Ordan-burdan
Rus qəzetələri bir o qədər Vitte - Dumovo - deyə bağırıb, bu iki dövlətçiləri bir hökmdar yerində qoydular ki, axırda Vitte ilə Durnovo arasında birdən-birə pozğunluq peyda oldu. Vitte rəfiqi (bəlkə də rəqibi) Dumovodan küsübdür. Lakin bu küsməni bir vəchlə örtüb, özünü sındırmamaqdan ötrü (böyük adamlara küsmək yaraşmaz) daha qocalmışam - deyə məmuriyyətini tərk etmək istəyir. Dumovo isə - o da sədr əzəm Vittedən küsübdür. Amma bu, küsməyini gizlətmək deyil, aşkar etmək üçün vəzirlər məclisinə gəlməyib, at minib Peterburqun küçələrində ora-bura çapırmış... Deməli, bu da vəzirlərə məxsus bir zabastovka (tətildir) ki, sairlərə qadağandır.
* * *
Zabastovka dedim xatirimə bir fəqərə düşdü. Birisi realni məktəbi şagirdlərindən sorurdu:
- Heç bu məktəbə getmişdin?
- Bir iki dəfə getmişdim!
- Bəs sair vaxt nə üçün getmirdin?
- Tətil eləmişdim.
- Nə üçün?
- Mixaylovsk sənaye məktəbinin müdiri pis adamdır.
- Sənə nə dəxli var?
- Yoldaşlarla həmrəy olmaq lazımdır.
Yoldaşlarla həmrəy olmaq lazımdırsa da, ingilis dövləti öz yoldaşı Osmanlı dövləti ilə heç bir halda həmrəy olmaq istəmir. İndi bunlar Əqəbə bəndəri üstündə çəkişirlər. Osmanlı dövləti deyir ki, Əqəbə mənimdir, qoşunumu oradan çıxartmıram, ingilis də buna müxalif, - Əqəbə Misir torpağıdır, - deyə ayağını yerə döyür ki, Osmanlı qoşunu oradan çıxsın. Burası yamandır ki, ingilis Əqəbə Misir torpağıdır dedikdə, o, Osmanlıya deyə bilmir ki, Misir hara, sən hara, çünki Osmanlı xəritələrində Afrikayi-Osmaniyyə adlanan Misir indi olub "Afrikayi-ingilisi", buna da səbəb mən olmamışam, Osmanlının özü olubdur. Deyirlər ki, Osmanlının inadlığı ingilis tərəfindən İzmir sahilində (morskaya demonstrasiya) bəhriyyə nümayişi icrasına səbəb olacaqdır.
Zərər yoxdur. Osmanlının peşəsi üzərinə icra olunan nümayişlərə tamaşa etmək deyilmi? İngilis isə Qoqolun hərifi Nozdrovun şarmankasında mütləqa aramgir olmaq istəməyən zurnaya bənzəyir.
* * *
Zurna dedim xatirimə "Novoye vremya"nın müdiri və naşiri Suvorin baba düşdü. Suvorin baba da zurnaçıdır. Lakin zurnaçı da var, zurnaçı da var. Aşıq Abbasqulunun zurnası səsləndikdə adamın oynamağı gəlir. Suvorin babanın zurnası çalındıqda Allah göstərməsin bayquş kimi ulayır. Suvorin baba zurnasında əvvəl müsəlmanlar üçün "Uzun dərə", "Keçi məməsi" kimi havalar çalırdı. İndi isə zurnasını bayquş hülqumuna döndəribdir, uluyur, uluyur. Ulamağına da səbəb müsəlmanların yuxudan oyanmağıdır. Əslinə baxsan, müsəlmanların oyanmağında Suvorin babanın özü müqəssirdir. Çünki kim bilmir ki, yatmış adamın yanında zurna çalınsa oyanar?
* * *
Deyirlər ki, İran dəxi oyanıb, "ədalətxanə" və "Məclisi məbusan" kimi iranlı qulağı eşitməmiş şeylərdən bəhs edirlər. Əgər İranın oyanmasından nəticə bizim "Dövlət dumamız" kimi bir şey olacaqsa - nə deyim?
Dövlət duması. Dövlət dumasına bolluca keşiş seçirlər. Keşişin hörməti Rusiyada artıbdır. Amma Fransada keşişləri ağacla döyürlər. Çünki bura Rusiyadır, ora Fransa.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 188-190.
