Cidalar görünür
Azərbaycan istiqlaliyyətinin saf vüsulini tutan və meydani- siyasətdə dəxi məqamları sağdan və soldan ibarət olan bədxahlarımız bəzən olur ki, bizə qarşı hazırlaşmış olduqları cidalarını əlaltı bir politika xatirəsi üçün ciblərində gizlətmək istiyorlar ki, biz görməyək və bir gün bizi cidalamaq istərlərsə, biz qəflət altında olub həmlələri rədd və dəf edə bilməyək. Lakin cida cibə sığmayır və sığmayıb da itilənmiş və zəhərlənmiş olan ucunu bizə göstərib guya zəban-halı ilə degir ki, xəbərdar olun! Qəflətə uymayun, sipər və qalxanlarınızı həmişə hazır saxlayın yoxsa böyrünüz deşilər və yarası zəhərlənər!.. Zəhərli yara isə möhlik və öldürücüdür.
Mavərayi-Qafqaz cümhuriyyətləri içində nə Gürcüstanın kabinəsi müştərəkdir, nə Ermənistanın. Bunların kabinələri yəni hökumət əzası heyəti bir cinsdir. Boylə ki, Gürcüstan vəzirlərinin hamusı gürcü olan kibi Ermənistanki də hamusı ermənidir. Lakin bizim Azərbaycanda məlum olduğu üzrə, boylə degildir. Kabinəmiz müştərəkdir. Hökumətimiz əzaləri içində müsəlmanlardan əlavə xaricilər dəxi vardır. Müxtəlif millətləri olan bir məmləkətdə, bu əhvalın iqtizası olaraq, müştərək bir hökumət mövcud olması geniş siyasət yeridənlər nəzərincə şayan-təqdir bir haldır ki, bunun bizdə tətbiqi ədalətimizi bildirən və dargöz mütəəssüb olmadığımızı aşkar edən gözəl bir dəlildir. Biz müştərək kabinə təşkil əsasını qəbul edib də böylə adlana və münsifanə rəftarımıza heç bir kəsdən "mərhaba" və "afərin" gözləmirdik, fəqət gözlədigimiz bir şey vardısa o da bizim kabinəyə daxil olmaq istəyənərdən ümid etdigimiz sədaqət idi. Biz kabinəmizdə Azərbaycan istiqlalı tərəfindən olmayan və ya Azərbaycan istiqlalına toxunan hərəkətlərdən məmnun görünən bir vəzir ola bilər ki, ehtimalına yol vermirdik və əmin idik ki, kabinəmizi təşkil edən əzalər türk və müsəlman olsun, ya xarici olsun istiqlal əsasında möhkəmdirlər. Bundan əlavə vəzirlik mənsəbinə qəbul edən bir zatdan, xain deniləcək qədər dövriyyə olacağını təsəvvürümüzə böylə gətirmirdik.
Lakin heyhat! Biz safdərunluğa məxsus səhv də etmişik... Kabinəmizdə öylə bir vəzir varmış, öylə bir vəzir ki, dövriyyəlik kimi alçaq və xainanə bir sifəti haiz olub da bu sifəti Azərbaycan Cümhuriyyəti vəzirinin şərəf və heysiyyatına yaraşan bir sifət bilirmiş. Bir vəzir Azərbaycan dövlətinin maliyyə vəziri məqamım işğal etmiş olan Protasov cənablarıdır ki, hökumətimizin istiqlalımızı təhdid edən denikinlərə qarşı ciddi politikasından məmnun olmayaraq istefa vermək məcburiyyətindədir.
Bu şəxsin istefası öz ixtiyari iləmi və ya bunun dövrüyəligini sezmiş olan hökumət rəisinin təklifləri vaqe olur bu başqa bir məsələdir. Mətləbimiz bundadır ki, Protasov bizim içimizə saf cinah cərgəsindən gəlmə bir şəxsdir ki, bu tövr hərəkətlə dövrüyəlik göstərib sağ cinahda duranların cidasını çiynində gizlədə bilmədi və cidanı bizə göstərməgə məcbur oldu.
Bu əhvalın yeni kabinə təşkili işimizin hidayətində vüqu bulması - şayani-ibrət bir keyfiyyətdir. Deməli, yeni kabinə təşkil edilərkən kabinəmiz içində Protasov kimilərin bir daha olmuyacağını ümid etməliyik.
Sağ cinahın cidasını görmək üzrə idik ki, sol cinah dəxi öz cidasını gizlədə bilməyib, o da göstərdi.
Qüvveyi-"Bərqiyyə" cəmiyyətinin sosialist fələləri məvaciblərinin bir neçə saət gec verilməsini bəhanə edərək Bakı müsəlmanlarının və müsəlman demokratiyasının bayram axşamını şami-qəribanə münqəlib elədi. Zənn edilməsin ki, "inqilabiyyun"ların bu "münqəlib" hərəkəti yalnız müsəlman "burjuy"larını qaranlıqda qoyub, bayram şənliklərinə mane oldu. Bakı müsəlman füqarayi-kasibəsi evində elektrik işığına adət etməyibdirsə də, şəhər küçələrinin adi günlərdəki işığına adətkərdədir. Bu füqəra adi gündə işıq görünən küçələrin, əziz bayram axşamı bulutlu bir gecədə tam zülmətə dönməsindən mütəəssir olmazmı idi ki, füqərayi-kasibə tərəfdarı olanlar bu nalayiq hərəkəti özlərinə rəva görüb, bir millətin əziz bayramına qarşı bu qədər ehtiramsızlıq göstərdilər!..
"İskra"lann bu nalayiq hərəkəti fələlərin xodsəranə bir rəftarı deyə adlandırmasından və acınmasından bizə bir təsəlli ola bilməz. Biz bu hərəkəti, sol cinahın bizə qarşı bədxahına heysiyyatından təvəllüd edən bir rəftar surətində tələqqi edub də "İskra" çılara bunu deyə bilərik ki, əbəs yerə acınmayın! Cüdanı cibdə gizlətmək olmaz...
Özümüzə gəlincə arzumuz budur ki, bu cidaları görən gözümüz olsun!
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 128-129.
