Ordan-burdan: [Bayram]
Bu gün eyni fikirdir. Bu gün o gündür ki, camaatın ağzı açılıb, amma məscidlərin ağzı qapanır.
Məscidlərin ağzı qapanmağı bir tərəfdən şayani təəssüfdür. Amma çünki məscidlərin ağzı qapandıqda bəzi adamların da ağzı qapanır, ona görə digər tərəfdən şayani məsərrətdir.
İndi mənə deyəcəklər ki, əşi sizdən ötrü məscidin ağzı qapalı olsun, ya açıq olsun. Hamısı birdir, siz ki, məscidə gəlmirsiniz.
Onda mən də deyərəm: Doğrudur, məscidə gəlmirik, amma gəlməməyimizə səbəb var.
Mənə nə düşübdür ki, məscidə gedim və qulağım da belə-belə sözlər eşitsin:
- Hər kəs rəmazanda qəzet oxusa vələdüznadır.
Əgər birisi gedib bir özgəsinin evində söyüş söysə, şübhə yoxdur ki, ev sahibinin acığı tutub deyəcəkdir ki, mənim evim söyüşxana deyil.
Halbuki, Allahın evində müqəddəs minbərdən, rəmazan günündə bu cür nalayıq sözlər eşidirsən...
Yox, sözün doğrusu, iş belə olan halda məscidin ağzı qapalı yaxşıdır!
* * *
Bəli, orucluq çıxdı. Aya, camaatımız Allah-taalanın bu böyük nemətindən bəhrəmənd oldularmı?
Bəli, oldular. Əqəllən məscidlərdə bir iyirmi dəfə ictimai-müslümin vaqe olub, hərçənd müsəlmanların indiki ovzai-pərişanından danışılmadı, bu gün hər müsəlmanın borcu nə olduğu məlum edilmədi, qara camaatın ağlının, daireyi məlumatını artıran söhbətlər edilmədi. Qan tökənlərə rozə təsir edəcək sözlər söylənmədi, amma hər halda - bərəkət olsun - bir çox faydalı və lazımi sözlər danışıldı ki, onun millətimizə artıq nəfi vardır.
Məsələn, camaat bildi ki, nə üçün arvadlar heyz görürlər, belə məlum olub ki, bunun səbəbi Həvvanın behiştdə buğda ağacına əl uzatmağı imiş, çünki o vaxt ağacdan qan gəlibmiş; bundan başqa yenə məlum oldu ki, imamlarımızdan biri bir kafir öldürübdür ki, gündə bir dəvə yeyərmiş. Amma hamısından nəfili dəvə məsələsidir. İndiyə qədər heç bir alim bilmirdi ki, nə üçün dəvənin alati-tənasüli daladır, görünür ki, bunun baisi Cəbrayıl əleyhüssəlam imiş. Çünki bir dəfə İbrahim peyğəmbər bir bütpərəsti dəvənin üstündə dəvə ilə bir yerdən götürüb çiyninə alıbdır, bu əsnada dəvəyə bovl etmək lazım gəlibdir. Cəbrayıl əleyhüssəlam bunu görüb, İbrahim peyğəmbərin üstü bulanmasın deyə, qanadı ilə geri vurubdur. Bunlardan başqa, camaat bunu bilibdir ki, qəzetə oxuyanların hamısı vələdüznadır.
* * *
Bunlar hamısı keçəndən sonra millətimiz minlərcə belə bayramlara nail olsun, amma onunla bərabər Allah bizə rəhm eləsin. Çünki biz daha çürüyürük...
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 44-45.
