Partiyalarımıza
Bir şəxs və ya bir partiya, bir millətin azadlığı əleyhində çalışırsa o milləti digər bir millətin və ya bir neçə nəfər xudsər adamların hökmü altında qul etmək istərsə, o şəxs və ya o partiya bugünkü inqilabat nöqteyi-nəzərindən insaniyyətə düşməndir. Adını sosialist də qoymuş olsa, hürriyyətpərəst də qoymuş olsa yalandı. Onun əsl adı insaniyyət düşmənidir. Həman insaniyyət düşməni olanlardan böyügü bu gün Azərbaycan türklərinin hüriyyəti və istiqlalı əleyhində çalışan partiyalardır. Çünki bu gün müstəqil olmağa, azad yaşamağa və asudə nəfəs çəkməgə hamı millətlərdən artıq möhtaç olan - Azərbaycan türkləridir, o səbəb ki Rusiya millətləri içində əsarətin ən ağır yükünü çəkən, istibdadın ən şiddətli zülmlərinə düçar olan, dini, milli həqarətin ən acı zərbələrinə məruz qalan, hüququnun ən zərurilərindən də boylə məhrum edilən və dünənə qədər zillət və rəzalətlə ömür keçirən, ağız açıb, əhval və ovzianin məşəqqətindən şikayət etməgə qüdrəti olmayan bir millət var idisə, o da yalnız Azərbaycan türk milləti idi.
Bəs kimin insafı yol verər və kimin vicdanı bunu qəbul edər ki, Rusiyadakı ümum millətlər, istibdad, dövründə də Azərbaycan türklərinə nisbətən istirahətlə yaşadıqları halda bu gün təkmili hüquqlarına nail olsunlar da, əmma Azərbaycan türkləri bu hüquqdan məhrum edilsinlər!
Gərək heç bir kəsin insafı buna yol verməsin. Və vicdanı bunu qəbul etməsin, halbuki bu zülmü rəva görən “insaflar” və bu halsızlığı qəbul edən “vicdanlar” vardır və bu insaf, bu vicdan sahibləri də Afrikanın vəhşi barbarları degil, Rusiyanın “qaragüruh” adı verilmiş padşahpərəstləri də degil, bəlkə bu gün Bakımızda - paytəxtimizdə bizimlə diz-dizə oturan... “sosialist”lərdir.
Bəlkə bu sözlərimə etiraz edib degərsiniz ki, xeyr, öylə iş ola bilməz! Sosialist adını daşıyan şəxs bir millətin əsir edilməginə razı olmaz və sairə və sairə.
Doğrudur, sosialist adını daşımağı özünə ixtiyar edən şəxs bu işə razı olmaz, nədir ki, bəlkə bunun əksi, yəni millətlərin azad edilməsi yolunda can fəda edər dərəcədə mübarizəyə girər, əmma Bakı sosialistləri bu işə razıdırlar, yəni Azərbaycan türklərinin əsarət altında qalmağına nəinki razıdırlar, bəlkə bunun tələbində boylə israr ediyorlər.
Sözlərimin yalan olmadığını təhqiq etmək istəyənlər varsa, şəhərimizdəki “Sosialrevolyusioner” ictimaiyun-inqilabiyunlar partiyasının naşiri-əfkarı olan “İznamya truda” qəzetəsinin bütün nömrələrini açıb, qabaqlarına qoyub diqqətlə oxusunlar. Hökumətimizi istehza, millətimizi təhqir, əsarətimizi tələb, yerimizi, yurdumuzu tələf, mal və mülkümüzü qarət, özümüzü də biçeraxovlar qoşunu ilə hədədən başqa, sosialistlik və sosializm namına bir şey tapıb oxuyarlarsa, bəni yalançı deyə elan və təkdir etsinlər.
“İznamya truda” başına yığılmış olan bu güruh “sosialist”lik maskası altında işləyən hürriyyət düşmənləri və insaniyyət əduləri olduğu bu günlərdə aşkar edildi. Millətimizə qarşı olan büğz və ədavətlərinin şiddəti o dərəcədə idi ki, dəha özlərini saxlaya bilməyib maskanı-filanı kənara atub, əsl sifətlərini göstərdilər.
Bu sifəti görüb də bəd tərkiblikindən iyrənənlər ən əvvəl bizim cavan müsəlman ictamaiyyun-inqilabiyun partiyamız olmuşdur ki, bu yoldakı gözüaçığlıqları xususi bir təhsinə şayandır.
Dünənki qəzetəmizdə “Azərbaycan sosialistlərinin fəaliyyəti” sərlövhəsi ilə yazılmış fəqərəni oxusanız ürəkləri təmiz və ağılları salim olan sosialistlərimizin maska altında çıxmış əcnəbi eserlərdən nə dərəcədə ikraha gəldiklərini görərsiniz.
Təbiidir ki, həqiqi sosialist olanlar bir millətin azadlıq və istiqlalına qarşı düşmən kəsilən partiyaların adlarını “sosialist” də qoymuş olsalar, fikirə şərik ola bilməzlər. Çünki bu qeyri-mümkün bir işdir, bir tərəfdən sosializm adını batırmaq və xalq içində sui-təfəhhüminə səbəb olmaq və digər tərəfdən də türk millətinin azadlıq və hürriyyəti əleyhində çalışmaq təşəbbüslərindən israr edən bir güruhdan nəinki yalnız türk sosialistləri, bəlkə bütün həqiqi sosialistlər ictinab və istikrah etməlidirlər.
Ümidvarıq ki, Azərbaycan içtimaiyyun-inqilabiyyun partiyasının bu rəftarına sair sosialist və hürriyyətpərəst partiyalar dəxi şərik olub, özlərini çirkli hərəkətlərdən kənar tutmaqla bərabər, səy və əməklərini bir bu qədər zillət və rəzalət görmüş olan türk Azərbaycan millətinin istiqlal və azadlığı yolunda sərf edərlər.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 24-25.
