Ordan-burdan
Budur, bir neçə ildir ki, bütün aləmi zəlzələ-vəlvələyə salan rus-yapon davası və onun dalınca qucağa sığmaz olan Rusiyanı qucaqlayan bu azadlıq hərəkatı bizim bu xabi-qəflətə aludə olmuş aləmi-islamı dəxi titrətdi. Əzon cümlə bizim Bakını da titrətdi.
Aləmi-islamın gözünü açdı; əzon cümlə bizim Bakının da gözünü açdı. Aləmi-islamda neçə-neçə firqələr, üzviyyətlər, "orqanizasiya"lar, məclislər qurulmağa başladı. Əzon cümlə bizim Bakıda da həmin işlər vaqe olmağa başladı, yəni, bu bir iki ilin ərzində Bakımızda və "Hümmət" və "İttifaq" və "Hidayət" və "İxvani-səfa" və "Sədayi-millət" və "Bəydəqi-nüsrət" və "Şəms" kimi cəmiyyətlər təşkil olunub, öz "ziyabəxş" və "tərəqqigöstər" və "mədəniyyətpərvər" və "maarifpərəst" olan əməlləri ilə Bakını bir hala qoydular ki, indi görən and içir ki, bu Bakı keçmiş Bakıya oxşamır. Belə ki, "Hümmət" öz hümmətilə, "İttifaq" öz ittifaqilə, "Hidayət" öz hidayətilə, "İxvani-səfa" öz səfasilə, "Sədayi-millət" öz sədasilə, "Bəydəqi-nüsrət" öz bəydəqilə və "Şəms" də öz tülui ilə Bakı camaatını hər bir pis və murdar hərəkətlərdən təmizləyib lap büllur kimi eləyibdirlər. Oğurluq, adam öldürmək, filan yoxdur, hər kəs desə ki var, yalandır, qulaq asmayın!
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 258
