Övzaımız
Bir neçə zaman bundan əvvəl məqalələrimizin birində millətimizə rəhbər və başçı olmalı adamlar lazımdır məalında bir şey yazmışdıq. Bugünkü halımız camaatın adamsız qaldığını və adama əşədd möhtac olduğunu ən müəssir bir surətdə göstərməkdədir. Bir tərəfdən zemstvo məsələsi, digər tərəfdən məktəb və ələlümum maarif məsələsi, bir yandan da qərəzi-şəxs həvəsilə iş görməyə atılıb da, camaatın zərər və fəlakətindən mənfəət aparmaq istəyənlərin əmal və hərəkati- müzürrəsinə qarşı məmaniət göstərmək məsələsi. Bunların hamısı həll və fəsilsiz qalmaqla nə qədər zərərləri movcib olur.
Bu zərər və ziyanları görüb də dinməmək, danışmamaq məhz xəyanət və vicdansızlıqdır. Axırda camaatın fəlakətini mövcib ola bilən bu zərər və ziyanları dəf etməklə işlərimizi düzəltmək və hər bir işi öz yoluna qoymaq üçün adamlar lazımdır. Oylə adamlar ki, qəlbləri pak, niyyətləri xalis olmaqla bərabər qüvayi-ruhaniyyələri möhkəm və mətin olsun. Hissiyyat sahibi deyil, əqli-səlim sahibi olsunlar... Zira hər bir böyük işdə insan ancaq əqlini özünə rəhbər tutmalıdır. Yoxsa hissiyyata təvəssül edilərsə, işi batırar, yaxşı nəticə görməz. Doğrudur insanın hissləri iki cürədir: yaxşısı da var, yamanı da. Yaman hisslərin insanın qəlbindən bilmərrə məhv və nabud olmasının lüzumu şübhəsizdir. Yaxşı hisslərə dəxi o qədər nəşvü nüma verməməlidir ki, əqli- səlimə qalib gəlsinlər.
Biləks insanın başındakı əql, onun qəlbindəki hissiyyatın üstündə həmişə hökmfərma olmalıdır. Mən demirəm ki, insanın qəlbi hər bir hissiyyatdan məhrum olsun, bəlkə əqil hər hissiyyata faiq gəlməklə onların izharat və iqtizaatnıı nəzmə salsın.
Təəssüflər olsun ki, biz müsəlmanlarda ələlümum, hissiyyatı daim əqli-səlimə qalib gəlməkdədir.
İstər yaxşı hisslərimiz, istər yaman hisslərimiz bizi əhatə edən şərait içində o qədər nəşvü nüma tapıbdır ki, əqli-fərrə qalib gəlməkdədir.
Doğrudan da bəzimizin rəhmdillik hissi o qədər artıqdır ki, sağ və səlamət bir dilənçinin, yolçunun ahu-zarına ürəyi yanıb pul verir. Lakin əqli bir o qədər nəşvü nüma tapmayıbdır ki, bu dilənçi və yolçuluğun aramızdan götürülməsinə bir çarə tapılsın. Halbuki məsələn, Almaniyada, İngiltərədə bir adam yıxılıb acından ölə, ona bir qəpik verən olmaz. Bununla bərabər hissiyyatlarının başında duran əqli-səlimləri sayəsində deyil sağ-səlamət yolçu, hətta kar, kor, şillərə də pul və çörək qazanmaq yolunu öyrədibdirlər. Bəzimizin büxl və həsəd hissi o qədər nəşvü nüma tapıbdır ki, özgəsinin bir hünər sayəsində qazandığı şöhrət və ehtiramı görüb qəlbi alışır, ona görə də xəyanət və dənaətə qədəm qoyur. Lakin özünün də bir o qədər əqli- səlimi yoxdur ki, bu da başqa bir hünər göstərməklə xalqın məhbubülqülubu olsun. Halbuki Yevropada birisi tərəqqi yolunda bir hünər göstərdikdə, bir digəri də özgə bir hünər göstərməklə qeyrət edir. Bunlardan başqa, lazım olmayan yerlərdə göstərdiyimiz cəsarət və çəsarət lazım olan yerdə ibraz etdiyimiz cəbunluq və bir çox manei-tərəqqi, hərəkat və əmalımız hamısı hissiyyatımızın əqlimizə qalib gəlməsindəndir. Və bu qalibiyyətə də səbəb genə də həqiqi təlim və tərbiyə görmədiyimizdəndir. Hər halda keçək mətləbə.
Bizim üçün hal-hazırda mətinülqəlb və səlimülqəlb adamlar lazımdır ki, deyil yaxşı-yaman hissiyyatı, bəlkə səlamət əqli sayəsində milləti irəli sürüyüb bu rəzalətdən qurtarmaq yolunda qabağına çıxan sədd və məmaniətləri məhv nabud edə bilsinlər. Yoxsa hal- hazırda, müfsidlər və öz nəfini millətin rəzalətində axtaran alçaqlar sayəsində ölkəmiz o qədər məğşuşudur ki, işlər böylə davam edərsə, gələcəyimiz çox yaman olar.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 113-115.
