Müamilatimizə aid
Qafqaz cümhuriyyətləri arasında "sabiq hakimlərimiz" mənzərəsində olan ruslara qarşı ibraz edilən münasibat və müamiləti bir bitərəf surətilə mühakimə və müqayisə edən olarsa hüsni- müamilat və hörmətli münasibətin hamıdan artıq Azərbaycan ilə Dağıstandan görüldügü əlində qeyri- qabil rədd və təkzib dəlillər ilə isbat etməgə geniş bir qüdrəti olar.
Filhəqiqə Azərbaycanda yaşayan ruslar özlərini yabançı bir dövlətdə olmaqlarını hiss etməməgə hal-hazırda heç bir haqları yoxdur. Bu saət rusları sığacaq, rus adət və məişətinə yakışmayacaq və rusların həyat korluğu çəkməsinə səbəb olacaq heç bir qanunumuz yoxdur ki, rusların bizdən şikayətinə səbəb olsun. O hüquq ki, Rusiya biz Azərbaycan türklərindən müzayiqə edirdi. Azərbaycan ruslardan müzayiqə etmir. Bu surətdən vətənimizdə olan ruslar tərəqqi, təməddün, dövlət, sərvət və sair təkəmmülati-milliyələri yolunda çalışmağa Azərbaycan hökuməti tərəfdən indiyə qədər heç bir məmaniət görməmişdirlər və bundan sonra da görməzlər.
Azərbaycanın istədigi yalnız budur ki, vətənimizdə yaşamağı ixtiyar etmiş olan ruslar bizim istiqlalımıza zərər yetirə bilən və müstəqil bir hökumət şan və şərəfini kəsr edə bilən hərəkat və müa- milatdan çəkinib fərağat və sakit dolansınlar və kəmali-istirahətlə yaşamaq istərlərsə, bu istirahəti pozacaq səbəblərə yol verməsinlər.
Kəmali-məmnuniyyətlə qeyd edə bilərik ki, Azərbaycanda bizim bu nəzərimizə şərik olan ruslar vardır, bunlar bu günlərdə şəhərimizdə nəşrə başlayan "Russki misl" qəzetəsinin başında duran rus ünsüridir ki, Azərbaycanın ruslara qarşı göstərməkdə olan hüsn və münasibətini təqdir ilə istiqlalımıza kin və küdurət nəzərilə baxan cinslərini bu əgri yoldan döndərmək niyyətindədirlər. Biz bu niyyətin xalis olduğuna inanırıq və "Russki mısl" başındakı partiyanın müxaliflərə müqabil gücləməsini arzu edirik. Bir arzumuz dəxi budur ki, bu partiya Azərbaycanda rus ünsüri müməssəli məsələsi işində ciddiyyətlə girişib bugün "rus milli komitəsi" namilə meydanda isbati-vücud etməkdə olan "Yedinaya Rossiya"çıların bu nami üzərlərinə götürməkdə nə qədər həqlı olub-olmamağını aşkar etsinlər. Çünki "Yedinaya Rossiya"çılar tərəfindən Azərbaycana qarşı ittixaz edilmiş olan vəziyyət əvvəllərindən günə qədər o dərəcə bədxahanə və hətta müfəttinanə bir rəngdədir ki, bu vəziyyət politikası nəticəsində ruslar ilə Azərbaycan türkləri arasında bir bürudət və gərginlik əmələ gələcək ehtimalı meydandadır.
Bu bürudət gedə-gedə kəsbi-hərarət edərsə, axırda ruslar üçün xeyirli nəticələr verməz və təbiidir ki, vətəndaşlıq hörməti təmamilə rəf olub düşmənçilik əmələ gələr.
Əgər biz Azərbaycan türkləri türkük və islamlığımıza məxsus alicənablıq hissiyatı sovqilə rahruluq etməsə idik ruslar Azərbaycanda bu qədər asudə dolana bilməzdilər. Halbuki keçmiş və gələcək siyasiya nöqteyi-nəzərindən isti hissiyata dalmayıb, soyuq bir əql hökmünə tabe olmaq şərt edilərsə ruslara nisbət başqa cür müamilat işlətməgə bizim həm tarixi və həm siyasi həqqimiz vardır.
Biz ruslara deyə bilərik ki, siz qafqazlılardan hüsni-müamilə umursunuzsa, bunu öncə öz xristianlarınızdan umun, o xristianlar ki, bir neçə əsr bundan irəli rus çarlığının ağuşi-"madəranə"sinə atıl- mağla öz ixtiyarilə öz istiqlaliyyətlərindən məhrum edildilər. Bizdən nə yaxşılıq ummağa həqqiniz var bir surətdə ki, qılıc və atəş zoru ilə istiqlaliyyətimizi əllərimizdən cəbrən alıb bizi əsir və qul surətində bir əsr saxladınız və sair millət arasında həmişə xar və zəlil olmağımıza səy edib məhvimizə də çalışdınız.
Lakin biz təkrar istiqlalımıza nail olduqdan sonra bu sözləri ruslara demədik və demək istəmədigimizi də hiss müamilatımız ilə əlnən isbat etdik. Boylə olan surətdə bir para rusların "Yedinaya Rossiya"çıların həqqşikənanə politkası sövqi ilə bizlərə kin və kidurət ilə baxmağa heç bir həqləri yoxdur. Bizim elani-istiqlaliyyət etməgimiz rusluq şərəfini əksildən və ruslara qarşı həqarət ədd edilə bilən hadisələrdən olmayıb da əvvəla payimal edilmiş hüququmuzun istirdad və mühafizəsi və saniyən "Azad millətlər" şüari kimi əsrimizə layiq ən böyük və ən müqəddəs bir fikrin hüsulinə felən xidmət göstərən və təkamüli-bəşəri qəbilindən layiqi-ehtiram olan tarixi bir vaqeədir. İşə bu nöqteyi-nəzərdən baxmaq və "Ağalığımız əlimizdən getdi" - deyə əfsuslar etmək - çürük fikirliliyə dəlalət edən bir həqiqətdir ki, bu fikrin arşını ilə bizi və bizim müamilatımızı ölçmək istəyənlər böyük bir zəlalətdədirlər.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 120-122.
