Halımız
Ənvai-əqsam işlərimizə diqqət yetirdikdə bu işlərdə zahir olan halətlərimizi nəzərə aldıqda, insanda belə bir etiqad hasil olur ki, biz hələ öz-özümüzü, öz mövcudiyyətimizi və öz mövqeyimizi dürüst anlamamışıq. Biz nəyik, nə haldayıq, hansı mövqeyi işqal etməkdəyik - bunlar hamısı bizim üçün hələ qaranlıqdır. Hər ağızdan eşidilən "millətimiz cahildir, bacarıqsızdır, müsəlmanlardan bir şey çıxmaz" kimi sözlərin ağız sahiblərini bir yerə yığsan, elə bir əksəriyyət hasil olar ki, gendən baxan o əksəriyyətin belə "ahu-zarına" istinadən camaatımızı bədbinlər cərgəsindən ədd edər. Yəni elə zənn edər ki, biz öz-özümüzü tərəqqiyə sövq etmək yolunda çox da çalışıb, çox vuruşub, lakin heç bir şey çıxarmadığını və bundan sonra da çıxmayacağını anlayıb, məyus olmuşuq və bədbinlər cərgəsinə girmişik.
Lakin bizim başqa bir əksəriyyət dəxi vardır ki, bunu təşkil edən əzalar yuxarıdakı sözləri söyləmirlər. Heç bir halımızdan şaki dəyillər və "ahu-nalə" də etmirlər. Bu əksəriyyətin də əfal və hərəkatına istinadən, gendən baxanlar bizi nikbinlərdən ədd edərlər. Yəni o şəxslərdən hesab edərlər ki, gələcəkdən heç də qorxmurlar və çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər.
Fəqət əsl mətləb burasıdır ki, bizlər nə bədbinlərdənik, nə də nikbinlərdən. Zatən biz bədbinlik və nikbinlik nə olduğunu da bilmirik. Bir hissəmizin də halımızdan şikayət etməsi bədbinlik əlaməti dəyildir, bəlkə boş-boşuna vayıldamaqdır. Uşaq ağlamağıdır. Digər hissəmizin də nikbinanə davranması qeydsizlik və yaxud qəflət əlamətidir. Hal-hazırda biz bir ailənin balaca əzalarına bənzəyirik. Yəni uşaq kimi bir haldayıq, Uşaq bir ailə nə olduğunu nədən anlaya bilər? Ailənin xeyir və zərəri nədə olduğunu mülahizəyə ala bilərmi? Uşaqdan ötrü hər bir şey qızıl rəngində görünür. Uşaqdan ötrü keçmiş yaxşı imiş, indiki hal daha yaxşıdır, və gələcək də yaxşı olacaqdır. Ailələrinin həqiqətən nə halda olduğunu, digər ailələr arasında hankı mövqeyi işğal etdiyini, özgələrin bunlar ilə olan münasibatı və ailənin gələcəyi - bunlar hamısı uşaqdan ötrü məchuldur. Zatən o xüsuslarda fikir etmək belə uşağın xəyalına gəlmir. Çünki bu cürə nöqtələri anlayacaq hiss və düşünəcək ağıl hələ nəşvü nüma edilmiyibdir. Amma elə ki, uşaq böyüməyə başlayır, təcrübə sahibi olur, əqli artır, o halda ailə nə olduğunu düşünür. Öz ailələri ilə digər ailələr arasında mövcud olan hüdudu gözü seçir. Ailəsini digər ailələrə nisbətən hankı mövqeyi işğal etdiyini anlayır. Sonra ailələrinin gələcək qeydini çəkməyə də başlayır...
Bu gün bizim millətimizi təşkil edən camaatın əksəri haman ailə cocuqları halındadırlar. Onlar bizim halətimizi aydın və aşkar surətdə təsəvvürlərinə gətirə bilmirlər, hankı mövqedə olduğumuzu seçmir və hansı mövqeyə keçmək lazım olduğunu da düşünməyə qadir dəyillər.
Odur ki, hər bir əfal və hərəkətlərin də ümumi millət mənafeyi nöqteyi-nəzərindən faydasızdır.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 154-155.
