaqe olur.
Başımız üzərində düşmən durduğu halda şəhərimizdə hər bir qeyri-məsul işsiz-gücsüzlərin sorulurca mövcud olduğu dəxi dövlət mühafizəsi nöqteyi-nəzərindən heç bir halda caiz ola bilməz. Bu üzdən şəhərimizin yabançılardan boşaldılması əmrinin bahalıq və sairdən əlavə bir dərəcəyə qədər hərbi mənası dəxi yox deyildir.
Gürcü hökuməti tərəfindən dəxi Gürcüstan paytəxtinin yabançı ünsürlərdən təxliyyəsi həqqında bizimki kimi bir əmrnamə sadir olmuşdur və biz bu əmrə qarşı gürcü qəzetələrində hələ ki heç bir protest görmədik və gördüklərimiz, biləks, bu əmrin icrasını təmamilə tətbiq etmək tələbindən bulunan məqalələrdir. Boylə bir qayda nəinki Azərbaycan və Gürcüstanda, bəlkə hər yerdə tətbiq edilir ki, bizim protestoçularımız bunu bizdən yaxşı bilməlidirlər.
Arzumuz budur ki, hökumətimiz bu məcburi qərardadı lazımınca tətbiq edib, bu yolda vüqui-mümkün ola bilən müvəssəf hadisələrə və bir də sui-istemalata heç bir vəchlə yol verməsin və boylə olmasın ki, lazım olan adamlar kənar edilib də lazım olmayanları qalsın. Bu əmr hər bir sui-istemalat üçün bir mənbə təşkil edə bilər və səhlənkarlıq nəticəsi olaraq dövlət üçün intizar edilən mənfəətlər hasil olub da əbəs yerə təkdir və xidmət sahibi ola bilərik. Zəif və əlsiz-ayaqsız yabançılar polis əmrlərinə müvafiqət edib də şəhərimizdən xaric olarlar və olub da getdikləri məmləkətdə “bizi Azərbaycandan qovdular” deyə səs-küy salmağla bizi pis qələmə verirlər. Halbuki belələrindən ən zərərliləri olan zirək və diribaşlıları bu qərardadın hökmündən çıxmaq üçün min cür hiylə və xüdələrə təvəssül edib burada qalar və müzürr əməllərinə dəvam edərlər. Beləliklə, mənfəət əvəzinə zərər sahibi olarıq.
Ümidvarıq ki, hökumət işin bu cəhətini nəzəri-etinayə alıb da bu mühüm əmrin icrasında böyük bir diqqət və ehtiyat göstərməyi xüsusi fərziyat qəbilindən ədd edəcəkdir.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 276-279.
