Üzeyir Hacıbəyli

Ordan-burdan

Keçmişdə köhnə mədrəsələrimizin cığbığını, bir bucaqda mürgüləyən mollanın, onun çırt çubuğunun və "Çubi tənbihini" fələqqəni, Gülüstan, Bustan, Çehil Tuti, Yusif Züleyxa, Cameyi Abbas və sairlərini yada salıb və indiki münəzzəm, müntəzəm elm oxudan baqaidə məktəblərimizi görüb, öz-özümə deyirəm ki:
- Pərvərdigara, dərgahına şükür!
Keçmişdə küçələrdə avara və sərgərdan qalıb, öyrəndikləri tək bir cürbəcür, pis-pis söyüşlər olan oğlan uşaqlarımızı yada salıb indiki çadra başında və kitab qoltuğunda məktəbə yüyürən qızlarımızı görüb öz-özümə deyirəm ki:
- Pərvərdigara, dərgahına şükür!
Keçmişdə minbərə çıxıb, hənanın nə sayaq yaxılmağından və insanın nə etsə, cünub olduğundan, məscidə yığılmış adamlarla söhbət edən mollaları yada salıb və indi minbər başından əhalini tərəqqi və təkamül yoluna çağıran axundlarımızı görüb öz-özümə deyirəm ki:
- Pərvərdigara, dərgahına şükür!
Keçmişdə dev, əjdaha, ilan, qurbağa nağılları ilə başları dolmuş və dünyadan heç bir xəbəri olmayan əsnafımızı yada salıb, indi onların əllərində müsəlman qəzeti oxuyub, rus, alman, fransız, ingilis mübahisələrini eşidib öz-özümə deyirəm ki:
- Pərvərdigara, dərgahına şükür!
Keçmişdə ağlaşmaya getməkdən başqa bir şey bilməyən və oğlu dərs oxuyandan sonra ağzını suya çəkən arvadlarımızı yada salıb, indi qızının bu klasdan o biri klasa keçməsi üçün məktəbə yüyürüb müəllimlərə yalvaran arvadlarımızı görüb öz-özümə deyirəm ki:
- Pərvərdigara, dərgahına şükür!
Keçmişdə boş vaxtını bomboş qalan teatrlarımızı və yainki bir neçə nəfər tamaşaçı ilə üç-dörd nəfər artistin camaatdan xəlvət qısıla- qısıla və qorxa-qorxa teatra getməklərini yada salıb və indi teatrımızın, qoca, cavan, bəy, hacı, arvad və kişi ilə ağzına qədər dolmasını görüb, öz-özümə deyirəm ki:
- Pərvərdigara, dərgahına şükür!
Keçmişdə əcnəbilərin zor ticarətini və müsəlmanların hisli-paslı və içində üç cüt bir tək qoz olan dükanlarını yada salıb, indi özümüzün böyük-böyük mağazalarımızı və şirin-şirin alverə öyrəndiyimizi görüb, öz-özümə deyirəm ki:
- Pərvərdigara, dərgahına şükür!
Mənə deyəcəklər ki, əh, nə olsun, indi də köhnə mədrəsələrimiz, avara və sərgərdan balalarımıza həna yaxmaq öyrədən mollalarımız, dünyadan bixəbər əsnafımız, ağlaşmaya yüyürən arvadlarımız, boş teatrımız və bişurur alış-verişçilərimiz vardır.
Onda cavabında deyərəm ki, o vaxt onlar "var idi" "bunlar" yox idi, indi "onlar da var, bunlar da var", bir az dəxi əcəl macal versə görərik ki, "onlar" yoxdur, "tək bunlar" var. Mən ki buna inanıram, sən istəsən inanma!

                                                                                                                                                   Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 172-173.