Musiqidə xəlqilik
Xalq incəsənəti, folklor stili səslər və gözəllik cəhətdən tükənməz zənginliyə malikdir. Bunlarda dil çox rəngarəngdir. Azərbaycan incəsənətinin Moskvada keçirilən dekadası tamaşalarında geniş surətdə göstərilmiş xalq yaradıcılığına yüksək qiymət verilmişdir... Dekada iştirakçıları Kremldə qəbul edildikdə, bizə sosialist incəsənəti işçilərinə xalq ustalığının rol və əhəmiyyəti haqqında çox qiymətli göstərişlər verilmişdir.
İlk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Bizə bu gün nümunə olan xalq nəğmələri əsrlərdən bəri işlənə-işlənə yaradılmış və yalnız. bizim zəmanəmizdə həqiqi bədii formalar almışdır.
Bununla belə xalq yalnız yaradıcı, yalnız kompozitor deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi- əsərlərinin ən yaxşı "istehlakçısıdır", xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir və hər çeşidli saxta gözəllikləri və ideyasız dəbdəbələri amansızcasına rədd edir...
Kultura cəhətindən olduqca yüksəlmiş sovet tamaşaçısı incəsənət işçilərinə və xüsusilə kompozitorlara yüksək tələblər verməkdədir.
Bu tələbləri təmin etmək üçün kompozitorun nəinki ümumi musiqi kulturası sahəsində, bəlkə xalq musiqisi sahəsində də ciddi musiqi məlumatı olmalıdır. O, yaradıcılıq işinə başlamazdan əvvəl özünün kompozitorluq fəaliyyətinə nə qədər hazır olduğunu ciddi və düşüncəli surətdə yoxlamalı, sonralar məharətlə istifadə edə bilmək üçün xalq folklorunu öyrənməlidir.
Şəxsən öz haqqımda bunu deyə bilərəm ki, mən xalq musiqisini əsaslı surətdə öyrənməyincə böyük əsərlər yazmağa tələsməmişəm.
Öz işlərim məni bu qənaətə gətirmişdir ki, Azərbaycan xalq musiqisi bir sıra tarixi səbəblərə görə xüsusi bir "sistemə malikdir və tamamilə formalaşmış müstəqil bir incəsənətdir.
Xalqımız Azərbaycanda yalnız Sovet hakimiyyəti qurulduqdan, sonra sərbəst inkişaf yoluna çıxmış və proqressə doğru surətli addımlarla getməkdədir.
Hazırda Azərbaycan incəsənəti ərəblərin və osmanlı türklərin incəsənətindən olduqca yüksəkdə durur. Eyni zamanda Azərbaycan incəsənəti yavaş-yavaş hər cür yabançı, qondarma və xüsusilə Şərq musiqisi adı verilən təsirlərdən azad olmaqdadır.
Oriyental stili məşrut götürülmüş bir stildir, kompozitorları heç bir işə bağlamayan, şablondan başqa bir şey deyildir.
Bu stil başlıca olaraq zəngin xromatizmlərdə, mübaliğə məqamında, bir növ melodik xüsusiyyətlər gözlənilən yerdə işlənilir. Bizim Azərbaycan musiqimizdə isə heç bir xromatizm yoxdur, bizim musiqimiz ciddi diatonik musiqidir.
Temperasiya məsələsi haqqında da bir neçə kəlmə demək lazımdır. Azərbaycan kompozitorları artıq simfonik orkestrlər, operalar və başqa sahələr üçün böyük formalı musiqi əsərləri yazmağa alışmışlar. Simfonik orkestrdə temperasiya məsələsi qoyulmur. Biz bu məsələyə musiqişünaslıq nöqteyi-nəzərindən yanaşıb ifaçılardan ümumi musiqi dilində qətiyyən olmayan intonasiyalar vermələrini tələb edə bilmərik. Buna görə də mən şəxsən dünya musiqi əlifbasının Azərbaycan musiqi xüsusiyyətlərini verə bilmədiyini isbat etməyə çalışan bəzi musiqişünasların əsassız qeydlərini etinasız buraxıram.
Bu fikir tamamilə yanlışdır. Əvvəla, ona görə ki, xromatin qamma bizi tamamilə təmin edir; ikincisi də budur ki, əgər Azərbaycan musiqisinin bu və ya digər xüsusiyyətlərini qeyd etmək lazımdırsa, bunun üçün lazımi musiqi ədəbiyyatı vardır. Not işarələrindən başqa biz lazım olduqca ədəbi izahatın sayını artıra bilərik. Hər halda yeni əlavə not işarələri uydurmaqdansa, ədəbiyyatı artırmaq daha asandır.
Mən Azərbaycan xalq musiqisində yarımtondan az interval olduğunu eşitməmişəm. Bizim yarımton hətta ümumi musiqi dilində qəbul edilməmiş yarımtondan bir qədər də genişdir. Bizim böyük tersiyamız ilə temprire quruluşunda qəbul edilmiş tersiya arasındakı uyğunsuzluq da buradan doğur.
Tersiyalar kvarta çevrilən qədər qulağımız bir neçə tersiyanı alır. Bu məsələdə harmoniyanın tətbiq edilməsi, fortepianonun və simfonik orkestrin yayılması görkəmli rol oynayır
Azərbaycan musiqisini öyrəndikdə və ondan istifadə etdikdə muğam sisteminə, Azərbaycan musiqisində olan və çox böyük rol oynayan canlı muğamlara xüsusi diqqət verilməlidir. Çalışmaq lazımdır ki, bu muğamlar öz sərbəst əhəmiyyətlərini itirməsinlər.
Mən şəxsən inanmışam ki, biz Azərbaycan muğamlı musiqini intensiv şəkildə işləməklə muğam incəsənətini ən yüksək səviyyəyə qaldıra bilərik. Şübhəsiz ki, bu işdə sovet ictimaiyyətinin geniş köməyi olmalıdır.
Azərbaycan xalqı bu muğamlarda major yaxud minor köklərini axtarmaq ehtiyacı duymur, hər bir muğamın bizdə xüsusi əhəmiyyəti, özünəməxsus xüsusi koloriti vardır.
Azərbaycan musiqisində həştada qədər muğam olduğunu iddia edənlərin fikrinə zidd olaraq, mən bizim musiqimizdə öz xüsusi quruluşu olan sərbəst muğamların sayının səkkizdən artıq olmadığı fikrindəyəm, bundan başqa əlavə muğamlar vardırsa da bunlar əsas muğamlardan ayrılmır.
Hər bir muğamın müstəqil əhəmiyyətindən danışarkən mən xalq anlayışını nəzərdə tuturam. Məsələn, "Segah" muğamı lirik-aşiqanə əhəmiyyətə malikdir. Bütün incə aşiqanə xalq nəğmələri bu muğam əsasında qurulmuşdur. Buna görə də mən aşiqanə səhnələri öz operalarımda verdikdə bu muğamdan istifadə edirəm.
Musiqi boyaları ilə xalqın məzlum vəziyyətini yaxud istismarçı siniflərin qəddarlığını ifadə etmək lazım olduqda, mən "Çahargah" muğamını işlədirəm. Bundan başqa mərdlik, sevinc, mübarizə xarakterinə malik olan "Rast" muğamı da vardır.
Şəxsən bu fikirdəyəm ki, muğam sistemi ümumi musiqi kulturasına bir çox yeniliklər və təravət gətirəcəkdir. Bu saat mən "Azərbaycan muğamlarını öyrənmək üçün rəhbər" adlı elmi əsərimi nəşr etdirməyə hazırlayıram. Zənnimcə, bu kitab Azərbaycan incəsənəti sahəsində çalışmaq istəyən kompozitorlara lazımi kömək edəcəkdir.
Mən "Koroğlu" operasını yazdıqda köhnə xalq yazısı çərçivələrindən bir qədər kənara çıxmışam, yəni əsərimi bir qədər sərbəst stildə yazmışam. Praktika göstərdi ki, opera bütünlükdə geniş tamaşaçı kütlələrinə çata bilmişdir və bunun səbəbi də operanı yazarkən onun musiqi tekstində və həmçinin yaradıcılıq fantaziyamda muğam sistemini əsas götürməyim olmuşdur.
Çoxsəslilik haqqında da bir neçə söz demək lazımdır. Bu da böyük və mürəkkəb bir məsələdir, çünki yenə də bir sıra tarixi səbəblər nəticəsində son illərə qədər Azərbaycan musiqisində çoxsəslilik olmamışdır. İndi biz musiqımızə çoxsəslılık daxil edirik. Çoxsəslilik kulturasını inkişaf etdirmək üçün kontrapunktun tətbiq edilməsi Azərbaycan musiqisində harmoniyadan daha artıq böyük rol oynayır, çünki kontrapunkt ifaçını majora, yaxud minora məcbur edir.
Xalq musiqisini öyrənmək işinin çox böyük əhəmiyyəti vardır və bu məsələ konservatoriyanın əsas dissiplinalarından biri olmalıdır.
Lakin Azərbaycan Dövlət konservatoriyasında bu dissiplinadan nədənsə dərs keçilmir; bu da bir sıra cavan kompozitorların işində öz təsirini göstərir, onların musiqi əsərləri çox zaman abstrakt və ya subyektiv xarakter daşıyır.
Son zamanlarda bizim gənc kompozitorlarımız musiqidə xəlqiliyin böyük əhəmiyyəti olduğunu anlamağa başlamışlar, onların bir çoxu çox zəngin olan folklor sahəsini diqqətlə öyrənir; bu işlər bizi tamamilə və möhkəm surətdə inandırır ki, yaxın illərdə Azərbaycan musiqisi daha da parlaq bir çiçəklənmə mərhələsinə girəcək, bizim böyük sosialist vətənimizin fəxri olacaq bir səviyyəyə yüksələcəkdir.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 221-224.
