Üzeyir Hacıbəyli

Azərbaycanda musiqi tərəqqisi: (Maarif komissarı yoldaş Mustafa Quliyevin məruzəsi münasibətilə)

Teatrların və musiqi məktəblərinin açılmaq və fəaliyyətə başlamaq mövsümü yetişmiş olduğu bir zamanda, maarif işləri başında duran bir yoldaşın teatr və musiqi tərəqqisi yolları haqqındakı nəzərlərini bilmək bu müəssisələrin rəhbərliyini edən və başqa əlaqədar olan şəxslər üçün nə qədər böyük bir əhəmiyyəti haiz idi!

Buna görədir ki, yoldaş Quliyevin istər teatr, istərsə musiqi haqqındakı məruzələri bir çoxlarını məruzəyə cəlb edib huş və guş ilə dinləmələrinə səbəb oldu.

Əvvəla, burasını qeyd etməliyik ki, yoldaş Quliyev teatrın və musiqinin maarif və ictimai işlərdə nə qədər böyük bir amil olduğunu layiqincə dərk edərək bu iki sənətə böyük bir əhəmiyyət verir və bunların sağlam və doğru bir yol ilə tərəqqi etmələri haqqında istər elmi, istər ictimai və istərsə siyasi cəhətcə müəyyən bir nəzər və etiqada malik olduğunu bildirir.

Yoldaş Mustafa Quliyevin musiqiyə aid amal qayəsi belədir:

Azərbaycanda sağlam və fərəhli olmaq üzrə inqilabi və ictimai yeni bir musiqi həyatı təşkil etmək.

Bunun üçün bu əmələ qarşı mümaniətlər törədə bilən mühafizəkaranə hal və vəqəələrlə, yenilik qəbul etməyən qanun və qaydalarla mübarizə edib yeni həyata doğru cığırlar açmaq lazım gəlir.

Məruzədə edilən bəhslərin başlıcaları bunlar idi:

Musiqi sistemi; türk operaları; el mahnıları və musiqi təhsili.

Musiqi sisteminə gəldikdə burasını qeyd etməliyik ki, Avropa musiqisində mövcud olan tonlar iki növdür: Tam ton və yarım ton. Onlarda üçdə bir və dörddə bir ton yoxdur. "Qamma"ları dəxi bu növdür:

Do—Re —arası tam ton
Re—Mi "—"
Mi—Fa — yarım ton
Fa—Sol — tam ton
Sol—lya "—" 
Lya—Si "—" 
Si—do—yarım ton

Araları tam ton olan sədaların ortalarında yarımtonlu digər bir səda dəxi mövcud olduğu halda, araları yarımton olan sədaların ortalarından başqa bir səda ola bilməz. Məsələn "Do" ilə "Re" ortasında, ki araları bir tondur, "Do-diyez" və ya başqa bir ad ilə "Re-bemol" sədası mövcuddur. Halbuki "Mi" ilə "Fa" ortasında, ki araları yarım tondur, başqa bir səda yoxdur.

Əlhasil, Avropa sistemində yarım tondan əskik ton yoxdur. Ona görə onların bir "oktav"ı, yəni məsələn, "Do"dan o biri "Do"-ya və "Re"dən o biri "Re"yə kimi on iki yarım ton təşkil edir.

Şərq musiqi sistemində isə belə deyildir. Zatən qədim zamanlarda Avropanın özündə dəxi belə deyildi. Məsələn, qədimlərdə Avropa yarım ton iki nov imiş, birinə "böyük yarım ton" və o birinə də "kiçik yarım ton" deyərlərmiş, belə ki, "Do" ilə "Do-diyez", sədaları kiçik yarım ton adlandığı halda, "Do" ilə "Re-bemol" böyük yarım ton hesab edilirmiş.

Sonralar, tədriclə "Temperasiya" deyilən bir üsul ilə bu yarımtonlar bir əndazəyə gətirilib təsviyə edilmişdir. Odur ki, bu gün "Do-diyez" ilə "Re-bemol" ikisi də bir- birinin eyni olan bir sədadırlar.

"Temperasiya" üsulu təqribən iki yüz il bundan əvvəl tətbiq edilmişdir.

Şərq musiqisi sistemi isə "Temperasiya" edilməmiş olduğuna görə, onun "Diyezləri" ilə "Bemolları" arasında təfavüt vardır.

Digər sözlə, Şərq musiqisinin sədaları arasında yarım tondan da əskik tonlar mövcuddur. Məsələn, üçdə bir ton, dorddə bir ton.

Qədim Ərəb-İran musiqi sistemində bir "oktav"da on yeddi ton varmış. Bunun belə olması qəribədir. Çünki dörddə bir ton hesabı ilə "oktav"da iyirmi dörd və üçdə bir ton hesabı ilə doqquz ton olmalı idi. Bugünkü Azərbaycan tarında oktavı bir telin (simin) üzərində görsək, on yeddi ton əmələ gələr, əgər oktavı iki tel üzərində hesab etsək, on doqquz ton mövcud olduğunu görərik. Digər tərəfdən, yenə eyni oktavı tarın başqa bir yerindən götürsək, on üç ton əmələ gələr və yenə o oktavı bir ayrı yerdən götürsək, on iki ton çıxar!

Bundan belə görünür ki, bizim musiqimizdə müəyyən bir sistem yoxdur. Başqa sözlə, bizim musiqi sistemi "Temperasiya" edilməmişdir. Sədalarımızın münasibətləri müxtəlifdir. Belə ki, bir yerdə "Re" ilə "Mi" arasında üç ton vardır; digər bir yerdə "Re" ilə "Mi" arasında iki ton vardır və i. a.

Bəs buna görə də yoldaş Quliyev təklif edir ki, belə bir qeyri-müəyyən və ibtidai sistemdən əl çəkib, Avropanın "Temperasiya" edilmiş olan on iki tonluq sistemini qəbul edək.

Bu sistemi gözəlcəsinə göstərən alətdən ən başlıcası pianodur. Buradan bir sual meydana çıxır.

Şərq havalarını pianoda çalmaq mümkündürmü? Əgər mümkün isə o halda mübahisəyə yer qalmır.

Şərq havalarını piano vasitəsilə çalarkən belə bir şeylər müşahidə edirik: Segah və segah kökündə olan mahnıların "qərar" tonu piano ilə düz gəlməz. Məsələn, əsas ton "Do" olarsa, segahın "qərar" tonu "mi" və "mi"dən ikincisi ilə (sağ tərəfə) "fa"dan sonra gələn "mi" Şərq havalarına öyrənmiş qulaq üçün pis təsir edir və qulaq tələb edir ki, bütün, yəni "mi" bir az bəm olsun. Pianoda "mi"dən bəm olan səs "Mi-bemol"dur. Bu isə segaha qətiyyən yaraşmaz. Belə olan surətdə segah düz çıxmaq üçün "mi" ilə "Mi-bemol" arasında bir ton dəxi olmalı idi. Halbuki pianoda elə bir şey yoxdur.

Və habelə "Mi-minor"da Bayatı-İsfahan və bu kökdə olan mahnıları çaldıqda qərar ton olmaq üçün nə "Do" yaraşır, nə də "Do-diyez". İkisinin arasında bir ton olması dəxi tələb edilir. Pianoda isə "Do" ilə "Do-diyez" arasında başqa bir ton yoxdur.

Və yenə çahargahın əsası və üçüncü və müxalifinin də birinci tonları piano ilə müvafiq gəlmir....

Fəqət yenə də bundan belə görünməsin ki, pianoda Şərq havaları çalmaq olmaz! Əvvəla, burasına diqqət yetirməlidir ki, Şərq musiqisini Avropa musiqisindən təşxis edən əlamətlər heç də üçdə bir və ya dörddə bir tonlar deyildir. Ortada mövcud olan belə bir nəzər başdan-başa səhvdir.

Halbuki Avropa musiqisini Şərq musiqisindən təfriq edən əlamətlərin başlıcaları bunlardır:

Bir (kök,
İki (hava,
Uç (vəzn,

Kökə gəldikdə avropalıların əsas kökü belədir.

Do, Re, Mi, Fa, Sol, Lya, Si. Şərq musiqisi kökü isə bu cürdür; Do, Re, Mi, Fa, Sol, Lya, Si-bemol. Yəni avropalıların əsas kökləri iki ədəd bir-birinə müsavi olan münfəsil (ayrılı) "tetraxod"dan əmələ gəldiyi halda, bizim əsas kökümüz iki ədəd bir-birinə müsavi olan müttəsil (bitişik) "tetraxod"dan əmələ gəlir.

Belə ki, Avropadakı bu no ilədir:

Bir (Do, Re, Mi, Fa,
İki (Sol, Lya, Si, Do, 
Bizdəki isə belədir: 
Bir (Do, Re, Mi, Fa. 
İki (Fa, Sol, Lya, Si-bemol.

Deməli, bizdə birinci "tetraxod"un axırı, ikinci "tetraxord"un ibtidasıdır.

Bu, bir mühüm fərq.

Ondan başqa bizim "tetraxord"larımız "xalis kvarta"lar və "xalis kvinta"lar ilə qurulduğu halda, avropalıların "tetraxord"ları "artırılmış kvarta" və "əksilmiş kvinta"lar əmələ gətirir. Belə ki, avropalılarda: "fa-si "artırılmış kvarta" və Si-fa isə "əksilmiş kvinta"dır. Bizdə isə fa-si —bemol "xalis kvarta" və si-bemol-fa "xalis kvinta"dır.

Bu, ikinci fərq.

Üçüncü mühüm fərq dəxi budur ki, bu günkü Avropa musiqisinin biri "major" və o biri "minor" olmaqla iki qammaları olduğu halda, bizim major və minordan əlavə başqa köklərimiz dəxi vardır ki, Avropanın orta əsr musiqi ladlarına bənzəyən "qamma"lar kimidirlər.

Hava işinə gəldikdə, musiqiyə cüzi də olsa əhəmiyyət verənlərin hamısına aydındır ki, bizim havalarımız heç də Avropa havalarına bənzəməz.

Bunun da əsil səbəbi odur ki, bizim havalarımız, baxüsus, dəstgah havalarımız "Tessitura" deyilən bir kiçik dairədə hərəkət etdiyi halda, avropalıların havaları, baxüsus, "ariya"larında sərbəst surətdə aşağı-yuxarı atılıb gəzişir və bu no ilə bizim qulağımıza qərib və anlaşılmaz gəlir.

Bizdə bir çox təsnif və el mahnıları vardır ki, onların havaları yalnız üç tonun kombinasiyasından əmələ gəlir. Avropalılarda isə belə hava gülüncdür.

Qərəz, bizlər hava ixtira edərkən tonlarımızı böyük bir qənaət və hətta xəsislik ilə işlətməkdə olduğumuz halda, avropalılar buna əks olaraq, tonlar işlətməkdə payansız bir israf göstərirlər.

O ki qaldı vəznə, bizim dəstgah musiqimiz kimi bəhrsiz musiqimiz mövcud olduğu surətdə, avropalılarda belə bir musiqi yoxdur, bu fərq özü kifayətdir.

Əlhasil, Şərq musiqisini Qərb musiqisindən ayıran şeylər ümdəcə bunlardır. Nəinki üçdə bir və dörddə bir tonlar ki, onların nə dərəcədə vacib olmadığını pianonun Şərq musiqarları arasında müvəffəqiyyət ilə istehmal olduğunu isbat edir.

Bəs belə görünür ki, yoldaş Quliyevin Avropa sistemini qəbul etmək təklifi tamamilə həyata keçsə də, bundan Şərq musiqisinin əsas cəhətləri heç də rəxnədar olmaz və Şərq musiqisi yenə də şərqiliyində baiqi qalar.

* * *

Türk operası. Yoldaş Quliyev məruzəsində məsələni türk operasına çevirib söylədi ki, bu günkü mövcud türk operaları məzmunca əsrə müvafiq deyildilər. Bu operalar inqilab dövründə böyüməkdə olan nəslə bədii bir qida verə bilməzlər, çünki mövcud operalarda inqilabi vaqiələrin əksi yoxdur. Məzmunları köhnə feodal həyatdan götürülmüş nağıllardır. Ondan əlavə mövcud operalarımız opera musiqisi cəhətindən dəxi zəifdirlər.

Quliyev yoldaş bir tərəfdən bu məsələdə haqlıdır. Mövcud operalarımızın aşiqanə, dindaranə və qədimnüma məzmunu ilə bu günkü ictimai və inqilabi həyatın arasında heç bir rabitə görünmür. Fəqət, bununla belə iyirmi sənə bundan qabaq meydana gəlmiş türk opera və operattalarının şahidi olduğumuz böyük inqilabın vüquu üçün zəmin və müvafiq şərait təşkil edən vəsait arasında inqilabi, ictimai və mədəni mövqe və xidmətlərini inkar etmək olmaz.

Pəncərələri taxtalanmış evlərin qaranlıq küncündə cəhalət qurbanı olan türk qadınının emansipatsiyası yolunda türk opera və operettaları azmı xidmətlər gördülər?

Dürüşt, qaba və pozğun əxlaqlı erkəklərin islahi-təhzib əxlaqlarına azmı təsir etdilər?

Türk operaları dini fanatizmə qarşı böyük bir mübarizə meydanı açmadımı?

İl uzunu ahu nəvaya və ağlamağa adət etmiş olan xalqı bir az da olsa gülərüzlə və yeni həyatlı edən türk opera və operettaları deyildimi?

Nəhayət, türk opera və operettalarının mədəni bir amil olmaq üzrə ifa etməkdə olduğu vəzifələrini unutmaqmı olar?

Tək-tək götürüb baxsaq görərik ki, türk opera və operettalarının hərəsinin öz-özlüyündə inqilabi, ictimai və mədəni vəzifəsi inkar qəbul etməyən bir həqiqətdir.

"Leyli və Məcnun", "Aşıq Qərib" və "Arşın mal alan" cahil valideynin öz balalarının gələcək ailəvi həyatlarını korlayan hərəkətlərinə qarşı etirazdır.

"Ər və arvad" çadraya qarşı birinci mübarizədir.
"Şah İsmayıl" müstəbid hökmdarları dizin-dizin süründürən inqilabcuyanə bir məzmundur.
"Əsli və Kərəm" iki millət arasında sülh və səlamət ibqasına vasitə ola bilən bir hekayədir.
"Şah Abbas" odunçuluq ilə yaşayan bir kəndli qızının ağıl və dərrakəsinin şahlarınkından daha artıq olduğunu göstərən ibratəmiz bir əsərdir.
"O olmasın bu olsun"a gəldikidə bu operetta məzmunca bugünkü yaşadığımız inqilabi yeni həyata o qədər yaxındır ki, guya bugünkü gün üçün yazılmış təbliği bir ədəbiyyat cümləsindəndir, çünki ümummənfi tiplərin həmin hamısı bu pyesdə mövcud olub, bütün bəd əməlləri gülünc bir surətdə meydana qoyur.

Digər tərəfdən yoldaş Quliyev tərəfindən arzu olan və bugünkü yeni həyatın tələbatına tamamilə müvafiq gələn opera türk operaları içində mövcud olmayan kimi qeyri-türk operaları içində dəxi mövcud deyildir. Məsələn„ gürcü, erməni, ukrayna və hətta rus operaları içində dəxi yeni inqilabi həyatımızı cüzi də olsa təsvir edə bilən heç bir opera yoxdur. Mövcud operalarda qiyməti-musiqiyyədən başqa digər bir ideya axtarmaq əbəs zəhmətdir. Həmçinin bu kimi operalar teatr səhnələrindən düşmür və düşməsini də istəyənlər yoxdur.

Əlbəttə, yoldaş Quliyevin yeni həyata müvafiq yeni operalar yazılmasını tələb etməkdə tamamilə haqlı olduğunu iqrar edib burasını qeyd edirik ki, yüzlərcə qabil və mahir bəstəkarlara malik olan rus musiqisi bu böyük və qiymətli vəzifəsini bu günə qədər ifa etməmiş olduğu halda, bir cift bir tək musiqi həvəskarı olan Azərbaycandan inqilabi musiqi yaradıcılığı tələb etmək hələ tezdir. Zatən elə böyük bir əsər yazılmaq üzrədir və onu yazanlar inqilabla doğulmuş, inqilabla ruhlanmış, inqilabla tərbiyələnmiş və inqilabi metodlardan təlim almış olan cavan bəstəkarlardır ki, bu gün musiqi təhsillərini ikmal ikən baş və qəlbləri o gələcək böyük əsər ilə məşğuldur. Bu gənc bəstəkarların Azərbaycan Darülmusiqisindən dəxi çıxacaqlarına biz əminik. Əlavə buna dəxi əminik ki, mövcud Azərbaycan bəstəkarları az olsalar da, hər gün səhər saat doqquzdan ta gecə saat on ikiyə qədər ictimai və pedaqoji musiqi vəzifələrinin ifasına məcbur olmasaydılar, onlar da bu əzim hünər meydanında öz güclərini sınamaq istərdilər!

Bəstəkar Qlierə tapşırılmış olan "Şah Sənəm" operasına gəldikdə, onun məzmununun dəxi bugünkü yeni həyatımıza müvafiq olmadığını yoldaş Quliyev öz məruzəsində qeyd etdi. Qiyməti-musiqiyyəsi haqqında, madam ki, bu opera hələ tamamilə mövqeyi-tamaşaya qoyulmamışdır, indidən danışmaq yersizdir. Şübhəsiz, günlərin birində bu operanı səhnədə görmək mümkün olacaqdır. Bu xüsusdakı mübahisə də o zamana qalmalıdır.

Mövcud türk operalarının qiymət və ləyaqəti-musiqiyyələrinə gəlincə iqrar etməliyik ki, bu operalar karlı bir islaha möhtacdırlar. Əvvəla, bu, operaları "şəbehlik" halından çıxarıb Avropa operası tipinə yaxınlaşdırmalıdır. Buna görə oxunan dəstgah parçalarına ariya forması verməlidir və saniyən, tarı tamamilə baş vəzifədən götürüb bu vəzifəni orkestra verməlidir. Tar isə orkestr içində lazım olan yerdə xalq musiqi aləti sənətilə təsirli "efer"lər verə bilər.

Bu sayaqla bizim operalarımız zahiri surətini dəyişib şəbehlikdən çıxar və Avropa operası formasına girər. Əslində isə məzmun və musiqicə Azərbaycan türk və Şərq operası sənətində baqi qalar.

Hər halda yoldaş Quliyevin operalarımızı tənqid etməsində bizi məmnun edəcək bir hal var ki, o da türk operalarının mədəni əhəmiyyətini iqrar ilə tərəqqisini tələb və arzu etməkdir. Bu tənqid ilə inqilabdan əvvəl eşitdiyimiz tənqidlər arasında göy və yer qədər təfavüt vardır. O vaxt türkcə danışmağı özləri üçün "ayıb" bilən, türk qəzetlərini ələ almağı "ar" hesab edən bir para "abrazovannı" adamlarımız türk operalarını dəxi bir "biabırçılıq" deyə tənqid edib ləğv edilməsini istəyirdilər. Avropa musiqisindən cüzi də olsa ,bir şey anlamayan bu şəxslər öz "intelligent" olmaqlarını göstərmək üçün, rus opera teatrının ən qiymətli lojalarında oturub əsnəməyi özləri üçün ar hesab etməyib, türk operasına "bezobraziya" deyə əskik göz ilə baxardılar. Türk operalarının zühuru Azərbaycan xalqı arasında mədəni bir hadisə, tərəqqiyə tərəf dərin bir meyl əlaməti olduğunu başa düşə bilməyən bu çürük fikirlər, əlbəttə, başqa cür "tənqid" yolu bilməzdilər.

Bu gün eşitdiyimiz tənqid isə Azərbaycan xalq maarifinə vasitə ola bilən hər bir mədəni təşəbbüsə rəvac və tərəqqi vermək və bu təşəbbüsləri inqilabi yollara salıb sağlam bir ruh ilə yürümək arzusunda olan bir Yoldaşın mülahizələri idi ki, türk və qeyri-türk musiqi xadimləri tərəfindən dərin bir diqqət və etina ilə dinlənib, hər kəsdə böyük bir təsir buraxdı.

El mahnıları. Quliyev yoldaşın el mahnılarının əhəmiyyət və qiyməti haqqındakı görüşü Azərbaycanda musiqi tərəqqisi tərəfdarı olanları son dərəcə sevindirəcək bir görüşdür. Quliyev yoldaş Azərbaycan musiqi xadimlərini, əz cümlə ali musiqi məktəbini Azərbaycan el mahnıları xüsusunda heç bir təşəbbüsdə bulunmamaları cəhətcə haqlı olaraq məzəmmət etdi.

İş bundadır, bu gün bizim musiqi və musiqi ədəbiyyatı naminə hər nəyimiz varsa, o da bizim el mahnılarımızdır. Bunlardan başqa həmin heç bir şeyimiz yoxdur. El mahnılarımız bizim musiqi sərvətimiz və musiqi mənbəyimizdir. Fəqət biz hələ bu sərvət və mənbədən layiqincə istifadə edə bilməmişik.

Azərbaycan xalqı həmin sənə bir iki el mahnısı yaradıb meydana atır. Bu mahnılar ağızdan ağıza düşüb şəhərləri, kəndləri gəzib dolaşır, sonra "köhnəlib", "moddan çıxır" və nəhayət, tamamilə unudulub itir və məhv olur. Bu nöilə yüzlərcə qiymətli el mahnılarımız itib batmışdır. Bununla belə hal-hazırda mövcud olan və yadlarda qalan el mahnılarımızı yığıb cəmləsək, yenə də yüzlərcə havalarımızı unudulmaq təhlükəsindən xilas edə bilərik. Əlavə hər sənə yeni çıxan mahnıları səbt və zəbt etmək adətini qəbul etsək, musiqi sərvətimiz ildən-ilə çoxalıb artar.

Bu sərvətdən nə tövr istifadə edə bilərik?

Əvvəla, bu mahnıların etnoqrafik əhəmiyyətini kənara qoyub da yalnız musiqi cəhətincə nə kimi tərəqqilərə və inkişafa çata bilməmizi müxtəsər də olsa söyləyək:

1) Azərbaycan Şərq musiqisinin əsaslarını bu mahnıların təhlili yolu ilə təyin edib musiqimiz haqqında elmi nəzəriyyələr və qanunlar qurmaq və avropalıların musiqi nəzəriyyəsi dedikləri elmi kitablar meydana gətirib, gələcək bəstəkarlarımızı bunun ilə indidən öyrətmək. Burası unudulmasın ki, Avropanın dəxi bu gün mövcud olan o zəngin musiqi kitabları əsl el mahnılarının təhlili yolu ilə əmələ gəlməyə başlayıb, sonra get-gedə tərəqqi etmişdir və minlərcə ustad kompozitorları musiqi elminə öyrətmişdir.

2) Bu mahnılardan münasiblərini seçib musiqi məktəblərimiz üçün çalğı "repertuarı" hazırlamaq. Burasını bilməliyik ki, musiqi məktəbi müdavimləri olan türk balaları çalğı dərslərini yalnız Avropa musiqi "repertuarı" ilə öyrənir. Əlbəttə, şagirddən çalğı texnikasını artıran və tərəqqi etdirən Avropa "etüd" və "eksersis" (məşq)lərinə sözümüz yoxdur. Fəqət "pyes" məsələsinə gəldikdə deməliyik ki, əsil musiqi bunların çalğısından hasil olur, nə qədər o pyesi şagird özü başa düşüb anlarsa, bir o qədər onun xoşuna gələr və xoşuna gəldiyi üçün çalğısını şövq və həvəslə öyrənər. Halbuki şagird anlamadığı havalardan və hiss edə bilmədiyi musiqidən çox vaxt bezib öyrənmək belə istəmir. Bu isə dərsin gedişini pozub təhsilə mane olur. Ona görə Avropa pyeslərinə bir neçə dənə öz mahnılarımızdan düzəlmiş olan Şərq "pyes"ləri dəxi qatsaq, şagirdlərimizi həvəsləndirib təhsil işini yüngülləşdirərik.

3) Yenə də el mahnılarımızın münasiblərini seçib "xor" havaları düzəltməklə musiqinin ümumi xalq arasında intişarına və ünsiyyətinə ciddi vasitə olan xorlar təşkili üçün material hazırlamış olarıq. Bugünkü klublarda və başqa mədəni evlərdə rus xorlarından başqa ayrı xorlar eşitmirik, səbəbi də odur di, xor havalarımız yoxdur ki, öyrədənlər ondan istifadə edə bilsinlər. Hələ ümummaarif məktəblərimizdə dəxi xor namına layiq heç bir musiqimiz yoxdur. Yoldaş Quliyev öz məruzəsində xorun əhəmiyyətini qeyd etməyi unutmayıb musiqarların diqqətini bu cəhətə cəlb etdi. Xor kollektiv bir musiqi olduğundan ictimai əhəmiyyəti böyükdür.

4) Nəhayət, el mahnılarımız gələcəkdə operalar yazanlarımız üçün musiqicə ən gözəl mövzular təşkil edə bilər. Ustad bəstəkarlarımız bu mahnılarımızdan istifadə edib bədii zövqə müvafiq, elmi əsaslara müstəid gözəl operalar yarada bilərlər. Rusların məşhur bəstəkarlarından Qlinka, Rimski-Korsakov və Çaykovskinin operaları hamısı el mahnıları üzərində yazılmışdır ki, bu da daim rus xalqının zövqünə qida verir.

Azərbaycan mahnılarının əhəmiyyəti zənn edirəm ki, yalnız musiqi elminə aid istifadələrə münhəsir qalmayıb başqa elmi əsərlər üçün dəxi mövzu ola bilər; məsələn, etnoqrafik, tarixi, psixoloji və sairə bu kimi elmlərə aid bəhs və müzakirələr üçün də zəmin təşkil edə bilər.

Azərbaycan el mahnılarını cəm etmək işinə gəldikdə bu xüsusda bizdə indiyə kimi çox az iş görülübdür və görülən işlər də bundan ibarətdir ki, bir neçə sənə bundan qabaq musiqi professorlarından biri el mahnılarını yığmaq üçün maarif komissarlığı tərəfindən Qarabağa göndərilmişdi. Bu əzimət nəticəsi olaraq, bir neçə ədəd el mahnısı çap edildi ki, məzkur professor tərəfindən yazılıb "harmonizə" edilmişdi. Mahnılar meydana çıxdıqdan sonra əvvəla, əbəs yerə Qarabağa gedildiyi və saniyən, boylə ümumi işin nahaq yerə bir nəfərə həvalə edildiyi aşkar oldu.

Əlavə, yenə iki sənə bundan qabaq baş siyasi maarif idarəsinin təşəbbüsilə Hacıbəyovlar tərəfindən iyirmi ədəd el mahnıları yığılıb "harmonizə" edilmiş və xüsusi komisyon tərəfindən də baxılıb qəbul olunmuşdu; fəqət bu mahnılar indiyə qədər çap edilməyib baş siyasi maarif idarəsində əlyazması olaraq qalmışdır.

Zənnimcə, bu mühüm işi mürəttəb və mükəmməl bir surətdə aparmaq üçün ali musiqi məktəbi nəzdində xüsusi bir komisyon təşkil edilməlidir. Bu komisyonun işi bir tərəfdən, el mahnılarını yığmaq və digər tərəfdən, yığılan mahnılar üzərində laboratoriya əməliyyatı icra etməkdən ibarət olmalıdır. Məncə, arzu edilən bu təriq ilə hasil edilə bilər.

Musiqi təhsili - Eşitdiyimiz məruzədən boylə anlaşıldı ki, yoldaş Quliyev yalnız Avropa musiqisi təhsilinin tərəfdarıdır. Şərq musiqi təhsili lüzumuna aid məruzədə bir şey yoxdu. Yalnız bunu bildik ki, Quliyev yoldaş şəxsən [tar] təhsilinin tərəfdarı deyildir və hətta tarın xalq musiqisi aləti cümləsindən olduğuna da inanmır.

Zənn edirəm ki, yoldaş Quliyev tarın xalq musiqisi alətindən biri olduğunu iqrar etsə idi, yenə tar təhsilini şəxsən lüzumsuz edəcək idi. İş bundadır ki, başqa millətlərin, məsələn, rus, alman, firəng və sairələrinin dəxi bir xeyli xalq musiqi alətləri vardır. Bununla belə bu alət və sazların çalğısı musiqi məktəblərində təhsil olunmur. Çalğıları öyrənilən alət yalnız piano və əlavə orkestrdə mövcud olan instrumentlərdir. Məsələn, vialon, violonçel, klarnet, fleyta, trumba və sairə; daha gitara, mondalina, qusli, dombra və bu kimi xalq musiqi alətləri musiqi məktəbləri daxilində təhsil edilməz. Boylə olan surətdə bizə nə düşübdür ki, tar, saz, zurna və balabanlarımızı konservatoriya proqramına daxil edib tədrisini tələb edək.

Əlbəttə, əgər bir musiqi təhsilindən ibarət yalnız Avropa musiqisini hesab etsə idik, biz də yoldaş Quliyev ilə bərabər tar təhsilinin lüzumsuz bir şey olduğunu iqrar edib ləğv tərəfdarı olardıq.

Fəqət bu xüsusda bizim fikrimiz boylədir ki, Avropa musiqisindən əlavə bir də Şərq musiqisi vardır və biz azərbaycanlılar özümüz Şərq əhlindən olduğumuza görə musiqi təhsili işində Şərq musiqisinə qarşı laqeyd qalarsaq, öz mədəni vəzifəmizi kamalınca ifa etməmiş olarıq. Tar isə Şərq musiqisi təhsilini genişləndirə bilən alətdən ən qiymətlisi, ən mühümüdür. Yoldaş Quliyev zənn etməsin ki, tar təhsilini konservatoriya proqramına daxil etməklə gələcək üçün sazandalar hazırlanması nəzərdə tutulur. Musiqi məktəbi tara yalnız elmi cəhətdən yanaşır və onu Şərq musiqisinin əsası olan muğamatın kəşf və şərhi üçün elmi bir alət sifəti ilə öz proqramına daxil edir. Tarda musiqi məktəbi daxilində "ənzəli" kimi küçə diringələri çalğısı təhsil edilmir, bəlkə müəyyən proqram üzrə muğamat tədris edilməklə. Avropa musiqi əsasından qeyri olan Şərq musiqi əsasları şagirdlər üçün şərh və bəyan olunur. Əz cümlə tarı not üzrə çalmaq mümkün olduğundan tarçı şagird tam bir musiqi təhsili görmüş olur.

Hər halda yoldaş Quliyev tar haqqında öz şəxsi fikrini söyləyib, mübahisəli olan bu məsələnin qəti həllini musiqarlara həvalə etməyə mail olduğunu bildirdi ki, ən gözəli də budur. Bununla belə yoldaş Quliyevin tar haqqındakı rəyi boylə bir xeyr işə müncər oldu ki, şərqi qina (xanəndəlik) kimi heç bir elmi, fənni və bədii mənası olmayan dərslər musiqi məktəbi proqramından silinsin.

Yuxarıda bəhs edilən məsələlərdən əlavə yoldaş Quliyev öz məruzəsində Türk musiqi texnikumu ilə Azərbaycan konservatoriyasının birləşməsi və Şərq orkestri məsələsi haqqında da öz fikir və nəzərini söylədi. Bu mühum məsələlərin şərhi xüsusi məqalələrə möhtac olduğundan onları və musiqi təhsili məsələsinin təfsilatını gələn nömrələrə saxlayırıq.

Ümumiyyətlə, burasını qeyd etmək lazımdır ki, yoldaş Mustafa Quliyevin məruzəsi Bakı musiqi xadimlərinə böyük bir təsir buraxdı. Müxtəlif və bərəks yollara dağılmış olan fikirlər üçün müəyyən və məqsədə yaxınlaşdıran bir vahid yol göstərilməklə fikirlər bir çox mühüm məsələlər üzərində birləşdirildi. Pozulmuş orkestrə müəyyən bir "ton" verilib sazlaşdırıldı. Ümid edirik ki, bundan sonra musiqi xadimlərinin Azərbaycanda musiqi tərəqqisinə aid olan xidmətləri bir-birinə saz və müvafiq gəlib məruzədə göstərilən bir yol üzrə davam etdiriləcəkdir.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 194-204.