Ordan-burdan
Dünyada olan bütün diri məxluqatın (hətta bəzi nəbatatın da) bir qüvvəyi-tədafüəsi vardır. Yəni bir karastısı var ki, onunla düşməni dəf eləyir.
Məsələn, şirin və bəbir kimi heyvanların qüvveyi-tədafüəsi iti dişləri və dırnaqlarıdır.
Arının və bəzi cücülərin qüvveyi-tədafüəsi tikanlarıdır.
Quşların qüvveyi-tədafüəsi iti dimdikləridir.
Bəzi nəbatat var ki, onların qüvveyi-tədafüəsi hiss və zəhərli bir qoxudur.
İndi gələk adamlara.
Adamlar, müxtəlif firqələrə bölündükləri üçün onların müxtəlif də qüvveyi-tədafüələri vardır.
Qoçular firqəsinin qüvveyi-tədafüəsi afserski tapançadır.
Həqiqi yazıçıların qüvveyi-tədafüəsi qələmdir.
Yalançı yazıçıların qüvveyi-tədafüəsi söyüşdür.
Dövlətlilərin qüvveyi-tədafüəsi puldur.
Aya bəs mollanümalər firqəsinin qüvveyi-tədafüəsi nədir? Rəvayət eləyirlər ki, onların qüvveyi-tədafüəsi “təkfirdir”.
“Təkfir” - təbil babindən əmələ gələn bir sözdür. İndi baxaq görək, aya bu, “təkfir” nə tövr karastıdır?
Hamıya məlumdur ki, bomba adamı parça-parça edir.
Güllə - adamı deşir.
Xəncər - kəsir.
Qələm - biabır edir.
Söyüş - incidir.
Pul - Sibirə göndərir.
Bəs təkfir nə qayırır? Rəvayət edirlər ki, təkfir insanı kafir edir.
Amma heyif ki, mən bunu başa düşə bilmirəm. Necə yəni insanı kafir edir?
- Əvvəla hansı insanı? Urusu, yoxsa müsəlmanı?
- Ehtimal var ki, müsəlmanı, çünki urus onsuz da kafirdir.
- Bəs hansı müsəlmanı?
- Əgər dinindən dönən müsəlmanı, - onda təkfirin lüzumu yoxdur, çünki dinindən dönən aşkar deyir ki, mən kafirəm.
- Bəs elə olan surətdə, aya dinindən dönməyən bir müsəlmanı nə tövr kafir etmək olar?
- Mən burasını yaxşıca anlayıram ki, bir molla bir kafiri müsəlman edə bilər. Amma burasını heç qana bilmirəm ki, molla müsəlmanı kafir etsin! Çünki müsəlmanı kafir eləmək - misyonerlərin işidir. Bu bir. İkinciyə qalan yerdə, Allah-taala Məhəmməd Əleyhissəlamı göndərdi ki, kafirləri müsəlman etsin, Məhəmməd Əleyhissəlam dəxi etdi.
- Aya bəs Mollanümalərə kim tapşırdı ki, Məhəmməd Əleyhissəlam müsəlman edən adamları kafir eləsinlər?
- Sözün doğrusu, bu məsələdə lap mat qalmışam. İsrağa gün “Tərəqqi”də oxuyuram ki, müctəhid Ağa Həsən, müctəhid Ağa Kərim və Mir Haşım car çağırtdırıbdırlar ki, hər kəs məşrutəçilərə çörək versə və avadanlıq gətirsə, təkfir olunacaqdır. Yenə də irəlidə oxumuşdum ki, müctəhid Şeyx Fəzlüllah elan edibdir ki, məşrutə istəyən müsəlmanlar kafirdirlər. Və təkfirin qorxusundan da heç bir kəs dörd gün Təbrizə azuqə göndərməyibdir. Bundan belə məlum olur ki, doğrudan da təkfir haman mollaların qüvveyi-tədafüəsidir.
- Xub, bəs o Təbrizi bu Rəmazanəl-mübarəkdə dörd gün ac qoyan müsəlmanlar nədən qorxublar? Təkfirdən? - Yenə başa düşmürəm. - Qoy müctəhid Mirzə Həsən desin ki, “filankəs” kafirdir. Çünki Təbriz aclarına çörək gətiribdir.
- Aya görək onda mən “Filankəs”in dili lailahəilləllah tutmazmı?
- O mənə deyir ki, səni təkfir etdim. Sən kafirsən. Mən də baxıb görürəm ki, onun sözünə mənim nə zahirim kafir oldu və nə də batinim. Xub, mən təkfirdən nə üçün qorxum? Və ac müsəlmanları da rəməzan günündə çörəksiz qoyum?
Xülasə! Həqiqi molla müsəlmanı kafir eləməz. Kafiri müsəlman edər. O birilərinə də heç kəs bu ixtiyarı verməyib. O surətdə deməli, təkfir, yəni üfürmək.
Elə isə qoy üfürsünlər!
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 41-43.
