Bir münasibətlə
Bakı erməni kəlisası zirzəmilərinin polis tərəfindən axtarılması, bu axtarışın surəti-icrası axtarışdan dolayi şəhərdə dövran edən şayiə və bu şayiələrin mütəəssifanə olaraq beiduni-təhqiq qəzetəmiz sütununa keçməsi, bunun hamısı Bakı ermənilərini azürdədil etmiş və iş o məqamə çatmışdır ki, parlamanımızın erməni fraksiyası bu xüsusda hökumətə sual vermək və cavab almaq istəmişdir. Parlamanın keçənki iclasında bu sual verildi və hökumət tərəfindən cavab alındı. Lakin erməni fraksiyası alınan cavabdan razı qalmayıb suallarını sorğu-surətinə təhvil ilə gələn iclasın müzakirəsinə qoydular.
Erməniləri incidən kəlisalarının axtarılması və bu axtarış xüsusunda yalan xəbərlər buraxılmasıdır. Yalan xəbərlər haqqında inciməgə, əlbəttə, hər kəsin haqqı vardır. Baxüsus, bu zamanda ki, xaricdən də, daxildən də ələni və xəfi düşmənlər təhdidi altında olduğumuzu başa düşən cəmaət qəfləti kənara qoyub da dördgöz olmağı özünə fərz bilmiş və binaən əleyh hər bir şeyə diqqət yetirmək və hər bir şübhəli əlamətlərdən ehtiyatlanmaq məcburiyyətində olduğundan boylə yalan və həyəcanlı xəbərlərin yayılmasından qeyri-məmul hadisələr baş verə bilər.
Kəlisa axtarılmasından dolayı erməni cəmaətinin hissiyyati-diniyələrinin təhqir edilməsi məsələsinə gəldikdə bu xüsusda hökumət rəisi Nəsib bəy həzrətlərini bu cavabı kafidir ki, ermənilərin hissiyyati-diniyələrini təhqir edən biz olmadıq. Bu həqarəti rəva görənlər kəlisanın anbarlarını heç də kəlisa ləvazimatına əlaqəsi olmayan bir taqım başqa şeylər ilə doldurmağa razı olanlardır.
Əsləhə tutulmasına aid olan yalan xəbərlərin qəzetəmizə keçməsinə gəlincə qəzetəmizin o biri nömrəsindəki təkzibimizdən aydındır ki, bu xəbər qəsdən buraxılmayub, bəlkə mühərririmizin səhih bildigi yerdən qeyri-səhih bir xəbərə təsadüf etməsindən və bu xəbərin idarə katibinin məzuniyyətə getməsinə görə gözdən keçirilməsindən irəli gələn bir keyfiyyətdir ki, arada hər halda qəsd və təəmmüd yoxdur. Və bir də əgər bu xəbər çap olunmaqdan qabaq müdirin gözünə ilişmiş olsa idi, təhqiq etməmiş buraxmazdı və səhihligini bildigindən sonra da, boylə bir əhəmiyyətli hadisəni yalnız bir xəbər sifətilə buraxmağa iktifa etməyib, buna bir məqalə həsr edərdi.
Zənn edirəm bu xəbərdən dolayı qəzetəmizi müdaxiləyə qalxmış və bu xüsusda ikinci kərə baş məqalə yazmış olan erməni milli komitəsinin “Naşe vremya”qəzetəsində bir kərə degil, bir çox kərə çap edilməkdə olan və müsəlmanları ləkələndirən müflanə xəbərlər dəxi müdirinin bu xəbərləri təhqiq etməməzligindən dolayi qəzetələrinin sütunlarında ərzi-vücud etməklə oxuyanları zəlalətə salır.
Erməni kəlisası anbarlarından çıxan şeylər içində əsləhə-filan olmaması hər halda bizim və zənn edirik ki, bütün sadiq azərbaycanlıların qəlblərini təskin və şübhələrini zayil edəcək hallardandır.
Ancaq burada bir “psixoloji” əhval var ki, o xüsusda bır diqqət nəzəri yetirmək lazım idi.
Erməni kəlisasından əsləhə çıxdı deyə beş-on dəqiqə içində bu xəbərin bütün şəhərə yayılmasında və hətta rəsmi bir qəzetə sütununa dəxi keçməsində nə sirr olduğuna dərin, lakin bitərəfanə bir nəzər yetirən olarsa, bu işdə degil, yalan xəbərlər buraxanları bəlkə erməni millətinə başçı olaraq xeyir əvəzində “ayı xidməti” göstərən firqələr başçılarını ittiham etməgi haqlı görür.
Əgər malxazyanlar, çurbaryanlar və əmsali, ermənilər ilə müsəlmanlar arasında qədimdən bəri bərkimiş olan qonşuluq, vətəndaşlıq, din ауrı qardaşlıq rabitəsini pozan, sarsıdan və biləxərə məhv edən bir politikanı özləri üçün məslək ixtiyar etməmiş olsaydılar, bu gün bu iki tayfanın arasında etimadsızlıq və etibarsızlıq olmaz və “dan əkib də sarı buğda biçmək” ədasında olan Malxazyan əfəndilərə boylə bir məhsuldan şikayət etməgə məhəl qalmazdı...
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 187-188.
