Ordan-burdan
Konkaya minib gəzənlərin hamısına məlumdur ki, konkanın içində yuxarı tərəfdə rusca belə bir xəbərdarlıq yazılıbdır: "Остерегайтесь карманников", yəni cibgirlərdən özünüzü gözləyin!
Konkalarda və sair yerlərdə yazılan belə xəbərdarlıqlar, hərçənd bir qədər Rusiya ölkəmiz üçün kəsri şən olub, cibgirlər yığıncağı olduğunu bildirir, amma hər halda o cürə xəbərdarlıqlar, adamları ehtiyatla dolanmağa məcbur edib, cibinin sağ və səlim qalmasına səbəb olur.
Ona binaən çox yaxşı olardı ki, müsəlmanlar olan yerlərdə də ya konkalarda, ya küçələrdə, ya evlər qapısında beləcə bir xəbərdarlıq yazıla idi: "Fitnəçilərdən özünüzü gözləyin!".
Çünki hər yerdə ki, bir neçə dənə də olsun müsəlman oldu, orada bir fitnəçi olacaqdır.
Fitnəçilik bir azardır ki, bəzi tərbiyəsiz tərs düşmüş adamlara mübtəla olub onları dinc qoymaz. Necə ki, yaz istisində milçəklər, gənələr atın üstünə daraşıb, şıllaqlamağa və oynaqlamağa məcbur edir, həmçinin fitnə naxoşluğu da haman fövqülzikr adamlara giriftar olub, həmişə qıdıqladar, dinc qoymaz.
Amma heç bir yerdə fitnə özünə bir o qədər yaxşıca məkan tapmaz. Məgərin ki, müsəlmanlar arasında. Bunun da səbəbi aşikardır.
Bir çox müsəlmanların, yəni haman fitnəyə uyanların əqilləri başlarında olmayıb, bəlkə gözlərində və daha çox qulaqlarındadır. Çünki haman başın bir o qədər də bacarığı yoxdur ki, deyilən sözün fitnə olub-olmadığını anlaya bilsin. Onun üçün eşitdiyini məcburən qəbul eləyir.
Əcnəbi məmləkətlərində fitnəçilərin sözlərinə qulaq asıb, sonra qaradavoy, filan çağırıb, düz "sarı evlərə", yəni dəlixanalara göndərirlər ki, orada müalicə olunsun.
Bugünkü Osmanlıda fitnəçiləri pruşkeviçlərin yanına qulluqçu tutub, "şəriət istəyənlər" cərgəsində boğazından asarlar. Rusiyada o cürə fitnəçiləri qoyarlar.
İranda haman fitnəçilərə "şiri-xurşud" əta edərlər. Bizim yerlərdə isə o cürə fitnəçiləri həmişə baş yerdə oturdub, ikiqat baş əyərlər və əldən gələn hörməti elərlər; onun sözlərinə qulaq asarlar. Camaat arasına fitnə dağılar. Xalq bir-birindən üz-göz olar. Amma fitnəçi özü hörmətdə qalar.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 84-85.
