Ayrı söhbət
Rəmazan günü, bir nəfər "bizim adam" ilə bir nəfər yevropalı bir müsəlman şəhərin Quba meydanı və ya bazarbaşı kimi bir yerinə tərəf gedirlər.
Və görürlər ki, orada bir xeyli camaat dövrə çökübdür. Yevropalı güman edir ki, burada mitinq qurulubdur.
"Bizim adam" da yəqin edir ki, burada adam öldürülübdür. İkisi də irəli gəlib baxırlar və əhvalatın nə olduğunu görüb və bilib sonra evlərinə qayıdırlar. Evdə yevropalıdan soruşurlar ki, bazarda nə gördün?
Yevropalı cavab verdi:
- Bu gün müsəlmanlar böyük mitinq qurmuşdular, onların arasında bir nəfər başı çalmalı natiq elə suzinak bir dil ilə nitq söyləyirdi ki, müsəlmanların bir çoxu ağlayırdı, yəni bu natiq müsəlman millətinin cəhalətdə, qəflətdə və geridə qalmalarından söyləyirdi.
Axırda da pul yığmağa başladı.
Yəqin tələbələr sandığı qayırmaq istəyir ki, ali məktəblərdə oxuyan müsəlman tələbələri acından ölməsin və ya məktəbdən qovulmasın.
O da belə cavab verdi:
- Heç, bir nəfər lotu dərviş əvam camaatı başına toplayıb xalqın cibini soyurdu...
İndi biz görürük ki, bu iki sözlərdən yaxşılığa qalanda, yevropaIının sözü yaxşıdır, amma doğruluğa qalanda "bizim adamın" sözü doğrudur, vəssalam!
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 118.
