Üzeyir Hacıbəyli

Ordan-burdan

Keçən səfər rəqiflərimiz ilə mübahisə edirdik. Onlardan biri oxumamış bir cavan idi, amma çox huşyar və böyük qabiliyyət sahibi görünürdü. Mən çox heyfsləndim və dedim:
- Əgər sən oxumuş olsaydın, çox ola bilsin ki, səndən böyük bir alim çıxar idi.
Cavan atasından şikayət etdi və əz cümlə bunu dedi: "Siz ki qəzetədə camaatı elm kəsbinə çağırırsınız və elmin yaxşılığından o cürlə danışırsınız ki, insan sözlərinizə inanmaya bilməyir. Çünki dəlilləriniz o qədər möhkəmdir ki, onun qabağına heç bir söz demək olmur. Məsələn, sair tayfalar bizdən xoşbəxt və xoşvəxt ömür sürürlər, çünki elm sahibidirlər, amma biz müsəlmanların məişət və güzəranı hər bir barədə ağır keçir, başımıza min fəlakətlər gəlir, çünki elmimiz yoxdur. Amma bəz vaxt mən şəkk və şübhə arasında qalıram. Çünki görürəm ki, bizim bir çox oxumuşlarımız, kurs qurtarmışlarımız öylə pis-pis işlər görürlər ki, mən bu elmsizlik ilə onu özümə rəva görmürəm və bundan başqa, məsələn, sən elm sahibisən, amma mən elmi sizəm, halbuki mən səndən varlıyam və çox ola bilsin ki, güzəranım da səndən rahatdır. Bunlara sözün nədir?"
Dedim, sənin ikinci sualının cavabı çox asandır. Əvvəlinci sualına da bir qədər uzun cavab lazımdır. İkinci sualının cavabı - Əgər bu cüzi elmi də mən qazanmasaydım, onda acından ölənin biri idim. Çünki əvvəldən sənin kimi heç bir dövlətə malik deyil idim. Amma bu cüzi elm mənə bir ruzi qapısı açdı.
Keçək əvvəlki suala. Pəs, deyirsən ki, madam ki, elm insanı insan eylər, bəs nə üçün bizim bir çox elm oxumuşlarımızdan insana layiq olmayan hərəkətlər baş verir? Belədirmi?
- Belədir! Buna təəccüb edirəm ki, bir işkolda, bir müəllimin əlindən çıxmış olan rus, gürcü, doğrudan da siz dediyiniz kimi insan olur, amma onlar ilə bir yerdə çıxmış müsəlman haman əvvəlki xasiyyətində baqi qalır. Pəs, görünür, onda bizim qanımız xarabdır? Nədir?
- Nə qanımız xarabdır, nə ətimiz!
- Bəs nədir?
- Qulaq as, gürcü ya rus yeddi yaşına qədər işkola getmir, qalır öz evlərində. Müsəlman uşağı dəxi yeddi, səkkiz, hətta doqquz və on yaşına qədər işkola getməyib evdə qalır. İndi görək gürcü, rus uşağı evdə nə qayırır, müsəlman uşağı nə qayırır. Gürcü, rus uşağı evdə oxumuş elmli anası tərbiyə edir, vaxtında yatdırır, təmiz havalarda gəzməyə aparır. Ruha və cana qüvvət verən "oyuncaqlar" alıb uşağı məşğul edir. O uşağın qulağı bircə dana da pis ləfz eşitməyir; eşitdiyi nədir? Ruh və bədəni tərbiyə edən gözəl musiqi, böyük "pedaqoq"lar tərəfindən uşaqlar üçün - tərbiyə mülahizəsilə yazılmış şirin hekayətlər, atası ilə anasının dustanə söhbətləri, ədəbli qonaqların əziz danışığı. Uşağın gözü tərbiyəni pozan bir pis şey görməyir. Nə görür? Divarlarda ruhəfza şəkillər, gözəl şəkilli jurnallar, yaxşı güllər, çiçəklər, dörd ətrafında təmizlik və sairə. Çox vaxt anaları uşaqlarını "sinamotoqraf’lara aparıb göstərilən şəkilləri onlara qandırırlar.
- Neçə gün bundan əvvəl "sinamotoqraf’da Osmanlı inqilabına dair şəkillər göstərilirdi. Mən tamaşa edərkən eşitdim ki, arxa tərəfdə bir xanım iki nəfər uşağını yanına alıb şəkli göründükcə Osmanlı inqilabını başdan-başa onlara nəql edir. Heç bulvara çıxırsanmı? Görürsənmi əcnəbi balaları necə oynayırlar, gülürlər. Həmi ruhları ləzzət çəkir, həm də bədənləri qüvvət tapır.
Amma bizim uşaqlar?! Allah göstərməsin. Eşitdikləri söz-söyüş, qarğış, murdar sözlər, gördükləri pis-pis işlər, ətrafı natəmiz, oynadığı yer tozlu-torpaqlı, küçə oyuncaqları da pişik boğmaq, it döymək, siçan nöfütləyib od vurmaq... Belə ki, uşaq işkola, ya məktəbə girincə evi yıxılır, kökündən tərbiyəsi pis olduğuna görə də sonradan pis-pis əmələ sahibi olur...
Budur bizim bədbəxtliyimizin ümdə səbəbi, yoxsa nə qanımız xarabdır, nə sümüyümüz...
Müsahibim razı oldu və şübhədən azad olduğuna görə çox sevindi.

                                                                                                                                                Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 107-109.