Öz qədrimizi bilmirik
50-60 il, daha doğrusu, bir yüz il bundan əqdəm Bakının ətrafı otsuz, ələfsiz bir düz olub, heç bir kəsə mənfəət vermirdi. Bu səbəbə görə oranın qədrini bilən, bu yerlərin içində yatan milyonlardan, qızıldan xəbərdar olan bir kimsə yox idi. Çox ola bilsin ki, içərisində milyonlar yatan bu yerlərin üstündə acından ölənlər də az deyildi. Amma bir gün oldu ki, bu yerlərin qədr və qiyməti bilindi.
Bu yerlər artıq möhtərəm və əziz oldu. Hər bir parçaları qızıl qiymətinə bərabər oldu. Yer isə öz içindəki sərvətü samanını dişarı çıxardıb, milyonlar qazandırmağa başladı. Bu milyonlar sayəsində Bakı da, onun ətrafı da kəsbi- əhəmiyyət edib getdikcə abadlaşmağa başladı.
İndi bizim elmdən, sənayedən məhrum qalmış olan camaatımızı haman bu ziqiymət yerlərə təşbih etmək cayizdir. Zira heç onsuz deyil ki, camaatımız əfradı içində bütük millətə xeyir və mənfəət yetirib xalqı başıuca edəcək adamlarımız olmasın! O adamlar vardır. Lakin onlar hələ öz istedad və qabiliyyəti-xariqüladələrini büruzə vermirlər. Çünki içərisində yaşadıqları şərait müsaid deyildir. Bütün camaatımızı bürümüş olan cəhalət hər bir şeyin, hər bir təşəbbüsün qabağını bir səddi-ahənin kimi kəsir, qoymur.
Nədəndir ki, Yevropada hədsiz adamlar çıxır ki, öz ağıl, fərasət və qabiliyyətləri ilə deyil yalnız öz millətlərinə, bəlkə ümum insaniyyətə həm maddi və həm mənəvi mənfəət yetirirlər. Amma bizim içimizdən elələri çıxmır?!
Məgər allah-təala bizi qabiliyyətsiz, istedadsız yaradıbdır? Xeyr, bizim hamımızın xilqəti birdir. Ancaq mühitimiz olan şərait bizim dahilər üçün müsaid dəyildir. Bizdən də ümum insaniyyət dahiləri çıxmağa yol vermirlər. Və işıq gələn yerləri bərk-bərk bağlayıblar. Doğrudan da, novicad və ehtiram edilib də xalqa mənfəət yetirən şeylərin adına "min əməli-şeytan" deyəndə, hankı müsəlman oğlu müsəlman telefon, teleqraf, maşın və sair bu kimi şeylər icad etmək fikrinə düşərdi? Sair elmlərə, sənətlərə dəxi bu nöqteyi-nəzərdən baxıldığı zaman onların tərəqqisi mümkün idimi? Onları tərəqqi etdirən dahilərin zühuru qabil idimi?! Hələ indiyə qədər, deyil elm, bilik sayəsində, bəlkə öz istedadi-xudadatının zorundan, güç-bərəkətindən şairlikdə, ədiblikdə şöhrət qazanmış olan üdəba və şüəralarımız təlin və təkfir edilməyib- dirlərmi?
Ingilislər sərvəti-təbiisindən milyonlar qazanmaqdan başqa, dünyanın ən gözəl və qiymətli bir yer guşəsi olan Hindistanı tək bir nəfər adamlarına dəyişməyə razı deyildirlər. Bu adam kim idi? Şairi-milliləri olan məşhur Şekspir idi. Ingilis əhli o şairi bütün Hindistandan əziz tuturdular.
Belə bir ağır şərait içində yaşadığımız halda bizim içimizdən ingilislərin şekspirlərinə müqabil adamları- mız olmadığı təbiidir, lakin orasını unutmamalıdır ki, bizim millətimiz içində indi və ya gələcəkdə şekspirlər istedadında yaradılmış adamlar yox deyildir. Vardırlar və bədbəxtlik burasıdır ki, biz öz cəhalətimizlə o dahilərin zühuruna mane oluruq. Onlar üçün müsaid şərait hazırlamırıq ki, öz zühurları ilə həm bizi sairlər içində başıuca etsinlər, həm də insaniyyətə bir xidmət göstərsinlər.
İndiyə qədər, bu neçə illər ərzində içimizdə dahilik üçün doğulmuş əfradımız belə cahil mühit içində tərəqqi edə bilməyib, bütün istedadları ilə itib-batıbdılar... Söz yoxdur ki, əgər Edison da bizim içimizdə doğrulub belə şərait üzrə yaşasaydı, o da bu gün icad etdiyi xariqüladə makinalara şeytan əməli deyərdi. Və ola bilsin ki, bu gün bizim içimizdə Edinsonun ixtiraatına şeytan əməli deyən şəxslər Yevropada doğulmuş və bəslənmiş olsaydılar, onlar da Edison kimi cürbəcür ixtiraatları ilə aləmi-insaniyyətə xidmətlər göstərə bilərdilər, lakin nə fayda ki, elə olmayıbdır.
Lakin indi bu iyirminci əsrdə vaxtdır ki, daha biz öz insanlığımıza diqqət yetirək. Özümüzün də sairlər kimi məharətlər göstərə biləcək insan olduğumuzu nəzərə alıb, bir kərə o tara pərdəni üstümüzdən ataq. Məharət və ustadlığımızın üstünü bürüyən kəsif qabaqları yırtaq və içimizdə mövcud olan sərvətü səmanın zühuruna və zühuru ilə həm özümüzə və həm bütün insaniyyətə xidmətlər göstərəcəyinə mane olmayaq. Bəsdir ki, indiyə qədər xalqın ağıl və fərasəti ilə mənfəətbərdar olurduq. Qoy bundan sonra da xalqın bizdən istifadə etməsinə yol açılsın!
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 142-143.
