Bəyani-məslək
"İrşad" və "Tərəqqi" qəzetlərində mühərrirlik etdiyimiz zaman bir takım qəzetçi sənətindən layiqincə müxbir olmayan şəxslər məqalələrinin məzkur qəzetlərdə çap olunmadığından naşi bizə etiraz edib "hürriyyəti-kəlama yol vermirsiniz" deyirdilər. Lakin bu şəxslər orasını unudurdular ki, hər bir qəzetin müəyyən bir məsləki olmalıdır. Ona binaən haman qəzetdə yazılan hər bir məqalə də haman məsləkə müvafiq olub, onun, yəni o məsləkin qarelərə təlqini yolunda xidmət etməlidir.
Əks surətdə, yəni qəzetin müəyyən bir məsləki olmadığı halda, o qəzeti oxuyanlar ondan az mənfəət görürlər.
Əvvəla, məslək nədir? Və saniyən, haman "Həqiqət" adlı nəşrinə başladığımız qəzetin məsləki nədən ibarət olacaqdır?
Bu iki suala qüvvəmiz daxilindən cavab verməyə çalışacayıq.
Söz yoxdur ki, xalq arasında müttəsil oxunan bir şeyin oxuculara bir təsiri olur. Bu təsir sayəsində oxucuların fikri də cümbüşə gəlib bir yol, bir məslək tutmaq istəyir.
İndi əgər haman oxunulan şey qəzet olsun, jurnal olsun, daim bir məslək üstündə qalıb o yoldan, o məsləkdən oyan-buyana sərpməzsə, oxucularının da fikri haman məsləkə alışıb, hər kəs müəyyən bir fikir, bir əqidə sahibi olar.
Bu isə oxucular üçün mənəvi bir tərbiyədir. Yox, əgər qəzet müəyyən bir məslək təqib etməzsə, o halda o qəzet oxucularda suyi-təsir hasil edər. Oxuduğunu ağıl və insaf ilə tənqid və təhqiq etməyə alışmamış oxucuları da özü kimi məsləksiz edib, əxlaqını da pozar.
Çünki məsləksizik yolsuzluqdur, əxlaqın pozğunluğudur. Məsləksiz qəzet müzürr olan kimi məsləksiz insan da müzürrdür. Əlbəttə, məsləkin yaxşısı da vardır, yamanı da vardır.
Amma yenə də məsləksiz insan yaman məsləkli adamdan daha zərərlidir. Çünki yaman məslək müəyyən olduğu halda, onun zərərini rəf etməyə çarə tapmaq asandır.
Məslək nədir?
Məslək hər kəsin etiqad etdiyi bir yoldur. Ümumun xoşbəxtliyini, asayiş və aramını, rifahi-halını, tərəqqi və təkamülünü təqib edən hər bir məslək onun sahibi üçün müqəddəs ədd olunmalıdır. Belə bir məsləkə xidmət edən şəxs haman məsləkə xəyanət etməməlidir. Bəlkə o məsləkin daha ali və daha müqəddəs bir yola yaxınlaşması üstündə çalışmalıdır. İnsan öz məsləkini dəyişə bilərmi?
Əvət, insan yaxşı bir məsləkdən daha gözəl bir məsləkə keçə bilər. O gözəl məsləkdən daha gözəlinə keçə bilər. Yəni özü tərəqqi etdiyi kimi, məsləki də o yolda tərəqqi edə bilər. Amma-yaxşı bir məsləkdən pis bir məsləkə keçmək olmaz. Keçərsə, əxlaqsızlığını bildirər.
Hər kəs öz ağıl və insafı izn verdiyi yaxşı bir məsləki qəbul etdiyi kimi, biz dəxi öz aciz ağıl və bolluca insafımızca müqəddəs ədd etdiyimiz və ümum xalq üçün, baxüsus əfradından olduğumuz millətimiz üçün mənfəətli bildiyimiz məsləkimizi haman bu "həqiqət" qəzeti vasitəsilə əhaliyə təlqinə çalışacayıq.
Bizim məsləkimiz nədir?
Bizim məsləkimiz odur ki, millətimizin tərəqqisinə bais olan hər bir həqiqi vasitə və vəsilələrə yol verməli və millətimizi cəhalətə və yaxud tərəqqiyi-məkusə sövq edən şeyləri dəf və izalə etməlidir. İştə qəzetimizdə yazılan məqalə və əxbar haman məslək daxilində yazılacaqdır. Məsləkimizə müvafiq olmayan məqalələr çap edilməyəcəkdir. Məsləkimizə müvafiq olmayan məqalələrdən əzcümlə bunu saya bilərik: fitnə və fəsad qovzayan, qərəzi-şəxsi ilə yazılmış olan, bir şəxsin, heç kəsə zərəri olmayan və mənfəəti- aməni xələldar etməyən hərəkatını tənqid və yaxud heysiyyəti-şəxsiyəsinə toxunan, insanlıq hissiyyatını təhqir edən məqalələrə heç bir halda yol verilməyəcəkdir. Bundan başqa, savadsız və məlumatsız şəxslərin bir əhvalata və ya bir hadisəyə dair yazılmış məqaləsi kamali-məmnuniyyətlə qəbul edildiyi halda, onun elmi, ədəbi və ümumiyyətlə ağıllı məqalələrinə də yer verilməyəcəkdir.
İştə hələlik bu qədər.
İndi allahdan tofiq diləyib işə başlayırıq.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 139-140.
