O yan-bu yan
Rus yazıçılarından Krılov deyir ki, vay o gündən ki, çəkməçi şəkərçörəyi bişirə, şəkərçörəyi bişirən də çəkmə tikə.
* * *
Bizim işlərimizin axırından heç bir nəticə hasil olmamağının hikməti həmin bu sözlərlə məlum olur.
Görürsən, bir cəmiyyət qurduq. Bəli, bu cəmiyyətə bir nəfər tədbirli və ağıllı bir sədr, yaxşı iş görən və iş bacaran idarə lazımdır. Kimi seçmək?
Baxırıq görək, içimizdə kim... iş görəndir? Tədbir sahibidir? Xeyr, kim "ağa"dır?
Tez "ağa"nın ətəyindən yapışırıq ki, gəl cəmiyyətimizə sədr ol! "Ağa" deyir:
- Camaat, məni bağışlayın. Sözün doğrusu, mən bu işin öhdəsindən gələ bilmərəm.
Biz deyirik:
- Xeyr. Bu nə sözdür, bu nə təvazedir. Dünyada heç bir iş ola bilərmi ki, sən onun öhdəsindən gələ bilməyəsən?! Sən hər bir şeyi bacaransan, çünki sən ağasan!
"Ağa" deyir:
- Vallah, mən bacaran iş deyil.
Biz deyirik:
- Sən bacarmayan iş yoxdur.
"Ağa" deyir:
- Vallah məni bağışlayın.
Biz deyirik:
- Yox, sən bizi bağışla və millət naminə bu işi qəbul et. Yazığın gəlsin bu yetim qalmış millətə, yazıqdır, bikəsdir, binəvadır.
"Ağa"nın ürəyi boşalıb, işi qəbul edir.
Sonra "ağa" qalıb öz ağalığında, işlər qalıb öz işliyində, biz də şad oluruq ki, "ağanı" iş başına seçdik. Yoxsa, onu seçməseydik, bizdən inciyərdi.
* * *
Günlərin bir günü bir fağır kişi görür ki, bir nəfər "millətpərəst" Yevropa mehmanxanalarının birində əyləşib öz-özünə kef edir. Fağır bunun yanına gəlir ki, bəlkə buna da bir şey versin.
Millətpərəst ağa soruşur:
- Nərədən gəlirsən?
Deyir:
- Sənin ölkəndən!
- Nə var, nə yox?
- Şükür Allaha, hamı sağ və salamat olub, ağanın ömrünə duagurdular.
Ağa - Mənim təsis elədiyim cəmiyyəti gördünmü?
Fağır - Bəli, gördüm. Heç onun kimi iş görən cəmiyyət olmaz.
- Cəmiyyətin qəzetəsini gördünmü?
- Bəli, gördüm. Minlərcə müştərisi var idi.
- Cəmiyyətin məktəbini gördünmü?
- Bəli, gördüm, onun kimi müntəzəm məktəb görməmişəm.
- Məktəbdə oxuyan uşaqları gördünmü?
- Bəli, gördüm. Bülbül kimi dərs oxuyurdular.
Millətpərəst ağa bu sözləri eşidib kefinə məşğul oldu.
Amma fağıra bir şey vermədi. Onun əvəzində mehmanxanaya daxil olan bir nəfər oğlan uşağına bir dənə qızıl bəxşiş elədi. Fağır əhvalatı belə görüb dedi:
- Hərgah sizin məktəbin uşaqları dağılmasaydılar, bu uşağa çox oxşardılar.
Ağa (təəccüblə) - Məgər məktəbimin uşaqları dağıldı?
- Bəli.
- Nə üçün?
- Çünki məktəb bağlanandan sonra uşaqlar daha dağıldılar.
Ağa - Məgər mənim məktəbim bağlandı ki, uşaqlar dağılırlar?
- Bəli!
- Nə üçün?
- Çünki məktəbə xərc olan pulları verdilər qəzetəmizin iştiraf xərcinə və qəzetə bağlandıqdan sonra da o pul da batdı.
- Məgər qəzetə bağlandı?
- Bəli!
- Nə üçün?
- Cəmiyyətinizin əzasından birisi danos yazmışdı, onun üçün!
- Məgər cəmiyyətimin içində danosyazan oldumu?
- Bəli, oldu.
- Nə üçün?
- Çünki cəmiyyət bağlandıqdan sonra o biri əzalar cəmiyyət pulunu öz aralarında bölüşdürüb ona heç zad vermədilər. O da danos yazdı.
- Məgər cəmiyyət də bağlandı?
- Bəli.
- Nə üçün?
- Çünki cəmiyyətin sədri qoyub qaçandan sonra əzalar dedilər ki, bizə nə düşübdür?
"Millətpərəst ağa" bu əhvalatı eşidən kimi əllərini göyə qaldırıb dedi:
- Allah, sənə çox şükür, qayğıdan qurtardım! - deyib fağır kişiyə bir çox müjdə pulu verdi.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 126-128.
