Üzeyir Hacıbəyli

Bəstəkar Asəf Zeynallının vəfatının ildönümü münasibəti ilə məruzə

İnqilabdan əvvəl Azərbaycan türkləri arasında musiqi təhsili olanlar yox dərəcəsində idi. Çar hökuməti türk kütləsinin ümumiyyətlə təhsil almaq, xüsusən musiqi təhsili almaq arzusuna maneçilik törədən və onun həvəsini söndürən cəhalətpərəst qüvvələri hər vasitə ilə müdafiə edir və şirnikləndirirdi. Musiqi təhsili almaq nalayiq və günah iş sayılırdı.

Aprel inqilabından, yəni proletariat hakimiyyət başına gəldikdən sonra türk kütlələrinin mədəni inkişaf yolunu kəsən bütün maneələr aradan qaldırıldı. Xalq onu əsrlər boyu cəhalət içərisində saxlayan buxovlardan azad oldu, partiya və hökumətin rəhbərliyi altında təşkil edilən və öz qapılarını geniş kütlənin üzünə taybatay açan proletar məktəblərinə axışmağa başladı. Elm və incəsənətin bütün sahələri üzrə çoxlu müxtəlif məktəb, o cümlədən xüsusi türk musiqi məktəbi açıldı; türk musiqi məktəbinin yaradılması proletar diktaturası şəraitində Lenin milli siyasətinin həyata keçirilməsi tədbirlərindən biri idi.

Mənə türk qadınlarının kişilərlə birlikdə təhsil alması məsələsini bütün məktəblər içərisində birinci olaraq həll edən həmin musiqi məktəbini idarə etmək şərəfi nəsib olmuşdur. Türklər bu məktəbə axın-axın gəlirdi, binanın darısqal olmasına baxmayaraq, burada 500-dən çox şagird oxuyurdu. Məktəbin ilk şagirdlərindən biri də mərhum Asəf Zeynallı idi, o, truba sinfinə qəbul olunmuşdu.

Asəf Zeynallı 1909-cu ildə Dərbənd şəhərində (Dağıstan) yoxsul kəndli ailəsində anadan olmuşdur. Hələ uşaq ikən truba çalmağı öyrənməyə başlamış, Bakı şəhər hərbi məktəbi nəzdindəki nəfəsli orkestrə daxil olmuşdur. Asəf türk musiqi məktəbinə gələrkən truba çalmaq sahəsində ibtidai biliyə malik idi. O, dərs ilinin ilk günlərindən özünü fəal şagird, musiqi təhsili almağa böyük həvəs göstərən bir gənc olduğunu göstərir. Bir il sonra məktəbdə təşkil olunan konsertlərdə truba ilə çıxış edir. İstedadlı şagirdlərə xüsusi fikir verən müdiriyyət Asəfə violonçel sinfinə keçməyi məsləhət görür. Bu sinifdə Asəfin rəhbəri məşhur violonçel müəllimi, professor Okorokov idi. Öz şagirdinin əməli hazırlığından çox razı olan Okorokov ona musiqi sənətinin ümumi elementar cəhətlərini öyrənməkdə kömək edir. Asəf violonçel çalmaqda böyük müvəffəqiyyət qazanır, şagird orkestrində iştirak edir, konsertlərdə solo ilə çıxış edir. O, violonçel sinfində oxumaqla bərabər, fortepiano çalmağı da öyrənir və çox qabiliyyətli bir şagird kimi xüsusi fortepiano sinfinə keçirilir, burada türk musiqi texnikumunun ən yaxşı müəllimlərindən biri olan N. V. Jenetskayanın rəhbərliyi ilə ikinci bir ixtisas öyrənir. Asəfin nəzəri məşğələlərinə (elementar nəzəriyyə və 1-2-ci harmoniya) mən rəhbərlik edirdim. Eyni zamanda öz şagirdimin diqqətini türk xalq musiqisi ladlarının əmələ gəlməsinə və iki musiqi sistemi (ərəb-fars və Avropa) arasındakı fərqlərə yönəldirdim. 1925-ci ildə türk musiqi məktəbi öz şagirdlərinin qüvvəsi ilə müvəffəqiyyətlə çıxış etdikdən sonra (onlar "Arşın mal alan" musiqili komediyasını tamaşaya qoyurlar; tamaşada iştirak edən 40 nəfərlik orkestr və bütün vokalçılar məktəbin öz şagirdləri idi) Türk Musiqi Texnikumuna çevrilir. 1926-cı ildə musiqi texnikumu Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarına əsasən konservatoriya ilə birləşir.

Konservatoriyanın professorlarından ibarət komissiya qarşısında iki harmoniya üzrə əla imtahan verən Asəf professor Karaqiçevin kontrapunkt sinfinə qəbul edilir. Kompozisiya nəzəriyyəsi ixtisası Asəfin daha çox ürəyinə yatır, o, musiqi sənətinin bu sahəsinə həmişəlik bağlanır. Asəf kompozisiyaya aid bütün fənləri öyrənməklə yanaşı, Azərbaycan xalq musiqisi əsaslarının öyrənilməsi sinfinə (Ü. Hacıbəyovun sinfinə) böyük həvəslə keçir, lad musiqisi bəstələmək tapşırıqlarının hamısını səylə yerinə yetirir. Mərhum Asəf ümumiyyətlə bütün məşğələlərə çox ciddi yanaşar, hərtərəfli musiqi biliyinə malik olmağa, bəstəkarlıq sənətinə dərindən yiyələnməyə çalışardı. O, deletantizm xarakteri daşıyan hər cür çıxışa nifrət edir, istər konservatoriyada, istərsə də başqa yerlərdə lazımi musiqi hazırlığına ciddi yanaşılmamasına barışmaz münasibət bəsləyirdi; yoldaşlarına nümunə olan Asəf onları məşğələlərə ciddi yanaşmağa həvəsləndirir, ictimai musiqi fəaliyyətinə cəlb edirdi.

1929/30-cu dərs ili gəlir; kadrlar hazırlamaq haqqında bütün ölkəyə yayılan mübariz şüar hər bir sovet məktəbinin qapısını döyür və məktəbin tədris-metodika həyatını istehsalat prinsipi üzrə yenidən qurmağı tələb edir. Məktəblər az müddət içərisində yenidən qurulur; Azərbaycan Dövlət Konservatoriyası da yenidən qurulur, lakin o, sosializm quruculuğu ölkəsini bürüyən coşqun inqilabi sürətlə ayaqlaşmağa macal tapmayaraq, hələ tam tədris kursunu bitirməmiş tələbələri istehsalata göndərir. Onların arasında Asəf də vardı. Asəf hələ Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi ikən Qırmızıbayraqlı Türk fəhlə teatrında musiqi hissəsinin rəhbəri kimi məsul bir işdə çalışırdı. Lakin sovet məktəbində tərbiyə alan, fəal ictimaiyyətçi olan Asəf istər inqilabi teatrın vəzifələrini, istərsə də musiqi rəhbəri olmaq etibarı ilə öz vəzifələrini dərindən başa düşür və özünəməxsus ehtirasla işə girişir. Asəf çox gözəl başa düşür ki, teatrın musiqi hissəsinin rəhbəri təkcə əlverişli materiallar toplamağı və onlardan musiqili montaj hazırlamağı bacarmamalıdır; ondan hər şeydən əvvəl yaradıcı iş tələb olunurdu, Asəfin rəhbərliyinin bütün texniki his- səsi inqilabi yaradıcılıq fəaliyyətinin məhsulu olan materiallar əsasında aparılmalı idi. Buna görə də o, müstəqil bəstəkarlıq fəaliyyətinə başlayır; bu zaman Asəfin təcrübəsi az olsa da, o, kifayət qədər yaradıcılıq qüvvəsinə və bədii təfəkkürə malik idi, Azərbaycan Dövlət Konservatoriyasında oxuduğu müddətdə musiqi bəstələmək sahəsində əsaslı bilik əldə etmişdi. 1931-ci ildə o, kompozisiya nəzəriyyəsi sinfi üzrə Dövlət Konservatoriyasını bitirir. Artıq Asəfin müstəqil yaradıcı iş üçün daha çox vaxtı olur. Xarakterik bir haldır ki, o, cəmiyyətdən ayrı işləməzdi: özünün və başqalarının əsərləri barəsində daim yoldaşları və keçmiş müəllimləri ilə fikir mübadiləsi edər, musiqiyə dair hər hansı bir mövzuda həvəslə söhbət açar, Qərbdəki musiqi cərəyanlarının istiqaməti ilə maraqlanardı; sosializm quruculuğunun sürətli irəliləyişi ilə əlaqədar olaraq sovet inqilabı həqiqətinin irəli sürdüyü musiqi problemlərinə xüsusi maraq göstərərdi. Asəf Bakı şəhərinin musiqi həyatında eşitdiyi və gördüyü şeyləri kifayət hesab etmirdi, bunları daha böyük miqyasda görmək və eşitmək istəyirdi. Bu məqsədlə o, Moskvaya və Leninqrada səfərə çıxır. Sovet İttifaqının bu böyük şəhərlərinin qaynar musiqi həyatı, musiqi materiallarının çoxluğu, rəngarəngliyi və daha yaxşı ifa olunması ona böyük təsir bağışlayır. Asəf xüsusi mübariz RAPM-çıların şövq və ehtirasla dolu fəaliyyətinə aludə olur. O, Leninqradda musiqi istiqamətinə RAPM-çıların baxışının təsiri altına düşür. Bundan sonra Asəf keçmişin irsi və APM-ə mənsub olmayan bəstəkarların əsərləri haqqında mənfi mövqe  tutmağa başlayır, bunların hamısını dəbdən düşmüş və musiqi sənəti sahəsində inqilabi dəyişikliklərin tələblərinə cavab verməyən əsərlər hesab edir. O, Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xalq çalğı alətləri şöbəsinin olmasına da bu cür münasibət (müvəqqəti olsa da) bəsləmişdi (Azərbaycan SSR Xalq Maarif Komissarlığının kollegiyasında onun çıxışı). Asəfin bu cur mövqe tutması musiqi probleminin onu düşündürən məsələləri barəsində müzakirə açmaq və gənc bəstəkarlarda təbii olaraq müxtəlif tərəddüdlər doğuran prinsipial məsələlərə həmin muzakirələrdə cavablar tapmaq arzusu ilə də izah oluna bilər; eşitdiyimə görə, bu tərəddüdlər musiqidə bədii prinsiplərin müəyyənləşdirilməsinə bəslənilən münasibətlərə aid idi.

O vaxtlar Asəf Türk fəhlə teatrı üçün müxtəlif mövzularda yazdığı instrumental əsərlərini birləşdirərək böyük simfonik orkestr üçün uyğunlaşdırdı. Həmin əsər Qırmızıbayraqlı Türk fəhlə teatrının 10 illiyi yubileyi günündə professor Ştrasserin idarəsi ilə "Fraqmentlər" adı altında ifa olundu. Musiqişünaslar bu əsəri razılıqla qarşıladılar, gənc bəstəkarı qızğın təbrik etdilər; bu alqışlar onun musiqi yaradıcılığı sahəsində gələcəkdə daha inamla işləməsi üçün böyük bir mükafat oldu.

Asəf Leninqradın musiqi həvəskarlarını Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanış etmək məqsədi ilə ikinci dəfə Leninqrada gedərkən bəstəkarlardan Hacıbəyovun, Rəfatovun, Karaqiçevin, Abın, Aysberqin, Mailyanın, Maqomayevin əsərlərindən əlverişli olanlarını seçib götürmüş və o zaman Leninqradda təhsil alan gənc bəstəkar Niyazinin yaxından köməyi ilə Leninqrad filarmoniyasında aşağıdakı proqram üzrə konsert təşkil etmişdir: Hacıbəyov - "Azərbaycanın sovetləşməsinin 10 illiyinə həsr olunmuş himn" (xor və orkestr üçün), Rəfatov - "Gavə" pyesindən bir parça", Karakiçev - "Azərbaycan SSR-in 10 illiyinə həsr olunmuş təntənəli marş", Aysberq - "Türk rapsodiyası", Asəf Zeynallı - "Fraqmentlər", "O qara qaşlar", "Dağlar", Mailyan - "Qərənfil", Maqomayev - "Azərbaycan çöllərində", Ab - "Azərbaycan mövzusunda süita". Konsertdən əvvəl Asəf Azərbaycan türk xalq musiqisinin əsasları haqqında giriş sözü söyləmişdir. Konserti Lev Yefimoviç Ab (instrumentovka və partituraların oxunması sinfi üzrə Asəfin keçmiş müəllimi) idarə etmişdir. Eşitdiyimə görə, bu konsert böyük müvəffəqiyyətlə keçmiş və Leninqrad musiqiçiləri arasında Azərbaycan musiqisinə, xüsusən Asəfin öz əsərlərinə böyük maraq oyatmışdır. Bundan sonra Leninqradda onunla maraqlanmağa başlamışlar, hətta bu yaxınlarda Leninqraddan, mərhumun özü və sonrakı musiqi fəaliyyəti haqqında məlumat istəmişlər, görünür, Asəfin artıq sağ olmadığını hələ eşitməmişlər.

Asəfin Leninqrada ikinci səfəri ədəbi-bədii təşkilatların yenidən qurulması yollarının müəyyənləşdirilməsi ilə bir vaxta düşmüşdür. Bədii təşkilatların yenidən qurulması haqqında ÜİK(b)P MK-nın 1932-ci il 23 aprel tarixli qərarı elan olundu; bu tədbir Sovetlər İttifaqının bütün bədii həyatında əsaslı dönüş yaratdı. Asəf Leninqraddan "Şopeni kütlələrə" (onun öz sözləridir) şüarı ilə qayıtdı. Mən Asəflə olan söhbətimdə hiss etdim ki, keçmişin irsi probleminə onun əvvəlki məhdud və yanlış baxışları xeyli dəyişmişdir, artıq o, keçmişin irsini əsassız olaraq inkar etmir, ona sağlam tənqidi münasibət, yaxşı cəhətləri seçib götürmək münasibəti bəsləyir; bundan başqa, onunla sonrakı söhbətimdə bu qənaətə gəldim ki, Asəf Sovet Azərbaycanının "formaca milli və məzmunca sosialist" milli musiqi sənətinə düzgün münasibət bəsləməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki xalq çalğı alətləri şöbəsinə onun düzgün olmayan münasibəti, zənnimcə, bu şöbənin mövcud olmasını nədənsə öz şəxsi mövqeləri üçün bir təhlükə hesab edən və buna görə də onu "millətçi mədəniyyətçilik" adlandırmaqla şöbənin fəaliyyətini pisləyən hakim millətçilik əhval-ruhiyyəli musiqiçilərin təsirindən irəli gəlirdi. Digər tərəfdən, millətçi fikirli yerli şəxslərin xalq çalğı alətlərində notla təlimin tətbiq olunmasına mənfi münasibəti və şərq havalarını guya not üzrə ifa etməyin qeyri-mümkün olması və sairə haqqında "sübutları" bəstəkarın gənc qəlbinə şübhə salırdı. Onun iki dəfə Moskva və Leninqrada getməsi, həmin şəhərlərdə marksist musiqi xadimləri ilə görüşməsi və onu düşündürən məsələlərə düzgün cavab tapması Sovet Azərbaycanının musiqi həyatının yenidən qurulması sahəsində Lenin milli siyasətini düzgün başa düşməsinə xeyli kömək etdi.

Asəf milli incəsənəti ancaq ekzotika, yaxud olsa-olsa hazırda heç bir bədii əhəmiyyət kəsb etməyən və gələcəkdə heç bir mütərəqqi perspektivi olmayan etnoqrafik sərvət kimi qələmə verməyə çalışanların qəti əleyhinə çıxdı. Belə də olmalı idi. Asəf guya gələcəkdə bütün lad əsaslarının işlənərək majora və minora gətirib çıxaracağını təsdiq edən fikirlərlə razılaşmayaraq, müxtəlif xarakterli ladlarımızın əhəmiyyətini düzgün və lazımınca qiymətləndirməyə başladı. Asəf həmçinin bir çox bəstəkarların şərti oriyentalizmi əleyhinə idi, həmin bəstəkarlar ya əsil xalq bəstəkarı kimi qələmə verilir, ya da xalqa qarşı qoyulurdu. Digər tərəfdən, Asəf yeni səs ahəngi axtararkən bizim xalq çalğı alətlərinin səslənmə xüsusiyyətlərinə müraciət etməyə başlayır, onu tarın, kamançanın ölçüləri və sairə maraqlandırır. Asəf mənhus xəstəlikdən əvvəl mənimlə söhbətində demişdi ki, onun beyni xalq musiqisinin müxtəlif sahələrində apardığı müşahidələrdən doğan ən qəribə səslərlə doludur. O, bütün bunları bədii cəhətdən bitkin bir hala salmağa və yeni simfoniya yaratmağa hazırlaşırdı; lakin vaxtsız və amansız ölüm həmin planı həyata keçirməyə mane oldu. Asəf xalq mahnılarını toplayan ekspedisiyada iştirak edirdi; bu komissiyanı Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki elmi kabinə təşkil etmiş və Qarabağa göndər-mişdi. Həmin ekspedisiyadan qayıtdıqdan sonra Asəf özünü pis hiss etməyə başladı və nəhayət, yatağa düşdü; uzun sürən ağır xəstəlik onu taqətdən saldı, 1932-ci il oktyabrın 27-də Asəf vəfat etdi.

Asəf fəaliyyət göstərdiyi qısa bir dövr ərzində (1928— 1932-ci illər) məhsuldar işləmiş, çoxlu əsər yaratmışdır; onun qoyub getdiyi əsərlər bunlardır: a) fortepiano ilə bir səs üçün vokal əsərləri - "Seyran", "Çadra", "On il", "Sual", "Ölkəm"; b) səs və orkestr üçün əsərlər: "Seyran", "Dağlar", "On il", "O qara qaşlar"; v) üzərində işlədiyi xalq mahnıları - "Sarı gəlin", "Səndən mənə yar olmaz" və "O qara qaşlar"; q) fortepiano əsərləri - 9 fuq, "Çahargah", "Durna", "Fortepiano üçün sonata və uşaq süitası"; ğ) kamera əsərləri - "Laylay beşiyim", trio (fortepiano, çelle və violonçel), "Muğam sayağı" (violonçel və fortepiano üçün), "Qoyunlar" (2 çelle və fortepiano üçün), simfonik orkestr üçün "Fraqmentlər"; d). Asəf Qırmızıbayraqlı Türk fəhlə teatrı üçün "Hind qızı", "İnqa", "Qanlı səhra", "Qəzəb", "Morqanın qohumu", "Yanğın", "Danış", "Kaponan", "Sevil", "Küləklər şəhəri" pyeslərinə musiqi tərtibatı vermiş, Radio mərkəzindən ötrü səs və orkestr üçün "Sərhədçi" əsərini və s. yazmışdır.

Asəfin bəstəkarlıq fəaliyyəti təhsil illəri ilə bir vaxta düşdüyündən onun yuxarıda adları çəkilən əsərləri əslində sənətkarın bəstəkarlıq fəaliyyətinin birinci və sonuncu mərhələsini xarakterizə edir. Asəfin planları və nəzərdə tutduğu simfoniyanın konturları haqqında söhbətlərindən belə bir nəticə çıxarmaq olardı ki, bu əsərlə onun yaradıcılıq fəaliyyətinin ikinci mərhələsi başlanacaq və sənətkarın bütün potensial yaradıcılıq gücü geniş vüsət alacaq, onda Asəfə daha yüksək bədii tələbkarlıqla yanaşmaq mümkün olacaqdır. Məlumdur ki, bəstəkarların böyük bir qismi, hətta ən görkəmli bəstəkarların belə çoxu ancaq həyatının 30-cu illərində formalaşır və müəyyən üslubu, bədii dünyagörüşü olan yetkin bəstəkara çevrilir; bu, elə ölkələrin bəstəkarlarına aiddir ki, həmin ölkələr yüzillik bir musiqi mədəniyyəti tarixinə malikdir, həmin ölkələrdə gənc bəstəkarlar öz sələflərinin və müasirlərinin ən yaxşı əsərlərindən öyrənmək imkanına malikdirlər. Azərbaycanın gənc türk bəstəkarları isə tamamilə başqa vəziyyətdədir. Burada mədəni musiqi həyatı ancaq sosialist inqilabından sonra, yəni 13 il bundan əvvəl başlanmışdır. Yerli bəstəkarları barmaqla saymaq olar, həm də onlar əsasən lad musiqisinin işlənilməsində çoxsəsliyin düzgün tətbiq edilməsi (Avropa harmoniyasından, kontrapunktdan istifadə olunması), temperasiyaya münasibət kimi problemlərin həlli ilə məşğuldurlar. Bütün bunlar milli formanın müəyyənləşdirilməsi məsələsi ilə əlaqədardır. Yuxarıda şərh olunan bu mülahizələr Asəfin qoyub getdiyi əsərlərə qiymət verilərkən nəzərə alınmalıdır. Məhz bu mövqedən Asəfin əsərlərinə ötəri bir nəzər saldıqda aydın olur ki, gələcəkdə o, olduqca böyük orijinal və dərin düşüncəli bir sovet bəstəkarı ola bilərdi.

Bu gün mən Asəfin yaradıcılığına ancaq ümumi qiymət verməklə kifayətlənərək, onun hər bir əsərinin ayrıca təhlilini başqa bir vaxta saxlayıram.

Asəfin əsərlərinin əsasını bizim ladlar təşkil edir; onun ən çox sevdiyi lad Şur idi, Türk xalq mahnılarının böyük bir hissəsi bu ladda qurulmuşdur. Şur ladı adamda sağlam, şən və lirik bir əhvali-ruhiyyə oyadır. Şur Asəfin xarakterinə daha çox uyğun idi, Asəf özü coşqun qəlbə malik olsa da, heç vaxt hissləri həddindən artıq coşdurmazdı. Asəfin qoyub getdiyi bütün əsərlər onun yaradıcılıq fəaliyyətinin ancaq birinci dövrünü təşkil etsə də, onlar özünə məxsus xüsusiyyətləri ilə fərqlənir, bunların əksəriyyəti forma etibarı ilə orijinal və yenidir; bu, Asəfin və bütün sovet gənclərini yeni sosialist prinsipləri əsasında tərbiyə edən inqilabi həqiqətimizin şərtləri ilə izah olunur. Asəfin əsərlərində muğamatlara, eləcə də keçmiş musiqi ənənələrinə mühafizəkar formalizm münasibəti yoxdur. Bəstəkarın hər bir əsəri sübut edir ki, müəllif hələ yetkin bir sənətkar kimi formalaşmasa da, öz dövrünə uyğun sağlam sənətkarlıq duyğusuna malik idi, o, bu duyğunu hər cür bayağılıq və şablonçuluqdan qoruyurdu. Onun öz səmimiliyi ilə fərqlənən əsərləri gənclik ehtirası ilə doludur və böyük sosializm quruculuğu dövrü ilə səsləşir.

Öz yaradıcılığında yeni musiqi üslubunun sağlam ünsürlərini təbliğ edən Asəf Sovet Azərbaycanının inqilabi əhvali-ruhiyyəli ilk gənc musiqiçisi idi.

Sözümün axırında bir daha qeyd etməliyəm ki, məhrum Asəf, eləcə də biz - hazırda Azərbaycanın əsil sovet musiqisini yaratmaq vəzifəsi üzərində çalışan musiqi cəbhəsinin işçiləri bu vəzifənin həllinə ancaq partiyanın Lenin milli siyasətini düzgün həyata keçirmək sayəsində müvəffəq olmuş və ola bilərik. Kommunist partiyasının milli siyasəti keçmişdə çarizmin əsarətdə saxladığı xalqların qarşısında duran bütün süni sədləri məhv etdi və Azərbaycan zəhmətkeşlərini canlı fəaliyyətə çağırdı. Biz əminik ki, vaxtsız itirdiyimiz gənc Asəfin yeri boş qalmayacaqdır, yetişməkdə olan yeni musiqiçi kadrlarımız onun yerini tutmalıdır.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- II cild.- S. 153-160.