Təəssüflər olsun (II)
Hərgah millətlərin tərəqqisini, yəni qabağa getməsini ölçə bilən bir ölçü olsa idi və o ölçü ilə müsəlman millətinin qabağa getməsi ölçülsə idi, onda məlum olardı ki, biz bir addım qabağa, iki addım dala, dörd addım qabağa, üç addım dala, iki addım dala, beş addım qabağa eləyə-eləyə qabağa gedirik.
Bir kəlmə, biz təzə yerimək öyrənən uşağa oxşayırıq ki, bir addım atıb sonra yıxılır; durub bir addım daha atır, amma ayaqları bir-birinə dolaşıb yenə yıxılır, yenə durur, addım atır, bədəni ağırlıq edib yıxılır, durur və i. a...
Uşağın bu cürə yıxıla-dura getməsinə səbəb nədir?
Məlumdur ki, onu yeridən əzaların cismani qüvvətsizliyidir.
Yaxşı, bəs bizim bu cürə-bir dala, bir qabağa addım atıb yıxıla-dura "qabağa getməyimizin" səbəbi nədir?
Onun da səbəbi bizi qabağa aparan əzaların, yəni iş başında duranlarımızın qüvvətsizliyidir. Amma bizim əzalarımızın qüvvətsizliyi cismani qüvvətsizlik deyildir, yəni əzalarımız çolaq, şil və şikəst deyildirlər. Onların qüvvətsizliyi mənəvi qüvvətsizlikdir!
Mənəvi də qüvvətsizlik budur:
Səmimiyyət, yəni cani-dildən işə girişməklik yox! Fəaliyyət, yəni oyaq və ciddü cəhd ilə iş görmək yox, hamısından bədtər mətanəti-qəlb, yəni cürət, ürəklilik yox, həvəs yox, şövq yox, arzu yox...
Vallah, mən bilmirəm ki, bu əzalarımız öz xüsusi işlərində nə tövrdürlər. Amma onu bilirəm ki, millət işinə qalanda, bunların hamısı mənəvi qüvvətsizdirlər ki, rusca buna besxarakternost deyirlər. Türkcəsinin dürüstlüyünü bilmirəm. Burada da bizim əzalarımızı balaca uşaqlara oxşatmaq olar.
Görürsən ki, bir balaca uşaq anasının qucağından yerə düşüb bir qədər gedir, birdən qabağında bir pişik görüb, tez qayıdıb qaçır anasının qucağına, sonra düşüb bir də gedir. Bu səfər də bir ayrı şeydən, məsələn, öz kölgəsindən qorxub, yenə qayıdıb qaçır anasının qucağına.
Bizim əzalarımız da öhdələrinə götürdükləri bir işi o qədər aparırlar ki, nə qədər bu iş özbaşına gedə bilər. Amma elə ki, işin qabağına bir balaca əngəl çıxır və burada işi aparmaq üçün əngəli itələmək lazım gəlir, o halda əzalarımızın əli-ayağı boşalıb, işdən əl götürməyi məsləhət bilirlər. İş dəxi "Ördək, balıq və xərçəng"in çəkdikləri araba kimi hamança yerində qalır...
Bu bir!
İkinciyə qalan yerdə, bizim bir dərdimiz də budur ki, bəzi adamlarımız elə bir işin dalınca gedirlər ki, o işin nədən ibarət olduğunu özləri də bilmirlər və binaənileyh, gördükləri işdən heç bir səmərə hasil olmur.
"Ördək, balıq və xərçəng" hekayətini yazan rus ədibi Krılov bir ayrı hekayəsinin başında bu sözləri yazır:
"Əgər başmaqçı durub bulka çörəyi bişirə və bulkaçı da başlayıb başmaq tikə, bu cürə işdən əziyyətdən başqa heç zad çıxmaz".
Bizim "bulka çörəyi" bişirmək istəyən "başmaqçılarımızın" və "başmaq" tikmək istəyən "bulkaçılarımızın" əsl məqsədinə baxsan, doğrudan da, "bulka" bişirmək və "başmaq" tikmək deyil. Bəs nədir?!
Özlərini göstərmək!
Bəli!.. Yuxarıda zikr elədiyim Krılov cənabları belə bir hekayə dəxi yazıbdır:
Günlərin bir günü ayı, meymun, keçi və bir də eşşək bir musiqi məclisi düzəltmək istəyiblər. Biri əlinə tar, biri saz, biri zurna və biri dəf alıb başlayıblar çalmaqa. Amma görüblər ki, səs-küydən başqa heç zad çıxmır və çaldıqları havacat heç kəsin sümüyünə düşmür. Deyiblər ki, yəqin pis oturmuşuq, kəlin yerimizi dəyişək. Durub yerlərini dəyişiblər, çifayda, çaldıqlarından yenə heç bir zad çıxmayıbdır. Görüblər ki, bir bülbül uçur, haman dəm durub bülbülə yalvarıbdılar ki, ay bülbül, sən allah, bir bizi başa sal görək nə tövr oturaq ki, bizim çaldığımızdan bir şey çıxsın.
Bülbül də gülüb deyibdir ki, canım, siz musiqişünas deyilsiniz. Binaənileyh nə tövr otursanız, lap mil dursanız, çalğınızdan heç zad çıxmaz.
Əlbəttə, çox yaxşı olardı ki, bizim də haman adamlarımız bir iş görən bülbülü gördükdə ona məsləhət edəydilər. Lakin heyhat!.. Çünki bizim haman adamlarımızın məqsədi iş görmək olmayıb, özlərini göstərməkdir. Ona görə də iş bilən bülbülü gördükdə hoy-huy salıb, daş atırlar ki, bülbül qaçsın.
İş bilən "bülbül"ümüzdə də o cürət, o ürək yoxdur ki, bunların hərəsinin başına bir qapaz salıb deyə: Durun belə! Yazıq camaatı damaq eləməyin!
Odur ki, deyiblər: Bülbülümüzdə həvəs yox, qarğamızda səs.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 106-108.
