Zaqatala məsələsi
Zaqatala məsələsi getdikcə ciddiyyət kəsb etdigindən hökumətimiz tərəfindən böyük və xüsusi bir diqqət cəlbinə lüzum hiss edilir.
Azərbaycanın ayrılmaz bir cüzi hesab olunan bu ölkəyə qonşumuz Gürcüstan çoxdan bəridir ki, təmə gözüni dikib bu yerlərdən istifadə etmək arzusu ilə bir taqım məxfi və əlini hərəkətlər icrasından heç də çəkinməgir. Bir neçə vəxt bundan irəli "Qruziya" qəzetəsinin bu ölkəyə mənimsəmək qəsdilə yazmış olduğu məqalələri oxucularımızın xatirində olsa gərəkdir ki, həman qəzetənin bu rəftarı "Azərbaycan" qəzetələrini mübahisəyə girişməyə məcbur etdi.
İndi də Zaqatala məbusi Kiçikxanov cənablarının teleqraflarından anlaşıldığı üzrə gürci əsgəri məmurları Zaqatala daxilinə girib də Gürcüstan mənfəətinə olmaq üzrə bəzi-bəzi təbliğat və təşviqatda bulunub Zaqatala əhaləsini iğfal etməkdədirlər.
Bu vəqə iki həqiqəti isbat edən bir keyfiyyətdir. Bu həqiqətlərin ikisi də mucibi-təəssüf olub ikisinə acınmamaq olmaz.
Bu əsəfamiz həqiqətlərin biri budur ki, gürcü qonşularımız Zaqatalaya qarşi təərrüzkəranə hərəkətlərinə davam etməkdədirlər. İkinci həqiqət dəxi budur ki, Azərbaycan hökumətinin Zaqatala ölkəsindəki idarəsi olduqca zəif və boş bir haldadır. Boylə halki gürcü məmurlarının oralarda təbliğat və təşviqat hiyləsi ilə yayılan hərəkətlərinə mane olacaq qədər qüvvət və müqaviməti yoxdur. Ona görə əgər Zaqatala idarəmiz boylə zəif bir halda qalarsa, gürcü qonşularımız təbii bundan istifadə edib də bilaxirə qolaylığla öz arzularına müvəffəq olarlar.
Gürcüləri Zaqatalaya tərəf həvəsləndirən və təmələrini artıran nədir? Gürcülər Gürcüstanın Zaqatala ilə mərbutiyyətini tarixi dəlillər ilə isbata çalışırlar. Bizcə iş tarix üstündə degildir. Təbii sərvətlərə malik olan Zaqatala ölkəsi Gürcüstan üçün bir növ zəxirə və ərzaq anbarıdır. Yavanlıq taxıl, ipək, tütün və meyvəcatı ilə məşhur olan Zaqatala Gürcüstana böyük əndazədə ərzaq buraxmaqla gürcü qonşularımızı bu yerlərə cəlb edir.
Boylə olan surətdə madam ki bu ölkə ərzaq və zəxirə mənbəidir və bir surətdə ki, buranın əhalisi bir azəri türklər ilə din və milliyətcə qardaş və həmcinsdirlər və bir halda ki, biz də və Zaqatala əhalisi də buraları Azərbaycan toprağının cüz layənfəki ədd etməkdədirlər. Onda bizim borcumuz budur ki, Zaqatala ölkəsini bir tərəfdən gürcü təərrzlərindən qorumaq və digər tərəfdən Azərbaycan mərkəzinə o qədər mərbut etmək ki, bu ölkə məmləkətimizin hər bir surətdə təbii olaraq layənfək bir cüzi mahiyyətini haiz olsun.
Bunun üzrə əvvəla gürcü qonşularımızin Zaqatalaya aid "aqressif’ denilən təərrüzkəranə hərəkatinə bir xitam vermək üçün ciddi tədbir ittixazına girişməli. İkinci olaraq Zaqatala idarəsi işini lüzumi dərəcəsində möhkəmlətməlidir.
Hökumətimizin Zaqatalaya yeni qubernator göndərdigi məlumumuzdur, lakin bu iş zənnimizcə bu növ ilə möhkəm ola bilər ki, Zaqatala ölkəsi dəxi Qarabağ kimi xüsusi bir general-qubernator təhti-idarəsinə verilib məhəlli islahata dair hər bir məsələnin həlli general-qubernatorun yədi-ixtiyarında olsun. General-qubernator və onun əli altında olan ümumpolis məmurları, bəzi-bəzi məhəlli şəraitə görə hələlik, müvəqqəti olaraq yerli əhalidən degil, başqa yerin adamlarından təyin edilsin. General-qubernatorun birinci vəzifəsi, ölkənin hər bir cəhətdən əmn və asayişinə var qüvvətilə çalışmaq olmalıdır, öylə olarsa, Zaqatala əhalisi quldur, qaçaq, əyri, oğrulardan və sərbəst gəzən qatillərdən bugünkü kimi şikayət etməgə səbəb görməz. Can və mallarının hökumət tərəfindən kəmali-diqqət və ciddiyyətlə qorunduğunu müşahidə edənlərin təbiidir ki, qəlblərində hökumətə qarşı etibar və etimad əmələ gələr ki, bu da əhalni mərkəzə mərbut edər və sağa-sola göz tikmək və o yaxşıdır, bu yaxşıdır demək məcburiyyəti aradan götürilər.
Bədə, əmn-amanlıq və asayişi təmin edilməkdə olan əhalinin məişət və güzəranına göz yetirməlidir ki, mümkin olduqca mürəffəhülhal dolanmağa imkanları olsun.
Zaqatala təbii sərvətlərə malik olduğuna görə, bu xüsusda hökumət çox iş görə bilər. Boylə iş ki, ondan hamı yerli əhali, həmi Azərbaycanın sair yerləri və həm də hökumət xəzinəsi bir çox mənfəət görür.
Zaqatalada əmələ gələn şeylərin başlıcaları bunlardır: taxıl, arpa, buğda və peyğəmbəri - qarğıdalı, dügi, ot; meyvəcat; hər növ və ən əlası firəng cinsindən ipək və bunlardan toxunan şeylər: tütün və tənbəki; heyvanat; mal-qara, at, quş, yumurta; yavanlıq: yağ, pendir və sairə.
Zaqatala əhalisi bu məhsulların ehtiyacati-beytiyyə sərfinə lazım olan qədərindən yerdə qalan fəzləsini Gürcüstan ilə Dağıstana satmağa adət etdiklərindən, aralarında bu iki ölkə ilə iqtisadi əlaqə və mərbutiyyət hasil edilmişdir. Deməli, bu fəzlə məhsulatın alıcısı hökumət özü olarsa, o halda maddi mənfəətdən başqa siyasi mənfəət dəxi əmələ gəlib iqtisad cəhətcə biganələrlə əlaqəyə ehtiyac qalmaz.
Zaqatala əhalisinin iqtisad və ticarət işlərinə baxüsus bu halda tezlik ilə xüsusi diqqət yetirmək lazımdır ki, bu ölkədən hasil olan satılıq mal öz əlimizə keçməklə əvvəla yerli əhalinin ticarəti və iqtisadi əmrləri müşkilata düçar olmasın və saniyən biganələr istifadəsinə məhəl qalmiyıb hər bir əlaqə hökumət mərkəzinə tərəf dönsün. Və bir də Zaqataladan hasil edilən şeylərin hamısına Azərbaycan əhalisinə ehtiyacı vardır. Oylə olduğu surətdə məsələ nədən ötri Zaqatala tütün və tənbəkinin müştərisi gürcü olsun ki, sonra biz də həman tütünü ikinci əldən olmaq üzrə gürcülərdən alaq? Həmçinin ipək, meyvəcat və sairə.
Əlqərəz, Zaqatala ölkəsinə xüsusi bir diqqət yetirib həmcins və həmdinlərimizlə məskun olan bu zəngin ölkəni özümüzə mümkün dərəcədə sıxı olaraq mərbut etmək lazımdır, vəilla buranın nə idarə işinə və nə iqtisadi məsələlərinə qulaq asmayıb da işi zaqatalalıların yalnız bir hissiyat və təəssübi iqtizatə həvalə edərsək, məişət və güzəran tələbatı həman iqtizatə qalib gəlib nəticədə qeyr-məmul hadisələr zühuri qarşısında qalarıq ki, töhməti də bizə aid olar.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 134-136.
