Üzeyir Hacıbəyli

Rusiyaya dair

Dövlət duması açılmaq üzrədir. Hər bir vəzarətin məsələsi gələcək sənə üçün mədaxil və məxaric hesablarından əmələ gələn ümumdövlət büdcəsi kimi adi məsələlərdən başqa, zaman və cərəyani-hadisat ilə meydana atılmış bir çox məsələlər var ki, Dövlət duması onları həll etməyə məcburdur. Məsələn, bu gün Peterburqda darülfünun işləri böyük bir böhrana uğrayıb, tələbələr universitet qapılarını üzlərinə bağlamağa məcbur oldular. Bu darülfünun pərişanlığının banisi olan maarif vəziri Şvarts 1905-ci sənədə 27 avqustda darülfünun istiqlaliyyəti xüsusunda verilmiş fərmana müğayir olaraq verdiyi əmrlərini senat vasitəsilə izah etmək istəyir və bu əmrlərin haman fərmana müvafiq olduğunu qandırmağa səy edir. Lakin maarif vəzarəti tərəfindən maarif işlərinə dair ixtiyar edilmiş bu məslək nəinki bir darülfünunda, əhali arasında, duma əzaları arasında, bəlkə rus milləti ittifaqı ilə ifrat sağ məbuslardan başqa hökumət nümayəndələri arasında da hüsni-qəbul görməyib, vəzirin məqamını laxlatdı. İndi maarif vəzirinin istefa edəcəyi xüsusunda şayiələr devran etməkdədir.

Maarif vəziri nə etdi?

Maarif vəziri, əvvəla, tələbələri vəkalət ixtiyarından məhrum edib, professorların üzərinə də bir dərəcəyə qədər polis xidməti vəz’ etdi. Bundan başqa, qız tələbələrin zükur tələbələr ilə bir yerdə dərslərə qulaq asmaq iznini geri aldı.

Vəzir təklif edir ki, qızlara alahı dərs verilsin. Professorlar isə bunun qeyri-mümkün və icraedilməz bir iş olduğunu elan edirlər. İndi iş dumaya qalıbdır. Bu halda darülfünun üçün yeni nizam tərtib olunub, vəzirlər şurasında müzakirəyə alınıbdır. Bu nizamnamə bədə dumaya veriləcəkdir.

İştə duma darülfünun köməyınə gəlməlidir. Danışırlar ki, dövlət duması maarif vəzarətinin islahı işində çalışacaqdır. İndi qəzetlərdə fikirlər bəyan olunur ki, Dövlət duması senatın islahına dəxi çalışsın. Çünki bu halda senat bir müəssisə olubdur ki, Dövlət duması kimi, vəzifəsi qanunsazlıq olan müəssisənin tətbiqi-həyat üçün verdiyi qanunları "izah" namilə tamamilə ləğv edir. Filhəqiqə, senatı qanunsazlıq işinə qarışmadan mən etmək işi dövlət duması üçün böyük bir vəzifədir.

Ümumdövlət üçün və baxüsus biz qafqazlılardan ötrü mühüm ədd olunan məsələlərdən biri də Qafqaz dairəsi məsələsidir. "Novoye vremya" qəzeti "Qafqazda inqilab var, hökumət başıboşluq edir, nədir"-kimi ünvanlar ilə o qədər çığır-bağır etdi ki, canişini-Qafqazın Peterburqa getməsinə və "Qafqaz idarəsi işlərini təftiş etmək üçün bir senator göndərilməsi lazımdır" kimi sözlər söyləməyinə səbəb oldu. Şübhəsizdir ki, Duma bu səfərki iniqadlarında Qafqaz məsələsi ilə də uğraşacaqdır. Deyirlər ki, canişini-Qafqaz bu barədə Qafqaza dair bir neçə qanun layihələri hazırlayıbdır ki, dumaya versin.

İndi bizim Qafqaz məbuslarımızın böyük vəzifəsi və məsuliyyəti: burada da Qafqaz məbusları dumanı Qafqaz ilə tamam surətdə aşina etməyə və Qafqaz əhalisinin bütün ehtiyaclarını dumaya bildirməyə borcludur. Onlar dumanı xəbərdar etməlidirlər ki, madam ki, Qafqazda bəzi inqilabcuyanə hərəkət və cinayət işləri baş verməkdədir, o surətdə onun səbəbi Qafqaz əhalisinin bir çox ehtiyacatının rəf edilməmiş bir halda qalmasından irəli gəlir. Ümidvarıq ki, ölkəmizin məbusları bu gunə vəzifələrindən xəbərdardırlar.

Ümumrusiya müsəlmanları məbuslarına gəlincə, onlar da burasını yaddan çıxartmamalıdırlar ki, onlar keçən iniqad əsnasında bir şey etmədilər və Sibir və Türküstan kimi müsəlman yerlərinin dumada iştirak edəcək məbuslardan məhrum olmalarına qeydsiz baxdılar. Halbuki bu məsələni dumada mövqeyi-müzakirəyə qoymalı idilər. Yer və torpaq, maarif və bunlar kimi bir çox həyati məsələdə namücməl qalıb, müsəlman əhalisinin "Duma bizə nə yaxşılıq elədi?" kimi haqlı suallar verməsinə səbəb oldu.

Qoy müsəlman məbusları burasını həmişə nəzər önündə tutsunlar ki, 30 milyonluq müsəlmanların bütün ehtiyacati-milliyyə, diniyyə, iqtisadiyyə, elmiyyə və sairlərinin rəfi yalnız bir dumaya bağlıdır. Duma isə bu məsələdə müsəlman məbuslarının ağzına baxacaqdır. İştə o ağız sahibləri öz vəzifələrini pişəz vəqt yaxşıca düşünsünlər.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 98-100.