Ciddi hərəkət lazımdır
Paytəxtimizdə qəzetələrin "Hadisat" sərlövhəli qisminə baxılarsa oğurluq, quldurluq, adam öldürmək və sair bu kibi cinayətlərin gündən-günə artdığını kəmali-təəssüflə müşahidə etməkdəyik. Bu halı şəhərin asayiş və əmanəti yad ixtiyarına həvalə edilmiş olan qubernator həzrətləri dəxi müşahidə etməkdədir ki, bu xüsusdakı əmrlərini qəzetəmizin dünənki nömrəsində oxuduq.
Qubernator həzrətlərinin bu cinayətləri qət və tərk etdirmək xüsusində vəd etmiş olduğu ciddi tədbirləri kəmali-məmnuniyyətlə alqışlayırıq və bu gündən sonra haman ciddi tədbirlərin ittixazi intizarında olacağıq. Özümüz də əminik ki, boylə ciddi tədbirlər sayəsində paytəxtimiz "cinayətlər yuvası" olmaq şərəfsizliyindən xilas edilib, əhalinin can və malı canilər təərüzündən məhfuz və məsun qalar. Buna da əminik ki, əgər bu ciddi tədbirlər "piş əz vəxt" icra edilmiş və oğurluq, quldurluq və caniligi özlərinə sənət ixtiyar etmiş olanların hərəkat və rəftarına vəxtli-vəxtində lazımi diqqət yetirilmiş olsa idi cinayətlər bu dərəcəyə qədər artmaz, bir çox canlar tələf və bir çox mallar zaye olmazdı.
Əhalinin əmin və asayişi, can və mallarının canilərdən mühafizə və müdafiəsi həqqında qubernator tərəfindən hər nə tövr ciddi və şiddətli tədbirlər görülərsə, hər bir kəsin ki, asayiş tərəfdarıdır məmnuniyyət və məsərrətini mucib olar, bunun nəticəsində xalqın hökumətə qarşı etibar və etimadı artıb şikayətə yer qalmaz.
Paytəxtimizdə bu qədər müşahidə edilməkdə olan cinayətlər əhalinin asayişini pozmaqdan əlavə Azərbaycan paytəxtinin şərəfinə dəxi toxunur.
Doğrudur, Bakı şəhəri hələ Nikolay zamanından bəri cinayət hadsatı ilə məşhurdur, lakin əvvəla burası var ki, o zaman əksərən müsəlmanlardan baş verən bu gunə cinayətlərin, adam öldürməklərin önünü almaq üçün rus hökumət adamları ciddi tədbirlər görməyib, "qoy müsəlman müsəlmanı öldürsün", deyə məhəlgüzar olmıyordılar. Ölürdülərsə də rüşvətxorluq məqsədilə işlər görüb ölən tərəfdən də, öldürən tərəfdən də pul almaqla işi yatırdırdılar. Və saniyən siyasi mücrimlər "aşkarı" ilə daha artıq məşğul olan Nikolay məmurları, caniləri təqib və tənkil etməgə vəxt bulamıyordılar.
Halbuki indi zəman o zəman degildir. Bakı Azərbaycan Cümhuriyyətinin paytəxtidir. Paytəxtimizin "canilər yuvası" olmasına heç vəxt müsaidə verilməməlidir ki, bununla bir tərəfdən əhalinin dincligi və asayişi təmin edilsin, digər tərəfdən bu dinclik və asayiş bərpasilə öz hökumətlik iqtidarımızı dost da görsün ki, sevinsin, düşmən də görsün ki, töhmət dilini kəsməgə məcbur olsun, ondan əlavə hər kəs hökumət olur-olsun, təki asayiş olsun deyən və rusca "abivatel" təsniyə edilən əhali qismi dəxi Bakının Azərbaycan hökuməti idarəsi altında keçmiş hökumətlərə nisbətən əmin və asayişlə keçdigini qiyas edib abvatelin hissiyyatını döndərib də Azərbaycan hökumətinin iqtidarını təqdir edən və bu hökumətə tərəfdar olan bir "qrajdanin" hissiyyatına təhvil etsin.
Ümidvar olmalıyıq ki, paytəxtimizin qubernatoru Rəşid bəy Axundzadə həzrətləri və ədd etmiş olduğu ciddi tədbirləri kəmali-gərmi ilə mövqeyi-icaraya qoyub da qanun dairəsində bir növ ilə olur-olsun şəhərimizi boylə müəssif cinayətlərdən təmizləməklə, öz iqtidarını bizə göstərməklə bizim də iqtidarımızı özgələrə bildirər. Müvəffəqiyyətlərini arzu edirik.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 137-138.
