Üzeyir Hacıbəyli

O yan-bu yan

Kərbəlayı Qədim küçə ilə gedirdi.. Birdən daldan bir heybətli səs eşitdi və qorxusundan layənşüur kənara tərəf qaçdı və - “dala baxım” - dedikdə örtülü faytona bənzər bir araba atsız, öz-özbaşına bunun yanından ildırım kimi keçdi. Bu araba avtomobil idi.
Kərbəlayı Qədim araba gözdən itincə onun dalınca baxdı və sonra dedi:
- Allah şeytana lənət eləsin ki, kafirlərə bu cürə əməl öyrədib. Arabanı atsız yeridən bu kafirlər axırda hər şeyi şeytan əməlinə döndərəcəklər.
Genə bir gün Kərbəlayı Qədim küçə ilə gedirdi. Gördü ki, bir araba küçənin yarısında palçığa batıb, atlar dartıb çıxarda bilmirlər. Arabaçı isə qırmancı doluyub bu atları döyür və harası gəldi vurur. Dilsiz, ağılsız heyvanlar qırmanc altında dartınırlar ki, bir tövr arabanı çıxartsınlar. Lakin mümkün olmur. Arabaçı isə atların başına, gözünə döyür. Kərbəlayı Qədimin atlara yazığı gəlib arabaçıya dedi ki, ay zalım, axı bu heyvanlar yazıqdırlar, canları inciyir. Sən o dünyada bunların cavabını necə verəcəksən? Bunu deyib öz-özünə fikir etdi.
- Allahın altında bir gün oleydi ki, bu heyvanlar insanın zülmündən xilas olaydılar! O əsnada genə bir heybətli səs gəlib, bir avtomobil bunların yanından şıdırğı ilə keçdi...

                                                                                                                                                 Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 133.