Üzeyir Hacıbəyli

Keçən zabastovka haqqında

İki gün əvvəl idi ki, şəhərimizin güzəran və məişəti adi cəryanından düşürülüb qeyri-adi bir şəklə girdi. Qəzetələr çıxa bilmədi. Elektrik işığı sönüb, küçələr axşamlan zülmətə döndü. Dəmiryolu hərəkəti dayandırıldı. Telefon müxabirati kəsildi. Zavod və mədənlərdə işlər durduruldu. Əhalisi bu bir neçə günü hər kəsin qəlb və ruhu sıxacaq və keçmiş mənhus günlərin mənhus xatiratını yada salacaq sıxıntılı şərait içində keçirməgə məcbur olduq.

Nə olmuşdu?

Fələ tətil komitəsi tərəfindən siyasi zabastovka elan edilmiş idi.

Nə səbəbə?

Ona görə ki, “Demokratuk şura” başında olan “eser”lərdən bir neçə nəfər başçıları ingilis komandanı rəisi general Tomsonun hökmülə tutulub həbs edilmişdilər. Bunların tutulmalarının səbəbi indiyə qədər məlum olmadı. Bu xüsusda cürbəcür sözlər və şayiələr buraxılırdı. Bir parələri deyirdilər ki, bu tutulanlar keçmişdə Bakıda hökumət etdikləri vaxt dövlətin bir çox pullarını yeyibdirlər. Bir paraları isə boylə bəyanatda bulunurdular ki, bu adamlar əl altınca işlər görüb, Azərbaycan hökuməti və ingilis komandanlarına qarşı üsyan və inqilab törətmək istəyirmişlər. Lakin bunlar hamısı şayiat cümləsindən olduğuna görə, hansının doğru və hansının yalan olduğunu bilmək mümkün olmadı.

Srağagünkü parlaman iclasında bizim sosialistlərimiz tərəfindən bu hislər haqqında hökumətimizə bir sual təqriri verilmişdi. Həbslərin general Tomson tərəfindən nə cəhətə görə icra edildigi soruşulacaqdır. Fəqət vaxt olmadığına görə bu təqrir mövqeyi- müzakirəyə qoyulmadı, hökumət də təbii cavab vermədi. Lakin vaxt müsaidə versə idi də hökumət tərəfindən öylə bir cavab ala bilməyəcək idik ki, marağımızın atəşini söndürsün, çünki parlaman dairələrində danışılan mötəbər adamların sözlərindən aşkar idi ki, bu həbslər məhz ingilis komandasının idarəsilə əmələ gəlib, Azərbaycan hökuməti bu işdə zimdəxl degildi. Binaən əleyh səbəbini bilmiyor və bilsə də sögləmiyəcəkdir.

Deməli, həbslər zabastovkaya səbəb olan bu adamların həbs edilmələri haqqında bir rəy və bir qərar hasil etmək işi, maraq göstərib əhəmiyyət verilərək öz mülahizat və öz fərasətinə bağlıdır.

Zabastovka elan edən tətil komitəsi öz tərəfindən buraxdığı nəşryyatında fələ qisminin düşmənləri kim olduğunu göstərərkən əz cümlə Azərbaycan hökuməti də həman düşmənlərdən biri olmaq üzrə nişan vermişdi. Bu əhvalat həman zabastovkada xarici fələlər ilə həmrahlıq və yoldaşlıq üzündən iştiraka məcbur olan ümum müsəlman fələ və əmələlərini son dərəcə mütəğəyyir edib öz hərəkətlərilə öz hökumətlərinə qarşı durmuş olduğlarını anlayanlar bu işdən ictinab etdilər və zabastovka işi Azərbaycan hökumətinə qarşı bir əməl isə biz bu işdə heç bir vəchlə iştirak etmərik deyə, qərar və bəyanatda bulundular.

Yəqin bu səbəbdən imiş ki, zabastovka elan edən komitə öz səhv və xətayi-fahişıni düzəltmək üçün keçən günkü nəşryyatlarında digər bir əhval buraxıb zabastovkanın Qafqaz millətləri azadlığına və istiqlalına qarşı olmadığını elan edib boylə xəbərləri yalandan buraxanları “erməni və müsəlman millətçi mütəəssibləri”, deyə adlandırır.

Bizim nəzərimizə gəlincə, əvvəla burasını qeyd etməliyik ki, zabastovkanı mucib olan bu həbslərin səbəbi nə olduğunu biləmədigimizə təəssüflər edirik. Çünki bu səbəblər aşkar edilsə idi, o halda zabastovkanın da Azərbaycan hökumətinin və Azərbaycan dövlətinin lehinə və ya əleyhinə olduğu meydana çıxardı və çıxdığı surətdə Azərbaycan fələ və əmələlərinin də təklif və vəzifəsi məlum olurdı.

Qaldı zabastovkanın özü şübhəsiz siyasi, ictimai və iqtisadi hürriyyətlər elan edilmiş olan cümhuriyyətimizdə isdər siyasi, istər iqtisadi tətillərə heç bir kəsin deyəcəyi ola bilməz. Bu xüsusunda yalnız bir şeyi var ki, həman o tətil işi dövlətin istiqlalını və rüknünü sarsıdacaq qəsdilə mövqeyi-icrayə qoyulmuş olmasın və bir də tətil icra edilərkən müəyyən bir qaidə üzrə olub, nizam və asayişə riayət olunsun, ta ki əhalinin içinə şuluqluq və vahimə düşməsin.

Bundan əlavə bir dövlətdə tətil və zabastovka icra edən adamlar, həman o dövlətin təbəə və vətən övladı olmaları birinci şərtdir. Məsələn əgər Firəngistan fələləri İngiltərənin bir şəhərinə gedib də zabastovka elan və icra etsələr, nəticədə İngiltərə toprağından tərd və təbid ediləcəkləri və firənglərə uyan ingilislərin də təht mühakiməyə alınacaqları təbiidir.

Əlhal şəhərimizdəki zabastovkanın kimlər tərəfindən icra edildiyini nəzərə alıb da görürük ki, bu tətili elan və icra edənlər Azərbaycan dövlətinin istiqlalını tanımayanlar və tanımaqlarından indiyə qədərqatı bir inad göstərib azadlığımıza qarşı düşmənanə bir vəziyyətdə bulunanlardır.

Deməli bu adamlar şəhərimizdə öylə mətin cismani olmasa da mənəvi bir qüvvətə malikdirlər ki, şəhərimizin həyatının cəryanını istədikləri vaxt durdurmağa qadirdirlər, necə ki, durdurdular. Elektrik stansiyonlannda telefonlarda, dəmiryolunda, zavod və fabriklərdə işləyən fələ və əmələlərimiz hamısı bu adamların əmrinə müti olub, onlarla və təbii onların Azərbaycan istiqlalına qarşı olan siyasi fikir və amalları ilə şərik və həmdil olduğlarını nümayişkəranə bir surətdə meydana qoydular.

Doğrudur fərz edəlim ki, hələ bu “birinci” zabastovkanın icrasına “günahsızların günahsız” yerə hesab edilmələri səbəb oldu. Kim bizi mütməinül-qəlb edə bilər ki, “ikinci” zabastovkanın icrası, istiqlalımızın ləğv və məhvini tələb edən “səbəblər” üzərinə olmayacaqdır?

İstiqlalımızı tanımaq istəməyənlər özlərinin boylə bir müvəffəqiyyətlərini görüb də mənəvi qüvvəyə malik olduğlarını hiss etdikdən sonra bu qüvvəni siyasi amal və arzularının hüsuli yolunda da sərf elmək istəməzlərmii? İstəməyəcəklərindən kim bizi əmin edə bilər? Və kim buna inanar?

İştə, bu zabastovka məsələsinin bizi dərin əndişələrə salan cəhəti burasıdır!..

Bu əndişələrə qarşı qəlbimizə təsəlli verən yalnız bu oldu ki, Azərbaycan müsəlman fələ və əmələləri bu zabastovkanın əsl səbəbini bilmədiklərindən bu işdə mütərəddid qalıb zabastovka əhyanən bizim istiqlalımıza qarşı icra edilərsə bundan heç bir vəchlə iştirak etmək istəmədiklərini görüb son dərəcə xoşnud olduq. Lakin bu tərəddüdi və əzmkarlığı biz yalnız mədən fələlərimizdən və mütbəə əmələlərimiz tərəfindən gördük. Dəmiryol elektrik stansiyonu və sairə bu kimi mühüm müəssisələrimizdə xidmət edənlər tərəfindən heç bir milli cünbüş müşahidə edilmədi və edilməyinə də təəccüb ediləcək degildir. Çünki həman müəssisələrdə işləyənlərin demək olar ki, cümləsi xaricilərdən ibarət olub, Azərbaycan dövlətlərinə qarşı olan “sədaqət”ləri də məvacib almaqdan başqa özgə bir mövqedə ibraz edilmir.

Boylə olan surətdə gələcək “hadisə”lər əndişəsindən özümüzü mütməin etmək üçün təklifimizin bundan sonra nədən ibarət olacağını anlamaq üçün çox da zehn yormaq istəməz. Hələlik isə istiqlalımız yolunda hər bir fədakarlığı hazır olduğlarını bildirmiş olan fələ və əmələlərimizə rəhbərlik etmək, onları möhkəm bir orqanizasiya başına cəmləşdirmək və istiqlalımızı tanımaq istəməyən xarici fələ və əmələlərinin təşkilatları qabağında öz fələ və əmələlərimizdən “əks təşkilat’lar düzəltmək bizim bütün partiyalarımızın birinci borcudur.

Zabastovka əsnasmda fələlər və əmələlərimizin diqqətlə idarəmizə müraciət edib də “bizə adam göndərin, bizə rəhbərlik edin təklif və vəzifəmizi bizə bildirin”, - deyə israr etdiklərini görüb də, parlamanımızın bu yolda ətalətlə iş göıüb də başısoyuqluq etmələrindən məyus olduğumuzu deyə bilmərik. Ümidvarıq ki, bundan sonra partiyalarımız işin nə dərəcə ciddi bir vəziyyətdə olduğunu nəzəri-etinaya alıb da fələ və əmələ təşkilatı işlərimizə kəmali-şövq və həvəslə girişməgi özləri üçün müqəddəs bir vəzifə ədd edəcək və bu işə ciddiyyətlə girişəcəkdirlər.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 47-50.