Üzeyir Hacıbəyli

Ədilə Hüseynzadə. Qayğıkeş ata

Ədilə Hüseynzadə. Qayğıkeş ata

Tarixdə yaranan nadir şəxsiyyətlər arasında Üzeyir Hacıbəyov da xüsusi yer tutur. O bir ata kimi saysız-hesabsız Azərbaycan balalarının əlindən tutub, onlara musiqi savadı verib, xalqımızın tükənməz musiqi xəzinəsinin incilərindən istifadə etməyi öyrədib. Mən özümü çox xoşbəxt sayıram ki, belə bir müəllimin tələbəsi, "Azərbaycan xalq musiqisinin əsasları" fənnini Üzeyir bəyin sinfində ilk dəfə dinləyənlər sırasında olmuşam. Həftədə iki dəfə Üzeyir bəy bu fənni mühazirə şəklində qrupda oxuyar, aydınlaşdırardı. Min illərlə ömrü olan bu muğamların Üzeyir bəy tərəfindən, 20 illik axtarışı, zəhməti nəticəsində aşkara çıxarılmış bu qanuna-uyğunluğu bizi valeh edərdi. Üzeyir bəy tələbələrin muğamları daha dərindən mənimsəməsi üçün xalqımızın məşhur tarzəni Mirzə Mansuru konservatoriyaya dəvət etdi. Mirzə Mansur muğamları tarda çaldıqca biz tələsik notlara köçürür, həm də royalda çalmağı öyrənirdik. Beləliklə, bir muğamın nəzəriyyəsini çalmağını öyrənəndən sonra Üzeyir bəy tək-tək tələbələrlə bəstəkarlıq dərsləri keçirdi. Bu dərslər çox maraqlı olurdu. Öyrəndiyimiz muğam üzərində əsərlər bəstələməli idik. Əvvəllər kiçik fortepiano pyesləri, sonralar isə sonatina, sonata, vokal əsərləri bəstələdik. Yadımdadır, Üzeyir bəy dərslərin birində mənə Nigar Rəfibəylinin sual-cavab şəklində yazılmış bir şeirini verdi və tapşırdı ki, suallar bir muğamda bəstələnməli, cavablar isə başqa-başqa muğamlara modulyasiya edilməlidir. Dedi ki, birinci bəndin sual və cavabını Segahda, ikinci bəndin cavabını Bayatı-Şirazda, üçüncü bəndin cavabını isə Rast muğamında bəstələyim. Mən çox çalışdım və əsəri qurtarıb Üzeyir bəyə göstərdim. Üzeyir bəy elə mənim yanımdaca Bülbülə zəng vurub bu əsəri - "Vətən haqqında nəğmə"ni oxumasını xahiş etdi, beləliklə, əsər çox konsertlərdə, ongünlükdə səsləndi.

Azərbaycan muğamları əsasında musiqi bəstələməyi ustad böyük məharətlə öz tələbələrinə aşılamışdır, elə buna görə də ondan dərs alan bəstəkarlar xalqımızın milli musiqisindən bacarıqla istifadə edirlər.

Qayğıkeş ata Üzeyir bəyə biz tələbələr "Üzeyir əmi" deyə müraciət edərdik. Üzeyir əmi böyük insanlara xas olan sadəliyi, nəvazişkarlığı, bəzən hətta sərt rəftarı, fəqət prinsipiallığı ilə gözlərim önündə durur.

Azərbaycan xalq musiqisinin əsasları.- Bakı, 2019.- S. 339-340.