Üzeyir Hacıbəyli

31 Mart

Şenidəm qusfəndira bozorgi
Rəhanid əz dəhan dəste-qorgi
Şəbangəh qand bən həlqəş bemalid,
Rəvan qusəfənd əz vey benalid
Ke əz cəngal görqəm dər robudi
Çe didəm aqibət qorgəm dər rübudi

Rus mütləqiyyət istibdadını kökündən yıxmış olan rus inqilabi-kəbin, mütləqiyyətin zəncir əsarətinə giriftar olmuş olan millətləri azad etdi. Əsrlərcə zəncirbənd qalmış olan zavallı millətlər uyuşmuş bədənlərinə bir hərəkət verib qol-qanadını açmaq istəgirdi ki, mütləqiyyət istibdadı əvəzinə Rusiyada bolşevizm istibdadı caygir olub bədbəxt millətləri təkrar əsarət zəncirinə vurmaq əməlinə girişdi.
Bolşevizm amalına qarşı müqavimət göstərmək istəyənlərlə "qrajdan" müharibəsi açan və istiqlal üzrə yaşamaq istəyən və böylə yaşamağa haqqı olanlarla dəxi milli cəngə girişən rus bolşevizmi, "Azad millətlər" şüarını həqarətlə tapdalayıb bu millətlər füqərayi-kasibəsinin və demokratiyasının canını və malını dəmir və atəşə tutmaqdan çəkinmədilər.
O idi ki, rus bolşevizmi araya bir "qrajdanski" və bir də milli olmaq üzrə iki rəngli müharibə salıb çaylarca qanlar axıtdı. Milyonlarca bəşər övladını tələf etdi, yüz minlərcə evlər viranə qoydu və bu qanlı vaqeədən hasil olan təəssürat, təbii, böylə bir əqidə törənməsinə səbəb oldu ki, rus inqilabi, yalnız bir rusluğa müxtəs olub çarizm istibdadını qaldırmaqla degil, ümum millətləri, bəlkə rus xalqını bu istibdad təhtindən qurtarıb, digər millətləri təkrar əsarət altında baqi saxladı. Yalnız bir fəqər bu oldu ki, bu əsrlərin keşikçiləri əvvəl rus çarizmi idi, bu səfər isə rus bolşevizmi oldu. Hər halda əsirlik aradan götürülmədi. Qurd əlindən qurtarılmış quzu, qurtaranın yemi olmaq məcburiyyətində qaldı...
Bir əsr bundan əvvəl müstəqil yaşamaqda olan azəri türkləri, rus istibdadının yıxıldığını görüb, təkrar müstəqil yaşamaq ümid fərəhbəxş ilə şad olub, istiqlala hazırlaşmaq üçün tədarükatda bulunmağa başladılar. Lakin yeni hakimlərimiz bu fikrimizi duyub həmandəm əks tədarükat görməyə iqdam edib. "Biz sizə istiqlal əvəzinə xarabazarlar verərik, toprağımızda daşı daş üstə qoymarıq", deyə barmaq işarəsi ilə hədələdilər.
İstiqlalımıza qarşı itxaz edilmiş olan sui-qəsdlərində özlərini "inqilabçılıq" nöqteyi-nəzərindən haqlı göstərmək niyyətilə adımızı "kontrrevolyusoner" qoyub hücuma hazırlandılar, hazırlanıb da başımıza mart fəlakətini gətirib, hədələrinə müvafiq olaraq, paytəxtimizi xarabazara döndərdilər.
Çarizm zənciri-əsarətindən yenicə qurtulmuş olan azəri türkləri bir əsr müddətində əsarətin ağırlıqlarından o qədər zəif düşmüşdü ki, istiqlalını müdafiə etməyə və istiqlal düşmənlərinə qalib gəlməyə qüdrəti yox idi. Bu zəiflik deyil yalnız maddi və cismani qüvvətimizi, bəlkə bütün mənəvi və ruhani qüvvələrimizi də şamil olub bədənimizin bütün qüvveyi-ruhaniyyə və cismaniyyəsini atil qoymuşdu və bu ətalət o dərəcə idi ki, özümüzü müdafiə vəziyyətinə salmağa dəxi qüdrətimiz olmayıb düşmənin hücum və təərrüzləri qarşısında üryan bir bədənlə əli-qolu bağlı yıxılıb "ölüm-dirim" məsələmizin o tövr və ya bu tövr həlli düşmənin rəhminə və ya rəhmsizliginə bağlı idi.
Bundan fəna bir hal olmaz ki, sənə qarşı təcavüz edilə və sənin də bu təcavüzi dəf etməgə heç bir vəsilən olmuya.
Bakı müsəlmanları mart günlərində bu halda idilər!
Və əgər türklər, Osmanlı türk qəhrəmanları vaxtlı-vaxtında gəlməsə idilər, azəri türkləri Bakı həzimətindən sonra özlərini yığışdırıb müdafiəyə hazır olmağa fürsət tapınca degil, bir Bakıda, Şamaxıda bəlkə ümum Azərbaycanda daş-daş üstə qalmazdı...
Keçən keçdi olan-oldu. Mart hadisatı Azərbaycan tarixində mühim bir səhifə işğal edib azəri türklərinin istiqlal yolunda can verib, qan tökdüklərini gələcək nəslə oxutduracaqdır. Bugünkü vəzifəmiz isə o qara günləri yaddan çıxartmamaq və buna görə də həmişə və hər an hazır olmaqdır. Böylə hazırlıq ki, bu hadisələr bir də təkrar edərsə, müdafiəsinə qadir olalım. Bunun üçün həm hökumətimizin və həm də millətimizin çalışması lazımdır. Bugün istiqlal ilə yaşayıb da bu neməti-üzəmadən istifadə ediriksə də özümüzü xaricən əmin-amanlıqda bilmək və istiqlalımızın ibqasını təmin etmək üçün müdafiəyə hər an hazır və amadə olmalıyıq. Biz indi öz müqəddəratımızı öz əlimizə aldıq, borcumuz bu müqəddəratı gələcəkdə zühuri möhtəməl olan hər növ təcavüzətdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır.

                                                                                                                                                                                                                                   31 Mart – tariximizin faciəli səhifəsi.- Bakı, 2019.- 482-429.