Üzeyir Hacıbəyli

Ordan-burdan

Dünən vədə verdik ki, məşhur xuliqanların adlarını yazaq; hərçənd bu xuliqanlar onsuz da camaata məlumdur, amma burada təkrar söyləsək mənfəətdən başqa heç bir ziyanı olmaz.
Əvvəlinci, bu bir xuliqandır ki, bunun dili budur:
- Bizdən başqa özgəsi olmasın, daha bəsdir, deyir. Özgələr gəlib bizim pulumuzu xərclədilər, çörəyimizi yedilər, paltarımızı geydilər, suyumuzu işlətdilər və sairə. Bu xuliqanın adı Pruşkeviçdir. Axmaq xuliqanlardan biridir.
İkinci, elə ki gördü xalq ad-san qazanır, məsələn, Əhmədrza sədr-məclis olur, Tələtlər vəzir olur; amma bu bişüur olduğuna görə heç bir şey olmur, ona görə özünü guya liberal və sol adlandırıb, xalqın arasında iğtişaş salır, qan tökürdü, amma axırda yenə də özü məğlub olub qapı-qapı dilənməyə başladı. Bu xuliqanın adı İsmayıl Kamaldır.
Başlı xuliqanlardandırsa da huşyar camaatı aldada bilmədi.
Üçüncü, haman camaatı başına yığıb deyir ki, mən Mehdiyi Sahibzamanam və bütün Ərəbistanı tovlayıb islam olan Osmanlı dövlətinin başına min cür bəlalar açırdı ki, islam olmayan İngilis dövlətindən 5-6 qəpik-quruş alsın. Bu dələduz xuliqanın adı Məhəmməd ibni-Əli ibni-İdrisdir.
Dördüncü, bu axmaq xuliqan keçənlərdə Əbdülhəmiddən bir neçə dana mis medal aldığına görə indi bütün Hindistan müsəlmanlarına iqva edir və deyir ki, Əbdülhəmid xəlifə islamdır, onu əzi etmək, yəni islam xəlifəsini əzi etməkdir.
Haman xuliqan indi hürriyyət soltanının xəlifəliyini istəmir, çünki hələ bundan medal və nişan görməyibdir. Bu xuliqanın da adı Molla Məhəmməd Hindidir.
Bəs, oyanmış və gözlərini açmış hesab olunan aləmi-islamı çaxna- vaxnaya salan xuliqanlar bunlardır. İndi Allah eləməmiş aləmi-islamın balaca-balaca nöqtələrində, məsələn, Bakıda, Şəkidə, Qarabağda, Kazanda, Tiflisdə, Tehranda, Misirdə və şairələrində də böylə-böylə xuliqanlar baş versə, onda nə başınızı ağrıdım aləmi-islamın işi bitər.

                                                                                                                                                Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 117-118.