İran da qanuni-əsasi
Əgər desək ki, indiyə qədər İranda qanun yox idi, yalan və mübaliğəli olmaz zənn edirik. Doğrudan da, belədir, indiyə qədər qanun yox idi. Var idi bəzi nizamlar ki, onlara "qanun" deyirdilər, lakin bu "qanun"lar yalnız biz camaatın hökumətə bilkülliyyə tabe olması üçün qoyulmuşdu, Yəni bu "qanun"lar camaatın məişətinin sühulət və təmininə mütəzəmmin olmayıb, tək bir hökuməti və hökumət məmurlarını müraat edirdi. Deməli, indiyə qədər İran köhnə üsul ilə idarə olunan məktəbə bənzəyirdi. Məlum olduğu üzrə bu məktəblərdə cənab müəllimin səyi və ciddi yalan-yanlış tədrisdən savayı ümdə ona münhəsiri olur ki, məktəbdə şagirdlər müəllim qabağında kamali-ədəb və ərkan ilə oturub, "dələduzluq" etməsinlər. Şagirdlərin özlərinə məxsus ehtiyacatı isə zərrə qədər nəzəri-etibara alınmır. Müəllimin vecinə deyil ki, sabahdan günortaya qədər və günortadan azan çağına kimi diz üstə oturan uşağın bacaqları ağrıyır, təki uşaq diz üstə oturub, "ədəbi"- ni müəllimə bildirsin. İranda həmçinin, Əgər "qanun" var idisə, yalnız xalqın hökumətə olan itaətini təyin edirdi. Amma xalqın məişətini yaxşılaşdıracaq olan qanun yox idi.
İndi, gələcəkdə qurulacaq məçlisi-şurayi-millinin vəzifəsi İranda əsl qanun və nizamat tərtib etməkdir. Belə qanun və nizamat ki, ehtiyacat və icabati-zəmanəyə müvafiq olsun. Yəni millətin rifah və səadətini və dövlətin də qüvvət və şövlətini təmin edə bilsin. İranın Rusiyaya və Osmanlıya nisbətən böyük xoşbəxtliyi ondadır ki, orada ümumiyyət etibarilə müxtəlif cins millətlər yoxdur. Yalnız bir erməni tayfası vardır ki, onun da nüfusu ədədcə müsəlmanlara nisbətən yox mənziləsindədir. Buna binaən demək olar ki, orada (Osmanlıda Səbahəddinlər kimi) dövlətin təmamiyyətini puç edən ədəmi-mərkəziyyət (sentralizasiya) kimi ifrati-ibraz edəcək və bununla islahat və tənzimat işini təxir və toqifə salacaq firqələr olmayacaqdır. Yəni təmamiyyət dövləti mühafizə etmək məsələsində məclisin bütün əzaları müttəfiqülqövl və müttəhidəlrəy olacaqlar. Sair məsələlərə gəlincə, bu məsələlərdə də hökumətin özünü qorumağa ehtiyac olmayacaqdı. Çünki o məsələlərin hamısının həlli, istər camaat, istər hökumət üçün müsavi surətdə nəfdir. Məsələn, maarif məsələsi, islahati-ümumi, ümuri-daxiliyyə məsələsi, münasibəti-xariciyyə məsələsi, bunların həlli ola bilməz ki, İranda camaatdan ötrü nəf və dövlət üçün zərər və yaxud əksinə olsun.
Məclisi-şurayi-millinin açılıb düzələndən sonra birinci və ən böyük qeydi vergi və kənd məsələsinin həllidir. Rusiyada bir pristav və yaxud strajnik tərəfindən məhzlli- məmuriyyətdə bir qədər xudsərlik baş verdikdə camaat şikayətə qalxıb, məzkur məmuru "İran xanı" namı ilə təhqir. edirlər. Bu ona dəlildir ki, İranda o kənddə, bu bələddə hökm sürən xanların camaata rəva gördükləri zülm və sitəmi o qədər açıq və aydındır ki, onu rus təbəəsinin ən qanacaqsızı ədd olunan müsəlman kəndlisi dəxi müşahidə edib bilir. İran dövləti əslinə baxsan, neçə-neçə xanlıqlara bölünmüş bir məmləkətdən ibarətdir. hər xanlıq dəxi büsbütün öz hakimi olan xana tabedir. Xan baş hökumətə hər ildə müəyyən miqdarda xərc verir. Özü də bu xərçi çıxardıb da keyfi istədiyi kimi dolanmaq üçün öhdəsinə həvalə olunmuş xanlığı talan və qarət etməyə başlayır. Əhaliyə qarşı olan bu günə zülm bir vaxt İranda o qədər əyani və açıqca olmuşdu ki, bir dəfə İran hökumətinin özü xanların bu xudsərliyindən həyəcana gəlib qərar qoymuşdu ki, daha bundan sonra xanlara məcavib verilsin ki, onlar bir də camaatı istiqaətdən salmasınlar. Lakin bir o qədər xana məcavib vermək üçün xəzinədə pul lazım idi. Pul isə əlbəttə ki, yox idi. Söz yoxdur ki, Əgər indiyə qədər İranda vergi qaydası düzəlmiş olsaydı, həm xəzinədə pul olardı, həm də camaat xanların talan və qarətinə giriftar olmazdı. İndi bu saat, əlbəttə, yalnız bir vergi qaydası ilə İran xəzinəsini doldurmaq olmaz, əks surətdə camaatı yenə soymaq lazım gələr. Xəzinəni doldurmaq üçün vergidən savay sair vasitələr dəxi vardır. Vergi məsələsi xüsusunda danışıldıqda ümdə camaatın təhsili-məişəti nəzərdə tutulur. Zatən İran camaatı qabiliyyətli və zəhmətkeş bir tayfadır. Əgər bu gün İran kəndliləri arasında azuqə qazanmaqda tənbəllik və ətalət muşahidə olunursa, bunu onunla bəyan etmək olar ki, binəva kəndli qazandığı ruzunun hamısını xan tutub əlindən alacağını qabaqca bildiyinə görə, özünə bir o qədər zəhmət vermir və cüzi bir azuqəyə iktifa edir və onlar ki, xanın çeşmi-təməhkarı qabağında zəhmət çəkmək istəmirlər, vətənlərindən qaçıb diyarbadiyar düşərlər və bütün qüvvəsini qürbətdə pul qazanmağa sərf edib, vətənə qayıdanda getdiyi zaman geyindikləri cındır libasa bürünmüş qayıdırlar ki, xanın diqqətini özlərinə cəlb etməsinlər və ailə(külfət)lərinə qürbət zaviyələrində min məşəqqətlə qazanılmış bir-iki manat qara puldan məhrum və məyus olmasınlar. Lakin hamıya məlum olduğu üzrə, xanların iyə öyrənmiş burunları heç bir seydi gözündən kənara yayındırmır.
İran məcliei-şurayi-millisinin birinci işi camaatı bu xanların yədi-tamahkarəsindən qurtarıb, doğrudan-doğruya baş hökumətə tabe etmək və vergi işini müəyyən bir qaydaya salmaq olmalıdır. Çünki məmləkətin bu tərz ilə xanlıqlara bölünməsi əvvələn camaatın üstünə tökülmüş ağırlıqların birinci qatıdır ki, onu dünyada müvəffəqiyyətlə hərəkət etməyə qoymur və saniyən bu xanlıqların fəsxi və ləğvi dövlətin özünə də artıq nəfdir.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 55-57.
