Üzeyir Hacıbəyli

Ordan-burdan

Dünən "Proqress" qəzetunin 46-cı nömrəsində oxudum ki, guya Gəncə quberniyasının məktəb direktoru Livitski uçitellərə kağız göndərib deyir ki, gərək uşaqlara mənim kitabımdan dərs deyəsiniz. Bu belə.
İndi gələk cənab Livitskinin kitabına. Cənab Livitskinin kitabı... O kitabdan müsəlman uşaqlarına dərs verən uçitel gərək müsəlmanca bir söz danışmasın. Yəni özünü elə göstərsin ki, guya heç əbədi müsəlmanca bir söz bilmir və dərsi də "lal qaydası" ilə versin. Bu da belə.
İndi gələk "lal qaydasına."
"Lal qaydası" bax bu cürdür:
Uçitel daxil olur otağa və istəyir ki, dərs desin, özü də gərək müsəlmanca bir sez danışmasın, baxır Levitskinin kitabına, görür yazılıbdır ki: "Ya rıdayu", yəni mən hönkürüb ağlayıram. Uçitel istəyir bu sözləri uşaqlara qandırsın, özü də gərək müsəlmanca bir söz danışmasın. Ona görə uçitel cibindən bir dəsmal çıxardıb başlayır ağlamağa və uşaqlardan rusca soruşdu: "İşto ya delayu?" Uşaqlar qalır məəttəl ki, bilmirlər ki, uçitel nə soruşur, ona nə olubdur, ölən kimdir, uçitel yenə ağlayır və yenə uşaqlardan soruşur ki, "İşto ya delayu?" Özü də gərək müsəlmanca bir söz danışmasın. Uşaqlar yenə qalırlar belə, bilmirlər ki, uçitelin kimi ölübdür, təqsir kimdədir? Uçitel də bu tərəfdən qısnayıbdır ki: "İşto ya delayu?" Yəni mən nə qayırıram, özü də gərək müsəlmanca bir söz deməsin. Axırda uşağın biri barmağını qalxızır, uçitel sevinir və rusca deyir ki, "Nu ka işto yu delayu?" Uşaq durur ayağa və müsəlmanca deyir ki, Mirzə, qarnım ağrıyır, qoy çıxım çölə! Uçitelin bərk acığı tutur, özü də gərək müsəlmanca bir söz danışmasın, tüpürür yerə və o başa-bu başa gəzinir, uşaqlara rusca deyir ki, "Ya rıdayu!", yəni mən hönkürürəm. Uşaqlar da deyir ki, "Ya rıdayu!". Amma, uçitel buna razı olmur, çünki uşaqlar gərək desinlər ki, "Tı rıdayeş", yəni sən hönkürürsən. Uşaqlar da bunu bilmirlər və uçitel də gərək müsəlmanca bir söz danışmasın, vaxt keçir, uçitel çığırır, uşaqlar qanmır, dərs qalır...
Axırda uçitel deyir: "Tı rıdaeş", yəni sən ağlayırsan. Uşaqlar da bunu deyir, uçitelin bir az keyfi açılır, dəsmalı gözünə bir də tazadan tutub hönkürür və rusca soruşur ki, mən nə qayırıram? Uşaqlar da deyir mən nə qayırıram? Uçitel yenə qalır belə, uşaqlar da qalırlar belə.
Uçitel deyir ki, "sən ağlayırsan". Uşaqlar da deyir ki, sən ağlayırsan. Uçitel soruşur ki, mən nə qayırıram? Uşaqlar da deyirlər ki, mən nə qayırıram? Uçitel deyir ki, sən hönkürürsən. Uşaqlar da deyir ki, sən hönkürürsən! Uçitel çox bikef olur, özü də gərək müsəlmanca bir söz deməsin. Bu vaxt şkol zəngi çalınır, uşaqlar durub otaqdan elə qaçırlar ki, guya bunları tutub tələyə salmışdın və sonra evlərinə gedib, analarına deyirlər ki, bu gün şkolda ağlaşma vardı. Anaları soruşur ki, bir zad yox idi ki? Deyirlər yox, deyir bir də olsa bizə də xəbər verin, gedək biz də ağlayaq, savabdır. Onlar da deyirlər ki, yaxşı.
İndi, haman "lal qaydası" bax budur ki, nümunəsini göstərdim. Ancaq cənab Levitskiyə deməlidir ki, balam, hər gah kitabını satmaq istəyirsən, get bir özgə bazar tap, yoxsa bizim uşaqlar indi elə bicləşiblər ki, hərgah bir də onlar görsələr ki, uçitel gəlib ağlayır, gedib analarını çağırıb sənin kitabının üstündə ağlaşma qurarlar.

                                                                                                                                                 Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 317-318.