Üzeyir Hacıbəyli

Ordan-burdan

Hürriyyəti-kəlam, hürriyyəti-şəxsiyyə, hürriyyəti-ictimai, hürriyyəti-mətbuat, hürriyyəti-vicdan.
Həmin bu beş hürriyyətlərin üstündə bir çox qanlar töküldü. Canlar güdaza getdi. Camaat dedi: "Alacağam". Hökumət dedi: "Verməyəcəyəm". Camaat dedi: "Öləsən də alacağam". Hökumət dedi: "Öləsən də verməyəcəyəm". Xülasə, indi də elə bunların üstündə camaat ilə hökumətin arası düzəlməyibdir.
Ancaq indi görək bu hürriyyətlər nədir? Məsələn, baxaq görək hürriyyəti-kəlam nəyə deyirlər. Bunun üçün lap əvvəl baxaq görək hürriyyəti-kəlam nəyə deməzlər.
Bu gün bazara çıxıb və bir neçə məclisə girib, xalqı söyüb biabır eləməyə hürriyyəti-kəlam deməzlər. İndi özünüz baxın görün hürriyyəti-kəlam nəyə deyirlər.
Gecə vaxtı birisinin evini yarmağa və ya günün günorta çağı bir adamın cibinə əl salmağa hürriyyəti-şəxsiyyə deməzlər. İndi də baxıb görək hürriyyəti-şəxsiyyə nəyə deyirlər.
Camaatı işdən-gücdən eləyib, bir yerə yığmağa və özünü onlara göstərmək üçün çığıra-çığıra bir "reç" deməyə hürriyyəti-ictima deməzlər. İndi baxın görün hürriyyəti-ictima nəyə deyərlər.
Bir əcnəbi arvadına bənd olub, birdən-birə mürtəd olmağa hürriyyəti-vicdan deməzlər. İndi baxın görün hürriyyəti-vicdan nəyə deyirlər.
Qəzeti "həlim aşının" qazanı bilib, ələ gələni içinə doldurmağa və ağzına gələni ona yazdırmağa hürriyyəti-mətbuat deməzlər. İndi baxın görün hürriyyəti-mətbuat nəyə deyirlər.
Hürriyyəti-mətbuat dedim yadıma Osmanlı senzoru düşdü. Bir dəfə "Vəqt" qəzetəsini oxuduğum yerdə belə xəbərə rast gəldim:
"Osmanlıda Aydın vilayətində bərk yağmur olub, əhaliyə xeyli zərər olduğunu Osmanlı senzoru qəzetələrdən pozmuşdur".
İndi bunu görüb mən də fikir eləyirəm: nə yaxşı olardı ki, Osmanlı senzoru Qafqaz qəzetələrinə də baxıb, Zəngəzur zərərdidələrinin əhvalatını poza idi və bizim "ürəyi yuxa" dövlətlilərimizin qəlbini xarab eləməyə idi.
                                                                                                             * * *
Zəngəzur dedim yadıma bir nağıl düşdü.
Günlərin bir günü bir zəngəzurlu müsəlman aclığa tab gətirə bilməyib, yerə yıxılıbdır və deyibdir ki: "Ay aclıq, sən nə güclüsən?".
Aclıq cavab veribdir ki: "Balam, güclü olsa idim çörək mənə əsər edə bilməzdi".
Zəngəzurlu deyib: "Ay çörək, sən nə güclüsən?". Çörək cavab veribdir ki: "Balam, güclü olsa idim, məni pul ilə satın alıb yeməzdilər...
Zəngəzurlu deyib: "Ay pul, sən nə güclüsən?". Pul cavab veribdir ki, "Güclü olsa idim, dövlətli müsəlman məni sandığa basıb, ağzını da bərk-bərk bağlamazdı".
Zəngəzurlu deyib: "Ay dövlətli müsəlman, sən nə güclüsən?".
Dövlətli müsəlman cavab veribdir ki: "Ay balam, mən nə tövr güclüyəm, sən müsəlmanı orada acından ölən görüb, bir tikə çörək uzatmağa da ürəyim gəlməyir!".
O yedi yerə keçdi, sən də ye dövrə keç!

                                                                                                                                                   Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 278-280.