Üzeyir Hacıbəyli

"Arşın mal alan"ın dünya şöhrəti

 

Dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası bir əsrdən çoxdur ki, dünya ekranlarını və səhnələrini gəzir. Operetta dünyanın 80 dilinə, o cümlədən fransız, alman, polyak, ingilis, ərəb, fars, çin, gürcü, bolqar, ukrain, belorus və sair dillərə çevrilir. Musiqili komediya 76 ölkənin 187 teatrında, Nyu-York, Paris, London, Sofiya, Berlin, İstanbul, Tehran, Qahirə, Varşava və Pekin kimi şəhərlərdə nümayiş etdirilir. “Arşın mal alan”  ABŞ-nin 13 ştatında, Gürcüstanın 16, Bolqarıstanın 17, Polşanın 17 (1500 dəfə), Rusiyanın 28, Çinin 8 şəhərində oynanılır.

“Arşın mal alan” musiqi komediyası əsasında bir neçə dəfə bədii filmlər çəkilmişdir. İlk dəfə 1916-cı ildə Piron qardaşlarının “Film” səhmdar cəmiyyətinin təşəbbüsü ilə rejisor B.Svetlov tərəfindən çəkilmişdir. Əsgər rolunda H.Sarabski, Gülçöhrə rolunda Ə.Ağdamski, Süleyman bəy rolunda M.Əliyev, Soltan bəy  rolunda isə Ə.Hüseynzadə ifa etmişlər. Film səssiz olduğundan onu xalq çalğı alətləri müşayiət edir, C.Qaryağdı oğlu və s. xanəndələr musiqili komediyadan ariyalar səsləndirmişlər. 

1917-ci ildə Peterburqdan gəlmiş Q.Belyakov “Arşin Mal alan”-ı yenidən ekranlaşdırdı. Lakin o, əsəri ekranlaşdırarkən müəlliflə məsləhətləşməmiş, ondan icazə belə almamışdı. Film 1917-ci il aprelin 20-də ekrana buraxılmış və cəmi 2 gün nümayiş etdirilmişdi. Həvəskar aktyorların iştirakı ilə çəkilmiş bu film çox zəif alınmış və Hacıbəyovun təkidi ilə ekrandan çıxarılmışdı. 1937-ci ildə “Arşin Mal alan” ABŞ-da erməni əsilli rejisor R.Mamulyan tərəfindən ekranlaşdırılmış, lakin filmdə Hacıbəyovun adı göstərilməmişdir. Çox maraqlıdır ki, 1943-cü ildə müttəfiq dövlətlərin Tehran Konfransında iştirak edən Stalin burada R.Mamulyanın ermənilərin adına çıxdığı filmi görərək hiddətlənmiş, ağır müharibə şəraitinə baxmayaraq, təcili olaraq Azərbaycanda Üzeyir bəyin iştirakı ilə "Arşın mal alan" filminin çəkilişinə başlamaq haqda göstəriş vermişdir. 

1945-ci ildə Bakı kinostudiyasında (indiki “Azərbaycan-film”) çəkilmiş ağ-qara, musiqili film dünyada geniş şöhrət qazandı. Ssenari müəllifi Sabit Rəhman, quruluşçu rejissorlar R.Təhmasib və N.Leşşenko, operatorlar Ə.Atakişiyev və M.Dadaşov, musiqi redaktoru Niyazi idi. 

Baş rollarda R.Behbudov (Əsgər) L.Cavanşirova (Gülçöhrə), Ə.Hüseynzadə (Soltan bəy), M.Kələntərli (Cahan xala), L.Abdullayev (Vəli), İ.Əfəndiyev (Süleyman bəy), F.Mehrəliyeva (Telli) və b. çəkilmişdir. “Arşin Mal alan” filminə görə Ü.Hacıbəyov, R.Təhmasib, N.Leşşenko, R.Behbudov, L.Cavanşirova (Bədirbəyli), Ə.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev 1946-cı ildə Stalin mükafatına layiq görülmüşlər. Üzeyir bəyə "Koroğlu" operasına və "Arşın mal alan" filminə görə iki dəfə Stalin (Dövlət) mükafatı ( 1941; 1946) verilmişdir...

1965-ci ildə “Arşin Mal alan” musiqili komediyası Bakıda yenidən ekranlaşdırılmışdır. Bu rəngli musiqili filmin rejissoru T.Tağızadə, ssenari müəllifləri M.Dadaşov və T.Tağızadə, musiqi redaktoru F.Əmirov idi. Əsas rolları H.Məmmədov (Əsgər ), L.Şıxlinskaya (Gülçöhrə), H.Yagizarov (Süleyman bəy), N.Məlikova (Cahan xala), X.Hacıyeva (Asya), S.İbrahimova(Telli) canlandırmışlar.

1959-cu ildə “Arşın mal alan” operettası ilk dəfə Pekində Tyançyao teatrının səhnəsində çin dilində tamaşaya qoyulmuş, Çinin paytaxtında tamaşaya qoyulan ilk xarici operetta olmuşdur. Çin Milli Operası bu əsəri ölkənin müxtəlif şəhərlərində 300 dəfədən çox nümayiş etdirib. Mao Tszedunun şəxsi sifarişi ilə “Arşın mal alan” filminin Çin versiyası da çəkilmiş və bu musiqili komediyanın Çin dilində diski buraxılmışdır. 2010-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Çin Milli Operası “Arşın mal alan” operettasının növbəti tamaşasını nümayiş etdirib.

1972-ci ildə "Melodiya" firması musiqili komediyanın rus, türk və fars dillərində qrammofon yazısını yaradır. 

2006-cı il sentyabr ayının 27-də dünya musiqisinin mərkəzi sayılan Avstriyanın paytaxtı Vyana şəhərində ifa edilmişdir. Avstriyalı sənətçi Maykl Şnak da elə ilk tanışlıqdan əsərin musiqisinə heyran olmuş və onu Vyananın Kamera-Opera Teatrında səhnəyə qoymaq qərarına gəlmişdir. Ona bu işdə görkəmli Azərbaycan musiqiçisi, professor Fərhad Bədəlbəyli kömək etmişdir. Quruluşçu rejissor və dirijor M.Şnak Üzeyir musiqisinin bir notuna belə toxunmadan əsəri müasir quruluşda tamaşaya qoymuşdur. Onun quruluşunda ifaçılar, kələğayını çıxmaq şərtilə, əsasən müasir geyimlərdə səhnəyə çıxırlar. Tamaşanın ən maraqlı xüsusiyyətlərindən biri, bəlkə də ən başlıcası odur ki, ifaçılar, nəinki bir teatrın, hətta bir ölkənin belə aktyorları deyillər. Onlar müxtəlif ölkələrdən dəvət olunmuşlar: Gülçöhrə - Aişə Lindsey (ABŞ), Əsgər - Ramin Dustdar, Soltan bəy - Jan-jak Russo (Belçika), Cahan xala - Muriell Ştadelman (Fransa), Asya - Coana Luto (Kanada), Telli - Kaoko Amano (Yaponiya), Vəli - Volfranq Saeler (Almaniya). Musiqiçilər isə Slovakiyadandırlar. 

Tamaşanın gözəlliklərindən biri də orkestrin tərkibində azərbaycanlı tarzən Vüsal İskəndər-zadənin iştirakıdır.

Tamaşaya birinci gün quruluşçu-rejissor Maykl Şnak, ikinci gün isə azərbaycanlı Azad Əliyev dirijorluq etmişdir.

“Arşın mal alan”ın Vyanada ilk tamaşası günü daha bir əlamətdar hadisə baş vermişdir. Dünya musiqisinin beşiyi Avstriyanın paytaxtında 2006-cı il sentyabrın 27-də Üzeyir bəyin heykəlinin açılışı olmuşdur.

2013-cü ildə əsərin  100 illik yübileyi münasibəti ilə ABŞ-da Los-Anceles şəhərində, dünyanın ən böyük və məşhur “Dorothy Chandler Pavilion”  opera teatrının səhnəsində "Arşın mal alan" operettası böyük uğurla nümayiş etdirilib.  Tamaşada 3000-dən çox tamaşaçı iştirak edib. Tamaşa “Arşın mal alan”ın ingilisdilli məkanda, xüsusilə də ABŞ-da bu miqyasda və formada ilk səhnələşdirilməsidir.

Operettanın prodüseri amerikalı bəstəkar və prodüser Maykl Şnak, rolların ifaçıları ABŞ-ın tanınmış opera müğənniləridir. Operettanın mahnıları Azərbaycan dilində ifa edilib, dialoqları isə ingilis dilində aparılıb. Los-Ancelesdə fəaliyyət göstərən nüfuzlu Hollivud orkestri operettanın musiqisini yüksək ustalıqla ifa edib. Tamaşanın son toy səhnəsində ifaçılar səhnəyə Azərbaycan milli geyimlərində çıxıb. Toy səhnəsinin arxa fonunda isə Azərbaycan musiqisinin beşiyi Şuşa şəhərinin qala qapılarının, Qarabağın müxtəlif tarixi abidələrinin və təbiətinin görüntüləri əks olunub.