Qomşuluq
İran qəzetələrində və bunlardan baxüsus rəsmi və nim rəsmi şəkildə olanların da Azərbaycan haqqında bir taqım məqalə və əxbarata təsadüf edilməkdədir ki, xeyirxahanə bir qəsd və bəradəranə bir hislə yazılmadıqları istər şivə, istər məzmunlarından aşkar olmaqla bizləri kədəramiz fikirlərə sövq edə bilir.
İran mətbuatının bu münasibəti qeyri-dostanəsindən əlavə, baisi-kədər olacaq başqa keyfiyyətlər dəxi vardır ki, mövqeyi gələndə onun da bəhsi mətbuatımıza keçəcəkdir.
Qəzetəmizin keçən nömrələrindən birində Məhəmməd Əmin Rəsulzadə həzrətlərinin Azərbaycan və İran münasibəti həqqında geniş və ətraflı bir mütaliyəyi havi gözəl bir məqaləsi var idi. Bu məqalə Azərbaycanın ismindən, dəha doğrusu, onun elani-istiqlalından İran gələcəyi üçün xətərlər vüqu ehtimalına pey aparan iranlıların boylə əsassız əndişələrini bilkülliyyə rəf edə biləcək bir məzmunda yazılmış olduğundan, İran əfkari-ümumiyyəsində və baxüsus bu əfkari-ümumiyyə rəhbəri olan mətbuatında lehimizə olaraq bir təhəvvül və bir rəy dəyişikliyi əmələ gələcəyini qəviən zənn edirdik.
Təəssüflər olsun ki, Azərbaycan məhafili-siyasiyəsində böyük bir əhəmiyyəti olan və İran siyasiləri zümrəsincə gözəlcəsinə tanınan bu zatın kafi və şafi mütaliəsi bəzilərinin həyəcanını təskinə kafi görünmədi. Münasibət eynilə baqi qaldı və etimadsızlıq və əlavə olaraq etinasızlıq politikası heç də dəyişmədi.
Azərbaycanın İrandan ötrü ən səmimi bir xeyirxah olduğunu dəlil və sübutlar ilə isbata bir o qədər də ehtiyac yoxdur. Burasını iranlılar özləri yaxşı bilməlidirlər ki, aramızda dini, siyasi, ictimai və iqtisadi olaraq ən sıxı bir mərbutiyyət və yaxınlıq mövcud olduğu halda, Azərbaycan İrana qarşı bədxahanə bir vəziyyət ixtiyarına yol verməz, çünki boylə vəziyyət lüzumuna arada heç bir səbəb yoxdur. Boylə olduğu halda İranın Azərbaycana etibar və etimad etməyəcəyinə məhəl qalmayır. Cüzi mənası olan hadisələri əgər öylə bir hadisə həqiqətən vaqe olmuşsa, İran ilə Azərbaycanı təhti-məvaxizəyə almaq hal-hazırda dürüst degildir. Çünki yeni təşkil etmiş olan cavan Azərbaycan hal-hazırda fövqəladə günlər keçirmək üzrədir. Mühafizeyi-istiqlal və təmini-istiqbal üçün heç bir yerdən məzhərət görmək sizin yalnız öz qüvvəsi və öz tədbiri ilə çalışmaqda olan Azərbaycanı cüziyyat üzərinə məqami-mühakimə və məvaxizəyə çəkmək dürüst deyildir. Siyasət işlərinə vaqif olanlarca boylə bir əməl heç vaxt haqlı ədd edilməz, çünki boylə mühüm bir zəmanədəki coyhan siyasəti öz sima və surətini dəyişmək üzrə olub yeni bir dövr siyasət başlanır, cüziyyat qəbildən olan hadisələrə avamiyanə bir nəzərlə baxmaq ərbabi-siyasət üçün caiz ola bilməz.
Siyasiyyat işlərinə biganə olan və əsrarını başa düşməyən avamın adəti hər cüziyyat üzərinə daima şikayətdir ki, boylə bir adət siyasiyyat ərlərinə mütləqən yaraşmaz. Azərbaycan isiqlalına “prinsib” və əsas üzrə etirazı olmayan zənn etdiklərimizin bir tacirin şikayəti dolayısilə mütəəssir olub da etidal dəmini yetirməsi hissiyata qapılmaqdır.
Halbuki siyasiyyat işləri hissiyat müdaxiləsini qəbul etməz.
Azərbaycanın istiqlalına əsas nəzərilə baxmaq məsələsinə gəldikdə burasını heç kəs unutmasın ki, bu vaqiə boş və əsassız bir macəra deyildir, bəlkə Azərbaycan islamlarının səlamət bir iradəsi, hökmü ilə bərabər mühitimizin cərəyan və qayeindən doğan məqbul bir məntiq təcvizi ilə əmələ gəlmiş mühüm bir əmri-vaqedir. Bu əmri-vaqei kim bəyənir və kim bəyənməz məsələsi Azərbaycan islamlarının iradəsini dəyişə bilməz. Və boylə bir məsələyə əhəmiyyət verilmiş olsa idi əvvəl-əvvəl rus xalqının rəyi nəzəri-etinayə alınmış olardı ki, bu işlərə doğrudan-doğruya əlaqədər odur və özünün də qüvvəti hələ böyükdür, fəqət bununla boylə İran hökumətinin Azərbaycan istiqlalı haqqında özünəməxsus olan fikrini, rəyini, müsbət olsun və ya mənfi olsun, müəyyən surətdə bilmək istərdik.
Məmləkətimizi ziyarətə gələn Yevropa nümayəndələrinin bizə qarşı söylədikləri xoş sözləri, göstərdikləri hüsni-rəftarı biz “Avropa” bizim istiqlalımızı mütləq tanıyor”, deyə dəlil göstərmək istəmədiyimiz kimi, İran mətbuatının acı sözləri, tacirlərin yersiz şikayətlərini də “İran dövləti istiqlalımızın bədxahıdır deyə, boylə tələqqi etmək istəmiyoruz. Biz bilirik ki, bizim həqqımızda nə Avropa, nə də qonşumuz İran hələ müəyyən bir qərara gəlməmişdir. Bizə boylə görünür ki, İran dövləti Avropanın qərarını gözləyir. İştə bu fəqərəni biz istəməzdik və istərdik ki, İran dövləti bu məsələdə özünü Avropaya tabe etməyib də müstəqilən hərəkət etsin və bəri başdan öz qərarına hökm versin. Avropa bizi təsdiq edərsə, İran da edər və ya etməzsə, İran da etməz olacaqsa o halda mətbuat dedi-qodularının nə mənası? Halbuki İran bizim istiqlalımızın bəqa və fənalığına heç bir vəchlə laqeyd bir nəzərlə baxa bilməz. O mütləq iki şeydən birinə müstəqil olaraq hökm verməlidir. Olsun və ya olmasın. Çünki əvvəl-əvvəl biz onun qonşusuyuq binaən əleyh əlaqə və rabitə lazım gələcəkdir. Vəilla bugünkü şikayətləri həqlı da olmuş olsa rəsmi əncamı mümkün deyildir. Əgər bu gün İran müstəqil olaraq Azərbaycan istiqlalı həqqındakı fikrini rəsmən elan edərsə, onu heç kəs məzəmmət edə bilməz.
Arjentin Cümhuriyyəti Gürcüstan istiqlalını rəsmən tanıdığını elan eldi. Buna kimin bir sözü olacaqdır. Arjentin Cümhuriyyəti istiqlaliyyəti “prinsipini” qəbul etmiş, ona görə də Qafqazda bir Gürcüstan istiqlalı əmələ gəldiyini eşitcək həman dəm rəsmən tanımışdır. Hələ qonşuluq, müsəlmanlıq təəssübü kənarda dursun, bugünə qədər istiqlali daima təzyiq altında olub bü üzdən ənvai-fəlakət və müsibətlərə təhəmmul edə, gələn İran istiqlal “prinsipi” həqqında müstəqil bir fikrə malik degilmi ki, bu fikrin ifşasını bir bu qədər çək-çevirə salır.
Əlqərəz, İran ilə Azərbaycan arasında rəsmi bir münasibət peydası vücudpəzir olmamış bizə qarşı edilən şikayətlər yersizdir və yersiz olduğu qədər də hər iki tərəf üçün zərərdir.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 267-269.
