Ordan-burdan: [İcmali-siyasi va yaxud Yevropanın halı]
İngilis - Mən Osmanlı ilə dostam, Rusiya gərək mənim sözümə baxa, çünki mənimlə aşnadır.
Fransa aşnamdan arxayınam. Bəli, Almaniya çox igidləşibdir! Amma mən ondan qorxmayacağam! Yaxşı anlayıram, Avstriyanın fikrini! Amma görək axırda kim peşman olacaqdır!.. A, bəzzat Bolqariya!?.. Yazıq Serbiya, yazıq Qaradağ, adamın onlara rəhmi gəlir...
Fransa - Mən Osmanlı ilə dostam... Bəli, belə işlərdə aşnam İngilis çox xoşuma gəlir, Almaniya məni qorxutmaq istəyir, qorxmaram, amma bərəkallah Rusiyaya, özünü yaxşı aparır. Mənimlə də aşnadır, zəhləm gedir mənim bu Avstriyadan, Bolqariyanı da tovladı, hələ utanmaz da məndən kömək umur. Amma gərək, o Serbiyaya, Qaradağa bir balaca kömək eliyək, uşaqdırlar.
Rusiya - Yox, indi mən Osmanlı ilə dostam. İngilis, Fransa kimi adamlar mənimlə aşnadır! Amma hər halda, Almaniya... xatalı adamdır! Hm! Bolqariya yaxşı kələkbaz çıxdı, amma biçim o uşaqların, yəni Serbiya ilə Qaradağın əhvalı yaxşı olmadı. Amma hər halda, Avstriya ilə dalaşmaram.
Almaniya - Osmanlı ilə dostam... bain həmə Avstriya mənim aşnamdır. Bolqariyanın bicliyinə o nə qayırsın? Serbiya ilə Qaradağa məsləhət görürəm ki, dinc otursun. İngilis elə bilir ki, mən ona düşmənəm (yəni deyir səndən qorxuram), yəqin indi Fransanın məndən zəhləsi gedir, amma qorxur. Rusiya - heç! İtaliya bizə soyuq baxır, görəsən o nə üçün?
İtaliya - Osmanlı ilə dostam, hərçəndi Avstriya ilə aşnayıq, amma zəhləmi tökür. Almaniya aşnam olsa da xoşuma gəlmir, vallah İngilislə Fransa və Rusiya bunlardan yaxşıdır! Əslinə baxsan, Avstriya və Bolqariyadan sonra mən də gərək Qaradağı ciliyə idim. Amma onda onların tayı olardım, istəmirəm, istəmirəm!
Avstriya - Təəccüb işdir vallah, hamının gözünə bir tikan olub batmışam. Osmanlıya acığım tutmur, amma nahaq məndən inciyir... A kişilər vallah, tallah, Bolqariyanı mən öyrətmədim! Yaxşı bu İngilisin, Fransanın, Rusiyanın dediyi yəni nədir? Mən öz haqqımı almalı idim? Xeyr, səhv eləyirlər, mən onlardan qorxmuram (Almaniya mənimlə aşnadır), qoy Serbiya və Qaradağ o qədər mənə hürsünlər ki, lap boğazları yırtılsın...
Serbiya və Qaradağ - Ax, ax! İngilisin gücü bizdə olaydı, onda Avstriya görərdi ki, biz də bizik. Amma heyif ki, Allah dəvəyə qanad verməyib. Vallah əgər İngilis, Fransa, Rusiya bizə kömək eləməsələr, biz də dinc durmayacağıq. Osmanlı ilə dostuq.
Bolqariya - Mən öz haqqımı aldım! Xalq nə üçün bir bu qədər cığır-bağır eləyir? Sən bir Rusiyaya bax, o da qaşqabağını sallayıb. Amma öz aramızdır, xalq elə bilir ki, məni Avstriya başdan çıxartmışdır. Halbuki heç yazığın xəbəri yoxdur. Osmanlının yerinə olsam, bir gün çıxıb deyərəm ki, səninki səndə, mənimki məndə, vəssəlam və səs-küy də aradan götürülər. Amma o da məndən pul qopartmaq istəyir. Görünür ki, dalaşacayıq.
Osmanlı - Vay səni məşrutə! Hamını mənimlə dost elədin. Tək bir bu Bolqariya ilə Avstriya namərd çıxdılar. Amma onlar da cəzasız qalmazlar. Ancaq, bir qədər vaxt istər, qoy hələ mən bir içimi düzəldim, sonra çölümü düzəltmək asandır.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 58-59.
