Ordan-burdan
Məzəli-məzəli işlərimiz olur.
Kasıbı və fəqiri görəndə yazığımız gəlir, deyirik ki, ah, bu nə üçün belə fəğirdir. Dövlətlini və nahaq yol ilə bir pul qazananı görəndə acığımız tutur. Deyirik ki, bu "cibişdan" üçün çalışır.
Bu, biməzə olan "cibişdan" sözü boşboğazlarımızın ağzından düşməyən bir sözdür ki, yerli-yersiz işlətməkdədirlər.
Deyirlər ki:
"Filankəs "cibişdan" üçün çalışır!"
Onda bunlara demək gərək ki, bəs sən nə üçün çalışırsan? Hərgah sən pul qazanmaq üçün çalışmırsansa, bəs nə yeyib, nə içirsən? Hamımız bilirik ki, bu əyyamda pulsuz adam acından ölər. Heç kəs ona ömrü olalı müftə yerə çörək verməz.
İndi ki sən pul qazananları pisləyirsən, görünür ki, sən özün pul qazanmırsan.
İndi ki sən pul qazanmırsan, görünür ki, sən acından ölürsən.
İndi ki sən pul qazanmırsan və acından ölmürsən, görünür ki, sənin ata-babadanqalma pulun var. Ata-babanın zəhməti ilə qazanılmış pulu biduni zəhmət yeyib, içib hələ pul qazananlara da, atan, baban da içində, söyüş söyürsən.
Yalandan deyirlər ki:
"Cib" üçün çalışmaq lazım deyil. "Millət" üçün çalışmaq lazımdır. Bir adam ki, heç öz-özünü dolandıra bilməyə o adam millətə qulluq edə bilərmi?
Bir adam ki, 5-6 nəfər külfətini saxlaya bilməyə, o adam bir böyük millətin qeydinə qala bilərmi?
Deyirlər ki, "cibişdan üçün çalışma, millət üçün çalış!"
Bu, boş və axmaq sözdür.
İnsan gərək həm özü üçün və həm də ümum milləti üçün çalışsın.
Əgər sən əhli-əyalını ac qoyub, başqa işlərə məşğul olsan, o halda sən millətə düşmənsən. Çünki, sənin ac qalan əhli-əyalın da millət üzvləridir.
Amma oxucular elə bilməsinlər ki, doğrudan da boşboğazlar öz mənfəətlərini qoyub, tək millət üçün qulluq edirlər və sairlərini bu işə çağırırlar.
Xeyr a! O qədər də bilmə!
Boşboğazlar öz ciblərini bərk-bərk tutub, özgənin cibinin hesabını çəkirlər ki, bu nə qədər pul qazanır və onun nə qədər prosenti eləyir.
Özü hər məqamda və hər anda xalqı haqq-nahaq soyur, alladır, tovluyur, amma xalqın halal pulundan "millətə" pay istəyir.
Bu günə axmaq adamlar millət düşmənidirlər. Onların zərərdən başqa heç bir xeyri ola bilməz. Millətimizin onlara bir sözü ola bilər: "Məra bə xeyri to ümmid nist, şərr mərəsan".
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 171-172.
