Mühüm məsələlər
Azərbaycan hökumətinin düşmənləri çoxdur. Türklər gedəndən bəridir ki, onlar dil açıb hökumətimizi hər yerdə məzəmmət etməyə və töhmətləndirməyə çalışırlar. Bakı şəhərindəki bədxahlarımız boş deyildir ki, Tiflisdə rus "sosialist"lərindən və erməni "daşnaklarından ibarət olan bir kirvə ki - amal və arzularının şeytanət və xəyanətlərinə görə "qara kirvə" adlanmasına "behəqq layiq və şayəstədirlər - hökumətimizin və hətta bütün millətimizin əleyhinə qəzetlərin sütünlarında ağızlarına gələni deyib Azərbaycan hökumətinin dağıdılmasını və Azərbaycan türklərinin də ümumqafqaz konfransına burxılmamalarını tələb ediyorlar!
Bu alçaq kirvə Bakı haqqında bir-birindən qırmızı yalanlar buraxıb bir tərəfdən camaatı itfal, digər tərəfdən dəxi son dərəcə acı olan büğz və ədavətlərini obraz ilə bir məqama çatıbdırlar ki, həmsayəmiz nəcib gürcülər bunların bu payədə olan xəyanət və şeytanətlərindən bizar olaraq "Qruziya" qezetəsinin baş sütununda öz incikliklərini izhar edib müfəttinlərin (fitnəkarların, araqarışdıranların) yalanlarım bir-bir üzlərinə çırpıblar.
Azərbaycan hökumətinin vəkili Məhəmməd Yusif Cəfərov cənabları dəxi bu qədər söylənən yalanlara və gəda ağzından çıxmağa layiq olan söyüşlərə laqeyd baxa bilməyib gədalar kirvənin Gürcüstan dövlətində ağızları yumulması xüsusunda gürcü hökumətinə bir ixtar verdi.
İçərimizdə və çölümüzdə olan düşmənlərə bu cürəti və bu sitizlimi (burada: qalmaqal salmaq cəsarətini - A.B.) verən ingilis qoşununun Bakıya vürudi (daxil olması —- A.B.) səbəb oldu. Zatən alçaq düşmənlər bu ümiddə idilər ki, ingilislər Bakıya gəlib (1918-ci ildə general Tomsonun komandanlığı ilə ingilis qoşunlarının Bakıya daxil olması nəzərdə tutulur - A.B.). Azərbaycan hökumətini qovacaq və əvəzinə onları qaytaracaqdılar. Lakin bu ümid puça çıxdı; ingilis qoşunu gəldi, Azərbaycan hökumətini yerində saxladı və hətta baş qovzamaq istəyən alçaqların da bir qədər başından basdı; bunu da elan etdi ki, ümumi sülh konfransı qurulub da millətlərin və əz-cümlə Qafqaz millətlərinin hüquqi-siyasiyyə və maliyyə məsələləri həll olunana qədər bütün Qafqaz - nəinki tək bir Azərbaycan - sülh və asayiş ibqası (sülh və asayişin əbədiləşdirilməsi, olduğu kimi saxlanması —A.B.) müttəfiq dövlətlərin müraqibəsi (himayəsi, nəzarəti - A.B.) altında olacaqdır.
Ümidləri puça çıxan düşmənlərimizin bu gün Bakıda, Tiflisdə və sair yerlərdə çalışdıqları, vuruşduqları, öldükləri odur ki, çığır-bağır salmaqla, söyüş ilə, hiylə və təzvir ilə xəbisliklər büruzə verib ümumi sülh konfransı olan qədər ingilislərin və safr müttəfiqlərin rəyini Azərbaycan hökuməti haqqında öz istədikləri tərəfə döndərib sülh konfransında Azərbaycan türklərinin hər bir hüquqdan məhrum edilmələrinə səbəb olsunlar.
Əlbəttə, bu hiylələrin müqabilində biz - Azərbaycan türkləri və bizim Azərbaycan hökumətimiz laqeyd qalsaq, mat-mat baxıb dursaq və bütün ümidimizi sülh konfransına yığılanların insafına və ya lütf və mərhəmətinə bağlasaq, düşmənlərimizin hiylə və tezvirlərində müvəffəq olacaqlarına şübhə edilməməlidir.
Sülh konfransında hüquq paylamıyacaqdırlar ki, biz də "növbədə" durub payımızı gözlüyək!
Sülh konfransına yığılan millətlər özlərinin hər bir siyasi və milli hüquqa layiq olduqlarını isbata çalışıb məhz öz millətləri haqqında deyib danışacaqdırlar. Sülh konfransı, keçən Balkan davası kiçik millətlərin vuruşması nəticəsi deyildir, bəlkə cahan müharibəsinin intac etdiyi (nəticələndirdiyi - A.B.) əzim bir məclis olacaqdır ki, bir tərəfdən aləmşümul cəngi-məğlubiyyətin və digər tərəfdən məmləkətlər sarsıdan böyük-böyük inqilabların hasil və məhsulunu meydana çıxaracaqdır.
Burada kimin xəbəri olacaqdır ki, bizim də yeniyetmə Azərbaycanımızın müstəqil millətlər cərgəsinə girməyə layiq olub-olmadığımızı öz-özlüyündən təhqiq və tədqiq etsinlər. Halbuki bütün böyük dövlətlər də, kiçik dövlətlər də hamısı ancaq və genə ancaq öz hüquqlarının təmini və təhsili (burada, əldə edilməsi qazanılması - A.B.) haqqında çalışacaqdırlar.
Bu məclisi-kübrada (ən böyük məclisdə - A.B.) bu millətlər hüququ bazarında biz də gözə çarpıb məta (maya, sərmayə, mal - A.B.) sahibi olmaq istərsək, ümidimizi ancaq öz şüurumuza, öz qabiliyyətimizə, öz çalışmamıza bağlamalıyıq. Ona görə indidən və məhz indidən işə başlamalıyız. Vəqt azdır, iş çoxdur. Əvvəla, içərimizdə və çölümüzdə əleyhimizə iş görən bugünkü düşmənlərimizin bizi müttəfiqlər qarşısında bədnam və bədşöhrət etmələrinə qarşı bütün qüvvəmiz ilə müqabil durmalıyıq. Bizi kənd və şəhər dağıtmaqda ittiham ediyorlarsa, yüzlərcə dağılan kəndlərimizin və şəhərlərimizin hesabını meydana qoymalıyıq. Bizi ev soymaqda və adam öldürməkdə məzəmmət ediyorlarsa, binlərcə xarab edilmiş xanimanlarımızın və on binlərcə öldürülən adamlarımızın siyahısını lazım olan yerlərinə təqdim etməliyik. Necə ola bilər ki, özgələr bir dənə kəndin (məsələn, Mərəzi kəndi) bir-iki bin manat cərimələnməsi və bir neçə adamam ittifaqən öldürülməsi haqqında ingilislərə şikayət edib bu barədə həftələrcə qəzetə sütununda yazsınlar, amma biz yer ilə yeksan edilmiş kəndlərimizin, xarab edilmiş şəhərlərimizin, zülm ilə öldürülmüş adamlarımızın haqqında bir söz də söyləməyib kirimiş duraq?!
Düşmənlərimiz heç bir şeylə bizi töhmət edə bilməməlidirlər. Çünki hər nə onlara olubsa, onqat artıq da bizə olubdur. Bunu isbat etmək üçün, münsif (insaflı, ədatəli— A.B.) və haqgu şahidlərimiz ilə bərabər əlimizdə və göz qabağında öylə müsəlləm (şübhəsiz, etirazsız - A.B.) dəlillərimiz var ki, daha düşmənlərimizin öz şərəf və heysiyyətlərinə layiq gördükləri yalanlara, hiylə və tezvirə (saxtalaşdırmağa, hiyləbazlığa - A.B.) və xəbislik büruzə verməyə heç bir ehtiyacımız yoxdur. Zatən öylə alçaqlıqları bizim namusi-millimiz də qəbul etməz.
Qərəz, içimizdə və çölümüzdə oynanılan bu intriqalara qarşı laqeyd və layenşüur (düşünmədən, qeyri-şüur A.B.) qalmamalıyıq.
Məbada, məbada (olmaya, çəkin - A.B.)
Və saniyən mühüm işimizin o biri də budur ki, sülh konfransı əqd edilənə (bağlanana - A.B.) qədər biz özümüzü Avropaya və baxüsus müttəfiqlərə bildirək, mərufluq edək (tanıdaq, bildirək - A.B.) ki, bu gün sülh konfransına gələrkən deməsinlər ki, siz kimsiniz!
Burası heç kəsə məxfi deyil ki, ermənilər əlli, altmış ildən bəridir ki, öz millətləri xüsusunda Avropada ol qədər deyib-danışıbdırlar ki, bu gün "erməni məsələsi" avropalıların uşaqlarınca da məruf və məşhur olan bir məsələdir. Gürcü qonşularımız dəxi bu xüsusda az çalışmayıb millətlərini mədəniyyət aləminə tanıtdırıblar. Dağıstan dəxi Avropaca məşhur bir məsəldir. Amma Azərbaycan, baxüsus Qafqaz Azərbaycanı - iqrar etməliyik (boynumuza almalıyıq - A.B.) ki, təzə bir məsələdir.
İndiyə qədər o dərəcədə bişüur olmuşuq ki, bütün Qafqaz millətlərindən təkə-təklikdə ədədcə çox olduğumuz halda, biz, Azərbaycan türkləri haqqında nəinki Avropanın, hətta yüz ildən bəri üstümüzdə sahiblik edən Rusiyanın da dürüst xəbərləri yox idi. Ruslar bu günə qədər bizə "persian" deyə İran və fars millətindən hesab ediyorlar. Mən özüm bizim "persian" olmayıb türk olduğumuzu Moskva və Petroqraddan əlavə Bakının özündə də bir çox ruslara dəfələr ilə qandırmışam.
Bəs, biz Azərbaycanı və iki milyondan artıq olan Azərbaycan türklərini Avropaya və müttəfiq dövlətlərə indidən tanıtmalıyıq: özümüzə məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata, sənayeyi-nəfisəyə malik olduğumuzu onlara bildirməliyik; dilimizin firəng (fransız - A.B.) dili Avropada olan kimi, bütün Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir malakan ilə bir aysorun bir-biri ilə türk Azərbaycan dili ilə danışmağa məcbur olduğunu isbat etməliyik; Musiqimizin ümumqafqaz millətlərinə zövq və ləzzəti-ruhani verən bir musiqi olduğunu bildirməliyik; Avropa şüəralarından geridə qalmayacaq şairlərimizi, müsənniflərimizi (bəstəkarlarımızı - A.B.), yazıçılarımızı, alimlərimizi birbəbir nişan verməklə xüsusi bir mədəniyyətə malik olduğumuzu əyan və aşkar etməliyik. Daha yüz il əvvəl müstəqil xanlıqlar sürətində yaşadığımızı yada salmalıyıq. Cəsur və rəhmli, safdil və haqgu (haqq, ədalət tərəfdarı - A.B.) bir millət olub da, fitnə və fəsad, hiylə və təzvir kimi əxlaqi-zəmimədən (cinayətkar, pis əxlaqdan - A.B.) arı (təmiz, uzaq - A.B.) olduğumuzu da gizlətməməliyik; qəhrəman bir əsgər, qabil bir tacir, mahir bir sənətkar, zəhmətsevən bir əmələ, iş görən bir ziraətci, (əkinçi, kənd təsərrüfatı işçisi - A.B.) olduğumuzu da unutmuyub söyləməliyik.
Əlqissə, bütün xüsusiyyətimizi, bütün məziyyətimizi təfsilatilə Avropaya bildirib, müstəqil yaşamağa və müstəqil bir hökumət təşkilinə kamalınca müstəhhəqq (layiq -— A.B.) olduğumuzu layiqincə isbat etməliyik ki, gələcək sülh konfransı gibi məclisi-kübraya gedən nümayəndələrimiz hüquqi-siyasiyyə və milliyyə imtahanından sühulətlə (asanlıqla - A.B.) keçib vətənimizə qayıdarkən əllərində istiqlal şəhadətnaməsi olsun!
Pəs, daha durmuyub işa başlıyaq.
Bayramoğlu, Alxan. Azərbaycan demokratik respublikası dövründə ədəbiyyat.- Bakı, 2003.- 245-250.
