Nuri-didə Ceyhun!: [26 noyabr 1921-ci il]
Salam-duadan sonra çox şadam ki, sizə məktub göndərməyə müvvəfəq oldum. İstanbuldakı "Tamaşa" jurnalının müdiri Bakıya gəlib mənimlə görüşdü və mənə İstanbulun məşhur artisti Ərtoğrul Möhsün əfəndinin fotoqrafın sahibindən qayibanə salamlarla hədiyyə gətirdi və mənim də fotoqrafımı alıb İstanbula gedərkən mən bu məktubu yazıb ona verdim ki, İstanbuldan sənə göndərsin.
Bizlər hamımız sağ və salamat varıq, bu zaman əsnasında yəni sizə Hənifə xanımın oğlundan məktub göndərəndən bəri əlhəmd heç birimizin burnu da qanamıyub hamımız istər bizimkilər, istər Aişə xanımgil hamısı salim və səlamətdirlər. Aişə xanım bizə tez-tez gəlir və bizdə qalır, tikiş işində Məleykəyə kömək yetirir, çox heyf olsun ki, sizdən heç bir xəbərimiz yoxdur və Parisdən heç bir gələn də olmur heç olmasa əhval-pürsan olaq. Ancaq bir-iki həftə bundan əvvəl Zöhrənin bizə yazmış olduğu məktubunu aldıq. Məktubun tarixinə baxıb gördük ki, doqquz ay bundan əvvəl yazıbdır. Məni sizin əhvali-maddiyəniz çox fikirlərə salır, bilmirəm nə ilə dolanırsınız. Sənin bir işin varmı ki, ondan mədaxil ola, bəlkə ehtiyac və üsrət içindəsiniz? Və bir də sizin buraya gəlməyiniz nə vəxt mümkün ola bilər? Sizi ordanmı buraxmırlar, yoxsa bura gəlməkdənmi ehtiyat edirsiniz?.. Mən boylə güman edirəm ki, buraya gələsiniz, sizə heç bir söz deyən olmaz. Hər gah bilsəm ki, gəlmək istəyirsiniz mən piş əz vəxt bizim komissarlarla görüşüb, fikirlərini bilərəm, sən bu xüsusda mənə bir məktub yaz və gələn olsa göndər.
Bizim öz dolanacağımız yaxşıdır. İndi burada külfət saxlamaq üçün ayda on milyon pul istər. Mən bundan artıq qazanıram, çünki bir neçə yerdə musiqi dərsi verirəm. Əlavə əsərlərimdən hökumət mənə on faiz qonorar verir. Mən bu il müsəlmanlara məxsus olmaq üzrə bir konservatoriya açdım bu saət orada iki yüzdən artıq məktəb şagirdani oxuyur. Bir həftə bundan əvvəl rəsmi-güşadi idi. Bütün komissar yoldaşlar başda Nərimanov olmaq üzrə gəlmişlərdir. Təbrik nitqlərdən sonra çay verdim, çox canfəşanlıq oldu. Hökumət mənə hər bir barədə kömək edəcəyini vəd etdi. Həqiqət bu konservatoriyanın bizim müsəlmanlardan ötrü böyük mənası olacaqdır. Oxuyanların yarısı kişi, yarısı arvaddırlar. Çoxları da çadra başında olan qızlardır. Çingiz ilə Niyaz dəxi orada oxuyurlar, bir neçə gün bundan əvvəl onların sünnət toyları da oldu.
Nənəm eşitdi ki, mən sənə kağız yazıram, çox şad oldu və hamıya tapşırıbdır ki, səs-küy salmasınlar, mən qarıxmayım, özü də sağ və salamatdır, bu günlər də ona diş qayıtdırmaq istəyirik.
Məleykə çox istəyir ki, Zöhrəni və uşaqları görsün, çox vəxt siz onun yuxusuna girirsiniz durub nənəmə nəql edir. Bacımgil bizim evə köçübdürlər, yəni otaqlarımızın ikisini onlara vermişik. Bütün gününü Cəmalın oğlu Kəmal ilə keçirir. Kəmal çox yaxşı oğlan olubdur. Ceyçikin uşaqlığına oxşayır, özü də məni çox sevir, mənə "aqqa" deyir, mən də onu çox sevirəm və asudə olanda onunla oynayıram.
Sehragil dəxi sağ və salamətdirlər. Məhbub konservatoriyada oxuyur. Cəbbardan dəxi danışırlar ki, salamətdir və guya Ərdəbildədir, bunu hələ təhqiq etməmişik. Abhəyat əri ilə bərabər Zaqataladadır, onu Bakıya gətirmək istəyirik. Zülfüqar və Böyükxanım öz qulluqlarında baqidirlər. Qərəz hamı sağ və salamət olub rahat dolanmaqdadır. Bir nigaranlığımız yalnız siz tərəfdədir. Nənəm sizləri çox-çox arzu edir və hər dəfə haçan gələcəyinizi məndən soruşur, mən də ona əhvalatı qandırıram.
Bakı şəhəri isə öz adi halını almaq üzrədir, ticarət sərbəstdir, teatrolar yenə dolu olur. Cümə günü "Leyli və Məcnun" hökumət tiyatonnda oynanıldı. Həştad beş milyon izbor verdi!
Baxüsus arvadlar tcatroya çox gəlir. Əz cümlə hamı çox "intensivno" işləyir bir dərəcəyə qədər ki, evdə bir-birimizi çox az görürük. Məsələn, bu saət mən zasedaniyadan qayıtdım. Məleykə evdə yoxdur, zasedaniyaya gedibdir. Hamı boylədir. Adamları evdə tapmaq olmur. Qərəz mənim, nənəmin, Məleykənin, bacımın və hamımızın ağzından sizi və baxüsus Ceyçik ilə Timuçini çox-çox öpüb, səlam-dualar göndəririk və tezliklə görüşmək arzu edirik. Səy eylə ki, gələn olsa mənə bir məktub yaz.
Baqi əddua.
Bəradərin Üzeyir. 26 noyabr 1921-ci il, Bakı
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 327-328.
