Üzeyir Hacıbəyli

Zənburçulara ciddi bir təklif

Ümum millətimizin asayiş və səlamətliyini gözləyən "Tərəqqi" kimi bir qəzetin mühərriri olduğum üçün zənburçulara ciddi surətdə təklif edirəm ki, mənə qarşı hər nə hədyanat söyləyəcəklərsə, söyləsinlər, lakin məni bəhanə edib də, yekdil və yekvücud olması lazım gələn millətimizin içinə "qarabağlı", "bakılı" kimi fitnəəngiz məsələlər salmasınlar. Mənim Əhməd bəyi müdafiə etməyim, heç kəsə ixtiyar verməz ki, aralığa qarabağlı, bakılı məsələsi salsın. Mən nə edim ki, öz elmimi, biliyimi və bütün istedad və qabiliyyət-xudadadımı millətin tərəqqisi yolunda sərf etməklə xain, həsud və bəxil zənburçuların gözlərinə bir ox olub batıram? Millət balalarının təlim və tərbiyəsinə cəhd edib də valideyn tərəfindən təşəkkürlər almaq, qəzetələrdə yazmaqla, əhaliyə xidmət etmək və yaddan çıxmış ləhvüləəb aləti olmuş musiqimizi diriltmək və hər kəsin rəğbətinə məzhər etməyə çalışmaq və bunların əvəzində - deyil ev tikdirmək, banklarda pul saxlamaq, - bəlkə öz ailəmi bəsləyəcək qədrində də olmayan bir mükafata razı olmaq zənburçular nəzərincə pis şeydirsə, qoy mən pis olum. Madam ki, mən qaraqəlbli, kəsifürəkli zənburçuların xoşuna gəlmirəm, qoy gəlməyim, qoy onlar bacarsınlar da məni dəfə çalışsınlar, lakin əhalini ələ dolayıb da, aralığa "bakılı", "qarabağlı" fitnəsi salmasınlar. Hər nə deyəcəkləri var mənə desinlər. Bu, bir ciddi təklifdir.

                                                                                                                                                  Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 113.