Ordan-burdan: [Hesab məsələləri]
(Zadaçalar)
1
Bakı quberniyasında 6 min müsəlman öldürülübdür və hər bir müsəlmanın öldürülməsinə əqəllən 200 manat pul sərf olunubdur. Sual olunur ki, bunların hamısına neçə dana "Tərəqqi"yə müştəri yazdırmaq olardı?
2
Cəmi dünyada 100 minə qədər qəzetə verilir, 6 milyon Qafqaz müsəlmanlarının da bir dana qəzetəsi var. Əgər (xudanəkərdə) cəmi dünya Qafqaz kimi olsaydı, qəzetələrin sanı nə qədər azalardı? (cəmi dünyada bir milyard yarım nüfuz var).
3
İran məclisi il yarım davam etdi, bu müddət ərzində İran şahı 30 dəfə Qurana and içib sındırdı. Əgər İran məclisi beş il davam etsəydi, Məmmədəli şah neçə dəfə Qurana and içib sındırardı?
4
………………………………………………….
………………………………………………….
5
Bir dana Lyaxovun köməyi ilə 50 min iranlı qırıldı. Bütün İranı qırdırmaq üçün neçə dana Lyaxov lazımdır? (İranda 10 milyon adam var).
6
Hər bir müsəlman şagirdi, sutkada 4 saat tərbiyə alıb 8 saat da yuxu yatır, qalan saatları tərbiyəsiz qalır. 35 yaşında bir müsəlman şagirdi neçə il tərbiyəsiz qalmış olur?
7
Hər 100 nəfər Bakı müsəlmanlarının 25 nəfəri qoçudur, Bakıda 70 min müsəlman var. O surətdə neçə dənə qoçumuz olur?
8
Bir müsəlman birisinin 150 manatlıq paltarını oğurlayıb bir neçə manata satdı. Paltar sahibi oğrunu görüb dedi: Satdığın paltardan aldığın pulu məndən istəseydin, məni bir də 142 manat üç abbası zərərə salmazdın. Müsəlman qardaş paltarı neçəyə satmışmış?
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 30-31.
