İçimizdəki denikinlər
Bir Denikin var ki, bizi xaricdən təhdid ediyor, bir çox denikinlər də var ki, içimizə dolub ən xatirəli yerlərimizdə gizlənib də bizi daxildən qorxudurlar.
Heç şübhə edilməsin ki, bu daxili denikinlərimizin qorxusu xarici Denikinin qorxusundan daha böyük və daha xətərlidir. Çünki xarici Denikin göz önündədir, aşkardır; daxili denikinlər isə içimizdə gizlənmişdirlər, özlərini göstərmirlər. Gizli düşmənin aşkara düşməndən daha təhlükəli olduğu hər kescə müsəlləmdir.
Bir vaxt olar ki, üzərimizə hücum edən xarici düşmənin bəlasını dəf etmək üçün əl qalxızmaq, irəli atılmaq istədikdə görərik ki, daxili düşmənlərin hiylə və dəsisəsi (hiylə, biclik - A.B.) sayəsində qollarımız bağlı və ayaqlarımız bənddədir; bir dərəcədə ki, heç tərpənməyə halətimiz yoxdur.
Azərbaycanımızda asudəlik ilə rahat-rahat yaşamaqda olan müxtəlif ünsürlərin içində öylə naşükür, paxıl gözü götürməyən, öylə hüsudlar, öylə qaraqəlblilər var ki, Denikini ürək-döyünməsi ilə gözləməkdə və rus qaradavoyunun həsrətini çəkməkdədirlər. Bunların bir çoxları xəzinəmizin pulu ilə dolanıb da "aldığım pul rus dövlətinin puludur" deyə özünü də, özgələri də aldatmaqla təsəlliyab olub, naşükürlüklə yedikləri çörəyimizi özlərinə halal bilirlər.
Bunların və böylələrinin sayəsindədir ki, bizim bütün rəsmi kağızlarımız, ərizələrimiz, sənədlərimiz həpsi rusca yazılıb, idarələrimiz sabiq rus çarlığının "konselyariya"larını dikəltdiyindən biçarə türk (Azərbaycan - A.B.) demokratiyası öz milli dövlətlərində də yenə tərcümanlıq aramağa məcburdurlar. Bütün Qafqaz millətləri arasında ümumi bir lisan hökmündə olan türk (Azərbaycan - A.B.) dili guya o qədər naqabil imiş ki, ərizə yazmağa da yaramazmış... Halbuki bunun hamısı çörəyimizi yeyib də üzümüzə söyən, denikinlərin həsrətini çəkən və cümhuriyyətimizi rus dövlətinin bir parçası hesab edən və dövlətimizə deyil, məhz pula və paraya qulluq edən xain, hüsud və qaraqəlbli çinovniklərin vətənimizdə yemlənməsi bərəkətindəndir.
Xaricdəki Denikin ilə aramızda bir müharibə başlanırsa, heç şübhə edilməsin ki, daxilimizdəki yemliyib bəslədiyimiz denikinlər öz həsrətkeşlərinin rollarını asanlaşdırmaqdan ötrü içimizdə cürbəcür xəyanət və cinayətlərə mürtəkib (yaramaz işlər görən, cinayət edən adam - A.B.) olub da bizə arxamızdan xəncər yaraları vurmaq və zərbələr yetirmək təşəbbüslərindən çəkinməyəcəkdirlər.
Ona görə iştə bu yerdə fıəlhəqiqə dördgözlü olmağımız bütün şiddəti ilə icab edər (vacibdir - A.B.). Qəhrəman əsgərlərimiz xarici düşmənlərimizlə müharibə edərkən, arxada qalanlarımız da arxamızda gizlənib də pusquda oturan daxili düşmənlərimizlə əlləşməlidirlər. Onlar bizləri pusurkən, biz onları pusmalıyıq ki, əhyanə bizə qəflətən bir xətər yetirməsinlər.
Bu yolda hökumətimiz də, millətimiz də bərabər işləməlidirlər. Hökumət hər bir şübhəli görünənləri rədd və tərd (qovma, uzaqlaşdırma - A.B.) etmək üçün heç bir şeydən çəkinməməlidir; bu gün daha nəzakət və mərhəmət zamanı deyildir; zatən xainlərə qarşı nə mərhəmət?
Millət dəxi böylə bir şəkkü-şübhə iğaz edən (doğuran - A.B.) və dövlətimizə qarşı sui-niyyəti ilə məlum olan adamları hansı millətdən olursa-olsun, fərzi məhal olaraq müsəlman da olsa, bilib də hökumətimizə və lazım olan yerlərə xəbər verməlidir.
İstiqlalının səneyi-dövriyyəsini (bir illiyini - A.B.) dünən şadlıq və şənlik ilə keçirmiş olan millət, bu gün fövqəladə dəmlər keçirməkdədir. Candan əziz olan istiqlalımızı əlimizdən almaqla canımızı almaq istəyirlər; buna görədir ki, istiqlalımızı əldən verməmək üçün bu fövqəladə zamanda fövqəladə işlər de görməlidir ki, o işlərin en mühümrağı özümüzü xarici denikinlər ilə bərabər daxili denikinlərdən də qorumaq təşəbbüsüdür.
Bayramoğlu, Alxan. Azərbaycan demokratik respublikası dövründə ədəbiyyat.- Bakı, 2003.- 253-255.
