Vladiqafqaz camaatına bir də açıq məktub
Əfəndilər! "Molla Nəsrəddin" jurnalını təkfir və təlin xüsusunda idarəmizə dörd nəfərin imzası ilə bir məqalə gəlmişdi. Məqalənin axırında "Ümum Vladiqafqaz camaatı tərəfindən vəkil" sözləri bizim diqqətimizi cəlb etdi. Və çünki biz "məzkur vəkilləri tanımırdıq, ona görə açıq məktubla Vladiqafqaz camaatından soruşduq və əhval istədik. Sualımıza cavab olaraq idarəmizə yetmişə qədər Vladiqafqaz sakinlərindən cavab gəldi ki, haman adamları onlar vəkil seçiblər.
O ki, qaldı məzkur məqalənin çap edilməsinə, əvvəla, bunu bəyan edirik ki, bir neçə zaman bundan əvvəl İstambulda, yəni xəlifeyi-müslümin oturan və bir çox islam alimlərinin məcməi olan bir yerdə "kafir" ləfzi rəsmi surətdə ləğv edildi. Yəni orada belə qayda qoyuldu ki, bundan sonra heç bir kəs, istər müsəlmanı, istər qeyri-müsəlmanı "kafir" sözü ilə təhqir etməsinlər. Biz İstambulun belə bir məqul və mədəni tədbirini alqışladıq. Bundan aşkardır ki, heç |bir kəsin, baxüsus millətə bir çox xidmət göstərməkdə olan "Molla Nəsrəddin"in küfr və mürtəd olduğunu qəzetimizdə elan edə bilmərik. Özünüz dürüst mülahizə buyurun. "Molla Nəsrəddin" müsəlmandır. Çünki müsəlman deyiləm demir və madam ki, bir şəxs "mən müsəlman deyiləm" demir və özü də müsəlmandır, biz necə onu kafir, mürtəd edə bilərik?..
Peyğəmbərimiz dini-mübini islami yer üzünün bir çox nöqtələrinə yaydı. İslam əhlini artırdı, islamiyyətin çoxalması yolunda mücahidələrdə bulundu. Sizlər isə islam əhlini artırmağa çalışmaq əvəzinə, "küfr və irtidad" vasitəsi ilə azaltmağı təklif edirsiniz. Bu isə qəzetimizin məsləkinə müvafiq deyildir. Siz iddia edirsiniz, ki, "Molla Nəsrəddin" günah edibdir. Belə deyilmi? Çox əcəb! Əlbəttə, hər bir kəs, yəni biz də, siz də və "Molla Nəsrəddin" də söz ilə və ya əməl ilə günah iş edə bilərik. Həqiqi müqəddəsləri əbəs yerə təhqir etmək, səbəb etmək, xalqın malını yemək, yalan və iftira söyləmək, adam öldürmək, fitnə salmaq, camaatı aldatmaq-bunlar hamısı cürbəcür günahlardır. Lakin hər günah üstə müsəlmanı kafir və mürtəd edərsək, o halda ruyi-zəmində bir cüt yarım müsəlman da qalmaz! Bu, ağıl və məntiq cəhətincə.
İndi insaf və vicdan iqtizasına tabe olaraq danışaq. "Molla Nəsrəddin" jurnalı indiyə qədər bir çox mənfəətli məqalələri ilə millətimizə çox xidmətlər göstəribdir. Çirkin və çürük adətlərimizin zahirdə gülünc və batinda maneyi-tərəqqi ,və pişrəfti olduğunu ap-aşkar bizə bildirməklə, bir çox qüsurlarımızı bir-bir göstərməklə gözümüzü açıbdır, pis adamlarımızı taqsırlanıdırıb, əfradi-millətə vurduqları zərərləri aşkar edibdir. Bu cürə mənfəətli bir jurnalı, yalnız bir məqalə üstündə təkfir, təlqin etmək, boykotlamaq insafdırmı? Ağıl və vicdan buna yol verərmi?
Budur bizə ədəb dairəsində cavab verənlərə bizim tərəfimizdən bəyanat!
Lakin bizim sualımıza cavab yazanların əksəri öz cavablarını ədəbsiz bir surətdə yazıb bütun mətbuatla qərəzləri olduğunu bildirirlər. Bunun özü bu şəxslərin islam müdafiəçisi olmadıqlarını aşkar bildirir. Bunların məqsədi islamı müdafiə etmək deyil, bəlkə ümum müsəlman mətbuatına düşmənçilikdir. Hər hal ədəbsiz sözlərdən incimirik. Təhdidatlardan hürkmürük. Çünki məlumdur ki, qəzetçiyik və qəzetçiyə o cürə şeylər, bədihidir ki, əcəp eləməz. Lakin "biz ərizə verib imperatordan təvəqqe edirik ki, bütün müsəlman qəzetlərini bağlasın" və bir də "müsəlman qəzetləri çıxandan bəridir ki, çox fəsadlar törənir", budur, bu sözlərdir ki, bizi hamısından artıq məyus edir. Zərər yoxdur, əfəndim, ərizəni hazırlayın, bəlkə islamı müdafiə edəsiz! O ki qaldı qəzetlər çıxandan bəri fəsadlar törənməsinə, onda da haqqınız vardır. Doğrudan da, qəzetlər çıxandan bəri sizin və sizin kimi "islam müdafiəçilərinin" xoşuna gəlməyən çox "fəsadlar" əmələ gəldi. Məsələn, Məmmədəli şah taxtından düşürüldü, Sultan Əbdülhəmid xilafət və səltənətdən qovuldu, Şeyx Fəzullah, Mir Haşım asıldı, Rəhim xan dərbədər düşdü... Xülasə, qəzetlər çox "fəsad" çıxartdı. Elə isə bəri başdan ərizəni hazırlayın.
Xülasə, bu məktublar idarəmizin ən əziz malı olubdurlar. Biz onları həmişə saxlayacayıq ki, əvvəla, millət mühakimələrinə pişnəhad edək və saniyən gələcək övladımız o məktublar vasitəsi ilə bizim indiki halımızdan müxbir ola bilsinlər!
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild. - S. 274-276.
